Dr. Özgür Bolatla təhsildə yeni çağırışlardan danışılacaq

5 fevral saat 19:00-da "Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olacaq. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində baş tutacaq görüşü qeyd edilən vaxtda Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

 

Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat ilə rəhbəri və icraçısı olduğu “Lider müəllimlər”,“Özünə inam” və "Google" ilə “Rəqəmsal valideynlik” kimi layihələr, "İstedadı İdarəetmə Testi",  "Parentwiser" mobil tətbiqi haqqında da  danışılacaq.

 

Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən ( https://www.facebook.com/tnetwork.az  ) tanış ola bilərsiniz.

 

 

 



05.02.2021 | 15:39