Təhsilimiz üçün yeni üfüqlər | |
Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayev Xəzər TV-nin “Vaxtı gəldi” proqramının qonağı olub. Verilişdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili xüsusiyyətləri, öyrənmənin fəlsəfəsi, ictimaiyyət arasında təhsillə bağlı digər gözləntilər ətrafında müzakirələr aparılıb.
Gələcəyə inamla baxmağa daha çox motivasiya
- Fəaliyyətinə pandemiya kimi çox çətin, təzadlı bir dövrdə başlayan bir nazir kimi, eyni zamanda 30 il ərzində bu vəzifəyə təyin olunan digər insanlardan fərqli olaraq bütöv Azərbaycanın, Qarabağlı Azərbaycanın Təhsil naziri olmaq kimi şərəfli bir missiyanı, eyni zamanda məsuliyyət yükünü daşıyan bir insandan soruşmaq istəyirəm: Necəsiniz?
- Sağ olun. Hər şey yaxşıdır. Siz də, qeyd etdiyiniz kimi, bu iş kifayət qədər böyük, şərəfli bir işdir. Həm də böyük bir etimaddır. Ona görə göstərilmiş bu etimadı bacardığımız qədər doğrultmağa çalışırıq.
- Sizə uğurlar arzulayıram. Əlbəttə ki, Vətən müharibəsindən və Qarabağımızdan söz düşmüşkən, bu sualsız başlaya bilməzdik. Vətən müharibəsi bizim təhsil sisteminə, təhsilimizə nə kimi ziyan vurdu?
- Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən danışanda, bəlkə də onun faydalı tərəfindən danışmaq lazımdır. Çünki bu, bizim təhsilimiz üçün yeni üfüqlər açır. Mən fürsətdən istifadə edib həm Azərbaycan əsgərinə, Ordusuna, Ali Baş Komandanımıza bir daha təhsil ictimaiyyəti adından öz təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, bizim təhsilimizdə yeni bir çağın, yeni bir emosional dövrün yaranması deməkdir. Hər bir tamaşaçını bu böyük zəfərlə bağlı təbrik etmək istəyirəm. İnanıram ki, bu, bizim hər bir təhsil iştirakçısına öz davranışını dəyişməyə, yeni bir gələcəyə inamla baxmağa daha çox motivasiya yaradacaq. Bu, birmənalıdır. Amma, təbii ki, hər bir müharibədə olduğu kmi, bizim də itkilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“Qürurverici və şərəfli, tarixi bir dövrün şahidi olduq”
Təhsil sistemi sentyabr ayından başlayaraq pandemiya şəraiti olduğundan onsuz da kifayət qədər bir çox çağırışla üz-üzə qalmışdı. Sentyabr ayının 15-dən biz uzunmüddətli fasilədən sonra qismən də olsa, təhsili bərpa edə bilmişdik. Çünki 3 mart tarixindən sonra təhsil müəssisələri fəaliyyətini distant formaya keçirmişdi. Həmin tarixdən, yəni, sentyabrın 15-dən cəmi 12 gün sonra biz düşmənin aqressiyası ilə üz-üzə qaldıq və Azərbaycan ordusunun əks-hücum həmləsi ilə Vətən müharibəsi başladı. Bizim üçün artıq müharibənin ilk günlərində müəyyən mənada müharibə zonasından, cəbhə xəttindən uzaqda olan mülki əhalinin, o cümlədən məktəblərimizin raket atəşinə tutulması, təbii ki, bütün sərhəd bölgələrində və həmin əraziyə yaxın bölgələrdə olan məktəblərdə tədrisi həyata keçirməyi mümkünsüz etdi. Bu, öz-özlüyündə hardasa 300 mindən artıq şagird, səhv etmirəmsə, 1150-yə yaxın məktəb demək idi. Hazırda müharibə dövründə bu və ya digər şəkildə dağıntılara məruz qalmış 54 məktəbimizin bərpası üzrə aidiyyəti hökumət qurumları ilə birlikdə işləyirik. Düşünürəm ki, bu məktəblər də əksəriyyəti ibtidai siniflər üçün əyani təhsilin başlayacağı 1 fevral tarixinə hazır olacaq. Bəzilərində dağıntılar daha böyük olduğuna görə biz artıq yerində müvafiq qərarların verilməsi üzrə işlər görürük. Bu işlər çərçivəsində şagirdlərin ya qonşu məktəblərdə müvəqqəti yerləşdirilməsi, yaxud da həmin məktəblərin hansısa otaqlarının müvəqqəti olaraq təmir etdirilməsi və daha sonra daha dayanıqlı həll yollarının tapılması ilə bağlı tədbirlər görülür.
