ADA Universitetinin 53 tələbəsi xarici universitetlərdə təhsil alacaq

ADA Universitetinin 53 bakalavr tələbəsi ixtisasları üzrə mübadilə proqramında iştirak edərək, yaz semestrində 15 müxtəlif ölkədə yerləşən universitetlərdə təhsil alacaqlar.

 

Universitetdən AZƏRTAC-a bildirilib ki, onların təhsil alacaqları universitetlər siyahısına İtaliya, Fransa, Almaniya, Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Macarıstan, Çexiya və digər ölkələrin ADA Universiteti ilə tədris mübadiləsi haqqında anlaşma memorandumu imzalamış 21 universitet daxildir.

 

Biznes fakültəsinin 21, Beynəlxalq Münasibətlər fakültəsinin 16, İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin 16 tələbəsi təhsil mübadiləsindən faydalanacaq tələbələr sırasındadır. Tələbələrdən 13-ü Erasmus+ proqramı təqaüdçüsüdür. Onlar müvafiq akademik göstəricilər nümayiş etdirməklə və seçim mərhələsindən keçməklə mübadilə proqramına seçiliblər.

 

Qeyd edək ki, ötən il 13 yeni universitetlə təhsil sahəsində razılaşma imzalayan ADA Universitetinin beynəlxalq akademik tərəfdaşlarının ümumi sayı hazırda 98-dir. Tələbələrin beynəlxalq təhsil mühitində təcrübə qazanmalarını dəstəkləyən universitet bu il də akademik tərəfdaşların sayını artırmağı planlaşdırır.

 

 



04.02.2021 | 16:11