Paytaxt məktəblərində davamiyyət 95 faiz təşkil edir | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət 95 faiz təşkil edir.
Məlum olduğu kimi, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Keçən müddət ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVİD-19) aşkar olunub. 2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.
İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.
İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.
|
|
03.02.2021 | 17:02 | |
|
|
|