“Tədrisin ənənəvi formasının bərpası”

Fevral ayının 1-dən, yəni növbəti həftədən məktəblərin qapıları açılacaq, siniflər yenidən dolub boşalacaq. Ancaq hamısı yox. Məktəbəhazırlıq və ibtidai sinif şagirdləri həftənin bəzi günlərində qruplarla müəllimlərindən üzbəüz dərs alacaqlar. Ancaq bu, koronavirusla mübarizənin bitdiyi, artıq tam açılmalar ərəfəsində olduğumuz anlamına gəlmir. Bərpadan sonra da COVID-19-a yoluxma halları ilə qarşılaşma riski davam edir. Gözlənilən odur ki, hazırlıqlara baxmayaraq, sinif üzrə yoluxma halı baş verərsə, həmin sinif, məktəb üzrə yoluxma zamanı məktəb distant tədris formasına qayıda bilər.

 

Hələlik qərar belədir ki, fevralın 1-də tədrisin bərpası ilə bağlı şəhərdaxili hərəkətlilik artacaq. Əgər 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflər üçün tədrisin bərpası ləngiyəcək. Amma say kritik həddə çatmasa, açılma davam edəcək. Bir sözlə, yoluxma ilə bağlı görüləcək tədbir onun miqyasından asılı olacaq. Bu da o deməkdir ki, hələ uzun müddət dərslərimizi televiziya, kompüter və ya mobil qurğular vasitəsilə öyrənməyə davam edəcəyimiz ehtimalı qüvvədədir.

 

Təhsilə media dəstəyi

 

“Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda çıxış edən Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu  pandemiya dövründə təhsilə media dəstəyindən danışarkən nümunə gətirdiyi təcrübələr əsasında bu fikri müdafiə edib. Onun sözlərinə görə, bu prosesdə mətbuat kifayət qədər həlledici rol oynaya bilər. O, ABŞ-da yaranan və artıq 52 yaşı olan maraqlı bir təşəbbüsə diqqət çəkib: “Sezam küçəsi” layihəsində məktəbəqədər təhsili bütün uşaqlar üçün əlçatan etmək məqsədilə televiziyanın imkanlarından istifadə etdilər. Veriliş yarananda onun təşəbbüskarları da əmin deyildi ki, uşaqlar televizordan öyrənə bilər. Bu layihə uğur qazandı və uşaqlara yalnız akademik biliklərin əsası deyil, həm də sosial-emosional bacarıqlar, davranış və ünsiyyət qaydaları, inklüziya mədəniyyəti və s. təklif edildi. Sonradan verilişin hazırlanmasına  metodistlər, psixoloqlar qoşuldular. Onlar məhz bu şouda, sadəcə müşahidə etməklə uşaqların öyrənməsində kuklaların rənginin, ölçüsünün belə nə qədər rol oynadığını müəyyənləşdirdilər”.

 

“Elmlə televiziyanın imkanlarının birləşməsi “Sezam küçəsi”ni böyük öyrədici platformaya çevirdi”, - deyən Vəfa Yaqublu  təhsilin və öyrənmənin vacibliyini vurğulayıb. Onun fikrincə, mətbuatda məhz bu istiqamətdə yazılara, verilişlərə ehtiyac var. O, insanları öyrənməyə təşviq etməyə yönələn veriliş və yazılar hazırlamağı tövsiyə edib: “Yaxşı nümunələri təqdim etmək lazımdır. Bu yolla yaxşıların sayı çoxalar”.

 

YUNESKO-nun əlamətdar günlər təqvimində təhsillə bağlı 5 gün olduğunu vurğulayan şöbə müdirinin fikrincə, bu, ictimaiyyətə çağırış etmək üçün rupordur. Lakin çağırış edərkən də diqqətli olmaq lazımdır. Fikirlərimizi dediklərimizə, dediklərimizi sözə çevirərkən seçdiyimiz ifadələr doğru olmazsa, dediklərimizdən və düşündüklərimizdən tamamilə fərqli nəticə ortaya çıxa bilər. Bunun da jurnalist fəaliyyətində əhəmiyyəti xüsusilə böyükdür. İndi biliyin gizlədildiyi yox, əlçatan olduğu dövrdür. İnsanları bu əlçatanlıqdan yararlanmağa çağırmaq lazımdır ki, nəticədə həyat keyfiyyəti yüksəlsin.

