Sağlam düşüncəli, vətənpərvər, millətini sevən gənclik

Naxçıvan Dövlət Universitetində (NDU) 2 fevral - Gənclər Gününə həsr olunan tədbir Ulu öndər Heydər Əliyevin “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir” sözlərinin devizi olaraq başlayıb. 

 

Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Rektorun sözlərinə görə, dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan gəncləri bu gün ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

 

E.İsayev 2020-2021-ci tədris ilində NDU-ya 32 gənc müəllimin işə qəbul edilməsini də bu sahədə görülən işlərin məntiqi davamı və gənclərə göstərilən yüksək etimadın nümunəsi kimi qiymətləndirib.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, muxtar respublikada gənclərin yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir. 

 

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov “Gənclər təşkilatları dövlət gənclər siyasətinin əsas istiqaməti kimi” adlı çıxışında  qeyd edib ki, bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli yer tutmalarının təmin olunması, milli adət-ənənələrə, dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.  Gənclər də onlara göstərilən hər bir qayğını dərindən dərk etməli, cəmiyyətin ən layiqli təbəqəsi kimi formalaşmalı, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafında potensial imkanlarını səfərbər etməlidirlər.

 



02.02.2021 | 13:49