Dövlət Proqramı təqaüdçüsünün uğuru

Böyük Britaniyanın nüfuzlu Esseks Universiteti özünün rəsmi səhifəsində azərbaycanlı tələbəsinin uğur hekayəsini paylaşıb. Söhbət “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Britaniyanın Esseks Universitetini bitirmiş Nərmin Axundovadan  (Abbasovadan) gedir.

 

Esseks Universitetinin saytı www.essex.ac.uk  xəbər verir ki, Nərmin Axundova “Study UK Alumni Awards” müsabiqəsinin finalına vəsiqə qazanıb. Bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Saytın məlumatına əsasən, 2015-ci ildə Esseks Universitetinin Biologiya Elmləri Məktəbini “Molekulyar tibb” ixtisası üzrə magistr dərəcəsi ilə bitirən N.Axundovanın daxil olduğu AQTİ-nin bir qrup əməkdaşı tərəfindən aparılmış tədqiqat işi yüksək qiymətləndirilib və qanunvericiliyə salınıb.

 

“Bu gün Azərbaycana idxal olunan bütün enerji içkiləri qanunvericiliyə uyğun olaraq tələblərə cavab verməlidir və biz onun antisedativ effektini aşkar etdikdən sonra Azərbaycanda 18 yaşdan kiçik şəxslərə enerji içkilərinin satılması qadağandır”, - deyə Nərmin sayta bildirib.

 

“Alumni Awards” mükafatı öz peşəkar, nümunəvi fəaliyyəti və uğurları sayəsində öz nailiyyətlərinin təsirini və miqyasını göstərə bilən Böyük Britaniyadan olan məzunlara verilir. Nərmin sayta müsahibəsində Esseksdəki təhsilini “həyatı dəyişən təcrübə” kimi təsvir edib.

 

“Dünyanın aparıcı alimləri ilə görüşmək, yaxşı təchiz olunmuş laboratoriyalarda işləmək, yeni insanlarla tanış olmaq və müxtəlif ölkələrdən dostlar tapmaq imkanım olub”, - deyə o, əlavə edib.

 

Məlumatda qeyd olunur ki, Esseks Universitetini bitirdikdən sonra Nərmin bioloji proseslərin molekulyar əsaslarını araşdırmaq üçün molekulyar tibb sahəsində karyerasını davam etdirmək qərarına gəlib. Enerji içkilərinə dair innovativ tədqiqatları onun bu sahədə aparıcı mütəxəssis olmasına səbəb olub. Onun son işi bir neçə təşkilatla əməkdaşlıqla hazırladığı ərzaq təhlükəsizliyi ilə bağlı layihənin həyata keçirilməsi idi. Bu layihə aşağı gəlirli ailələr üçün bir sıra qida məhsullarını daha əlverişli və qida tullantılarının azalacağını vəd edir.

 

“Böyük Britaniyada təhsil məni müstəqil tədqiqatçı kimi formalaşdırdı və elmi ictimaiyyətdə ünsiyyət dairəmi genişləndirməyə kömək etdi”, - deyə Nərmin bildirir. “Essex Universiteti məni daha yaxşı, daha güclü, intellektual və qətiyyətli bir tədqiqatçıya çevirdi. Bu, mənə tənqidi düşüncəni inkişaf etdirməyə, müstəqil tədqiqatların imkanlarını genişləndirməyə və müvəffəqiyyətimə səbəb olan müasir nəzəri və praktiki bacarıq və bilik əldə etməyə kömək etdi”, - deyə gənc tədqiqatçı vurğulayır.

 

Əlbəttə, həmvətənimiz barədə Essex Universitetində yazının dərc olunması çox sevindirici haldır. Nərminə elmi tədqiqatlarında bol uğurlar arzulayırıq.

 

https://www.essex.ac.uk/news/2021/01/14/graduate-narmin-shortlisted-for-study-uk-alumni-award

 

Oruc MUSTAFAYEV

 

 



05.02.2021 | 13:02