Gənc startapçı:” Prezident mükafatı məni daha da məsuliyyətli olmağa çağırır”

Məlumdur ki,  Prezident İlham Əliyev  2 Fevral - Gənclər Günü ilə əlaqədar bir qrup şəxsi Gənclər üçün Prezident mükafatı ilə təltif edib. Onların arasında son illər Azərbaycanda  və xarici ölkələrdə keçirilən bir sıra startap masabiqələrinin, elm yarışlarının qaliblərindən olan Zəhra Qasımzadə də var.

 

Gənc startapçı Prezident mükafatına layiq görülməsi barədə təəssüratlarını bölüşüb: 

 

- Mükafata layiq görüldüyüm üçün sevinirəm və buna görə cənab Prezidentə çox minnətdaram. Təhsil aldığım məktəblər, müəllimlərim, mentorlarım, ətrafımdakı çalışqan və əzmkar insanlara da təşəkkür edirəm. Qeyd etməliyəm ki, "Click Energy" layihəsinin inkişaf etdirilməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Biznes İnkubasiya Mərkəzindən inkubasiya xidmətləri alırdım (2019). Bu xidmətlər nəinki startapımızın inkişaf etdirilməsində, eləcə də şəxsi və peşəkar inkişafımda da ciddi rol oynadı. Ona görə də Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyi və bütün kollektivinə minnətdaram. 
Vurğulamaq istərəm ki, bu mükafat məni daha da məsuliyyətli olmağa çağırır. Həqiqətən böyük və ciddi məsuliyyətdir. Mən bunu yaxşı başa düşürəm. Anlayıram ki, güclü Azərbaycan üçün daha çox çalışmalı və bu yüksək adın dəyərinə layiq formada özümü daha da inkişaf etdirməliyəm.
 

Qeyd edək ki, Zəhra Qasımzadə 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-2016-cı illərdə Sumqayıt şəhəri Nizami Gəncəvi adına Təbiət və Texniki Elmlər Liseyində (I-VII siniflər),  2016-2020-ci illərdə isə akademik Zərifə Əliyeva adına Liseydə (VIII-XI siniflər) təhsil alıb. 

 

2020-ci ildə Türkiyə Cümhuriyyəti Özyeğin Universitetinin Biznesin idarə edilməsi ixtisasına (ingilis dili bölməsində, 85% təqaüdlə) qəbul olub. Hazırda həmin universitetin I kursunda təhsil alır.

 

Z.Qasımzadə yerli və qlobal bazarda uğur qazanmış bir neçə startapın həmtəsisçisidir. 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” VIII Respublika Müsabiqəsində finala vəsiqə qazanıb.
   

Dünyanın ən böyük təmiz texnologiya startap akselerasiya proqramı olan “ClimateLaunchPad”ın region üzrə 2020-ci ildə 1-ci yerin qalibi və Niderlandın Amsterdam şəhərində keçirilmiş “ClimateLaunchPad”ın dünya finalçısı olub.  Beynəlxalq “GENIUS” olimpiadasında biznes kateqoriyası üzrə finala vəsiqə qazanıb və 20 min ABŞ dolları dəyərində mükafata (universitetdə təhsil təqaüdünə) layiq görülüb.

 

Asiyanın ən böyük elm və texnologiya festivalı olan “TECHFEST, IIT BOMBAY ASIA” proqramında 3-cü yeri qazanıb.  Dünyanın ən yaxşı universitetlərindən biri olan YaleUniversitetində (ABŞ) təşkil olunan Elm və Mühəndislik sərgisində (“The Yale Science and Engineering Association”) ən çox fərqlənən layihə müəlliflərindən biri olub.  2019-cu ildə onun layihəsi “The Create the Future Design Contest” proqramında dünya üzrə ən yaxşı 100 layihədən biri seçilib.
 

Oruc MUSTAFAYEV



03.02.2021 | 10:46