SDU-da Xocalı soyqırımının 26-cı ildönümü qeyd edildi | |
Fevralın 23-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışaraq Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd etdi. Rektor Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğını tarixdə misli-bərabəri olmayan faciə adlandıraraq bu qətliamın bütövlükdə bəşəriyyətə və insanlığa qarşı bir cinayət olduğunu bildirdi. Qeyd etdi ki, ümumiyyətlə ermənilər tarix boyu “Böyük Ermənistan” yaratmaq xülyası ilə torpağımızı dəfələrlə etnik təmizləmə siyasətinə məruz qoyublar. Rektor ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində əhəmiyyətli tədbirlərin reallaşdırıldığını diqqətə çatdıraraq bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, bu məqsədlə xarici ölkələrdə tədbirlər, sərgilər təşkil olunur, müxtəlif dillərdə bukletlər və kitablar nəşr etdirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini də vurğulad. Professor Elxan Hüseynov Xocalı soyqırımından 26 il keçməsinə baxmayaraq hələ də səbəbkarların cəzalandırılmamasını, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsini tarixi ədalətsizlik kimi qiymətləndirdi. Bildirdi ki, Azərbaycanın siyasi-iqtisadi qüdrəti artdıqca ölkəmizin haqq səsinə cavab verən və Xocalı soyqırımını tanıyan dövlətlərin də sayının ildən-ilə çoxaldığını qeyd edən rektor işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına ümidvar olduğunu bildirdi. Tədbirdə Xocalı sakini, faciənin şahidi Aydın Əliyev çıxış edərək bildirdi ki, şəhərin digər sakinləri kimi onun da ailə üzvləri, yaxın qohumları o müdhiş gecə erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qalıblar.Yalnız təsadüf nəticəsində sağ çıxdığını deyən A.Əliyev bu faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini vurğuladı. Tədbir tələbələrin hazırladığı Xocalı hadisələrini əks etdirən “Gözü yolda Xocalım” adlı ədəbi-bədii kompozisiya ilə sona çatdı. |
|
26.02.2018 | 17:30 | |
|
|
|