Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyası başa çatıb

Naxçıvan Dövlət Universitetində (NDU) 2020-2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

 

NDU-dan bildirilib ki, imtahanlar gün ərzində 100 qrup olmaqla, 1600 tələbənin iştirakı ilə keçirilib. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı,  ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər.

 

Xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanlar şifahi qaydada keçirilib. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində təşkil olunub.  Universitetin rektoru Elbrus İsayev imtahanların gedişi prosesində iştirak edib,  tələbələrin arzu və təkliflərini öyrənib.

 

Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.

 

Qeyd edilib ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırıb. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilib.  

 

Məlumat üçün  bildirilib ki, tələbələr universitetin elektron səhifəsində yerləşdirilən linkdən itifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər, universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamanda səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rəhbərliyə ünvanlaması yaradılan obyektiv şəraitin konkret nümunəsidir.

 

İmtahanlarda bir yenilik də ondan ibarət olub ki, memarlıq və mühəndislik fakültəsində elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.

 



01.02.2021 | 12:14