 

274 Bakı məktəbi tədrisi bərpa etməyə hazırdır

 

Jurnalistlərin və bəzi rayonların təhsil şəbələrinin müdirlərinin iştirakı ilə keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva tədrisin ənənəvi formasının bərpası prosesində mövcud olan təcrübədən, həyata keçirilməsi planlaşdırılan işlərdən, bu prosesdə tətbiq ediləcək qaydalardan və mövcud vəziyyətdə mediadan gözləntilərdən danışıb. O məlumat verib ki, fevralın 1-dən 274 Bakı məktəbində 1092 sinifdə  27122 uşaq məktəbəqədər təhsilə başlayacaq. 44904 şagird I-IV sinifdə əyani tədrisə davam edəcək. Onların gəlişinə təhsil müəssisələrinin tam hazır olduğunu vurğulayan M.Vəliyeva həmin uşaqlarla birlikdə məktəbə gəlib-gedən valideynləri də diqqətli olmağa, mövcud vəziyyət və karantin rejiminin qaydalarına uyğun davranmağa çağırıb. O bildirib ki, mövcud vəziyyətdə hibrid tədris forması bərpa ediləcəyi üçün hazırlıqlar buna uyğun aparılıb. Məktəblərdə mərkəzləşdirilmiş qaydada dezinfeksiya işlərinə başlanılıb. Bundan başqa, istilik sistemi ilə bağlı mövcud vəziyyətin öyənilməsi üçün monitorinqlər keçirilib. Hazırda məktəblərdə mövcud olan cari problemlərin həlli üçün işlər davam etdirilir.

 

Pandemiya dövründə qiymətləndirmə

 

Onlayn seminarda ən çox sual yaradan məqam pandemiya dövründə qiymətləndirmə və onun keyfiyyətilə bağlı məsələlər olub. Qiymətləndirməyə ya məktəb, ya şagird, ya da ki, valideyn müdaxilə edərsə, nə olar?

 

“Məktəblərdə qiymətləndirmənin formal aparılması təhsilin keyfiyyətini aşağı salmayacaq, şagirdin nəticələrini süni şəkildə qaldıracaq. Bu da məktəbin məsuliyyətidir”, - deyən Vəfa Yaqub bu məsələdə şagird və valideynlərin də məsuliyyətinə diqqət çəkib. Onun fikrincə, şagirdlər və onların valideynləri bilməlidir ki, öyrənmə birgəlik, qiymətləndirmə fərdilik tələb edir. Kollektiv öyrənmə nə qədər effektlidirsə, qiymətləndirmədə fərdilik də bir o qədər önəmlidir.

 

Mehriban Vəliyevanın fikrincə, qiymətləndirmənin obyektiv olmasında şagird və valideynlər daha çox maraqlı olmalıdır:  “Tərəflərin hər biri ayrı-ayrılıqda bilməlidir ki, qiymətləndirmə gələcək təhsil prosesini qurmaq üçün bir vasitədir”.

 

Qiymətləndirmənin nəticələrinə gəlincə, şagirdlərin nəticələri əvvəlcə məktəblərdə təhlil olunacaq. Vəfa Yaqublunun sözlərinə görə, qiymətlərindən narazı olanlar da, onlayn qiymətləndirməsi hər hansı texniki səbəbdən yarımçıq qalanlar da ənənəvi qaydada qiymətləndiriləcəklər: “Əvvəl məktəbdə şagirdlərin nəticələri təhlil olunacaq, onların lehinə və ya əleyhinə qərar veriləcək. Daha sonra isə qiymətləndirmə keçiriləcək. İmtahan gününü məktəblərin özü müəyyənləşdirəcək. Şagirdlərin sayı çox olacaqsa, məsələn, 15 şagirdin qiymətləndirməsi aparılacaqsa, onlar qrupa bölünə və digər siniflərdə qiymətləndirmədən keçə biləcəklər”.

 

“Məktəbdaxili, yekun attestasiya, ümumiyyətlə, bütün qiymətləndirmələr növbəti addımlarımızı müəyyənləşdirməyə xidmət edir”, -  V.Yaqublu hesab edir ki, məhz bu səbəbdən qiymətləndirmədə şagirdlərə güzəştdən danışmamalıyıq. Pandemiya dövründə şagirdlərin daha çox öyrənmələrinə şərait yaradılmalıdır.

 

Ruhiyyə DAŞSALAHLI



29.01.2021 | 11:44