Coğrafiyaçılar ətraf mühit problemlərinin insan sağlamlığına zərərini araşdırır | |
Ümumdünya Səhiyyə Təşkilatının qənaətinə görə, avtonəqliyyat vasitələrinin yaratdığı səs-küy problemi insan orqanizmində çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, diqqət və yaddaşın zəifləməsini yaradan, normal istirahət və orqanizmin müqavimət gücünü bərpa etməyə mane olan əsas amillərdən biridir. Bəzi ölkələrdə aparılan tədqiqatlara görə, bu səbəblərdən insan ömrünün orta hesabla 10-12 il azaldığı məlum olub.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları Sumqayıt şəhərində avtonəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsir xüsusiyyətlərinə dair tədqiqat işləri aparırlar.
Tədqiqatlar zamanı şəhərin daha intensiv III və IV dərəcəli küçələrinin, daha dəqiq desək, üç xarakterik hissəsinin 0,10 və 20 metr məsafəliyində nəqliyyatın gur vaxtında müvafiq müşahidə məntəqələri seçilib. Səs-küyün diapazonu üzərində “SVAN 947” cihazı vasitəsi ilə ölçmələr aparılıb, orta rəqəmlər əldə edilib.
Müşahidələr zamanı əldə edilən yetmişdən artıq kartotekanın emalının nəticəsi kimi şəhərin bəzi, o cümlədən, Sülh, Bakı və Koroğlu küçələrinin müxtəlif məntəqələrinin “0” nöqtəsində səs-küy miqdarının normadan orta hesabla 10 dB artıq olması təyin edilib. 10 metrlik məsafə göstəriciləri isə Sülh küçəsinin bəzi məntəqələrində normadan orta hesabla cəmi 5 dB artıq olub.
İnsan sağlamlığının vacibliyi nəzərə alınaraq, institutun əməkdaşları tərəfindən problemin paytaxt Bakı daxil olmaqla, digər iri şəhərlərdə də araşdırılması planlaşdırılır.
Bu barədə Coğrafiya İnstitutundan bildirilib.
|
|
01.02.2021 | 13:34 | |
|
|
|