Təhsil naziri gənc müəllimlərlə görüşüb | |
Fevralın 2-də təhsil naziri Emin Əmrullayev gənc müəllimlərlə onlayn formatda görüş keçirib.
2 Fevral – Gənclər Günü münasibətilə təşkil edilən görüşdə ölkəmizin ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bir qrup gənc müəllim iştirak edib.
Təhsil naziri 2 Fevral - Gənclər Gününün tarixinə toxunaraq bildirib ki, əsası ümummilli liderimiz tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir qeyd edib ki, gənclərimiz 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq və igidlik nümunəsi göstərdi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi.
Emin Əmrullayev son illər gənclər arasında müəllim peşəsinə maraq artdığını vurğulayaraq gənc müəllimlərin təhsilimizin inkişafındakı rolundan söz açıb və qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.
Nazir sonda gənc müəllimləri 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edib, onların hər birinə Azərbaycanın sabahı, uğurlu gələcəyi naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra görüşdə iştirak edən gənc müəllimlər fikirlərini bölüşüb və təhsilin inkişafına verə biləcəkləri töhfədən danışıblar.
|
|
02.02.2021 | 18:08 | |
|
|
|