Təbii ki, bu itkilərin fonunda təhsil sisteminin distant olaraq davam etdirilməsinə çalışırıq. Yəni, düşünürəm ki, kifayət qədər mürəkkəb, ancaq qürurverici və şərəfli, tarixi bir dövrün şahidi olduq. Və bir daha qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və 30 ilə yaxın davam etmiş bir münaqişənin sona yetməsi təhsil sistemi və təhsil işçiləri olaraq bizim qarşımızda böyük imkanlar açır. Bu, birmənalıdır. Və buna görə bir daha hər birimizi bu münasibətlə təbrik etmək istəyirəm.
Təhsil sistemi üçün əlavə dəyər
- Çox sağ olun. Əlbəttə ki, hələ qarşıda çox irimiqyaslı işlər var. İşğaldan azad olunan torpaqlarımızda həyata keçiriləcək işlər barədə bu gün danışmaq, yəqin ki, mümkün deyil. Qarşıdakı aylarda bir sıra məsələlər həllini tapınca biz öncə o xəbərləri, məlumatları Sizdən də alacağıq. O ki qaldı artıq keçən ildən tətbiq olunan hibrid təhsil formasına, bu, format özünün müsbət və mənfi cəhətləri ilə bizim üçün də yeni idi. Təhsil sistemi üçün də yeni idi. Pandemiya bitəndən sonra bu tədris metodunu saxlamaq kimi bir niyyətiniz varmı? Ümumiyyətlə, növbəti illərdə bu hibrid formatı ibtidai siniflər üçün də, xüsusilə bəlkə qış aylarında və hər hansı bir digər virus xəstəlikləri olarsa tətbiq olunacaqmı? Məsələn, qrip və ya digər soyuqdəymə kimi epidemiyalar zamanı tətbiq oluna bilərmi?
- İlk növbədə, onu qeyd edim ki, pandemiya ilə üz-üzə qalmaqla bağlı təkcə bizim təhsil sistemi bir yana, dünyanın inkişaf etmiş bir sıra ölkələrinin təhsil sistemlərinin də bununla bağlı böyük planları yox idi. Bu, presedenti olmayan bir hadisədir. Təbii ki, mart ayından məktəblər bağlananda mən əminəm ki, hamı ümid edirdi aprel ayında məktəblər açılacaq. Daha sonra əminlik yarandı ki, məktəblər may ayında açılar. Daha sonra sentyabr ayı... Bu minvalla biz artıq yanvar ayının sonlarına doğru gedirik və fevral ayının 1-də yalnız qismən ibtidai siniflərdə tədrisin əyni formatda açılmasını biz elan etdik. Bu, böyük bir dövrdür. Bu 11 aylıq dövrdə bir təhsil sistemi olaraq həm uğurlu, həm də gələcəkdə dərs çıxaracağımız bir çox məsələləri öyrəndik deyə düşünürəm. Birinci növbədə, mən bugünkü brifinqdə də qeyd etdim. İki istiqamətdə - həm uğurlar tərəfindən birmənalı olaraq Azərbaycan müəllimi üçün İKT-dən istifadə, distant təhsilin təşkil edilməsi, müəllimlərimizin İKT avadanlığı, internetdən istifadə etməsi, məsafədən dərs deməsi, Təhsil Nazirliyi olaraq bunun təşkil edilməsi, teledərslərin ictimaiyyətə təqdim edilməsi, elektron dərsliklərdən isifadənin 2 dəfəyə qalxması. Onu qeyd etmək istəyirəm ki, ötən həftə, yəni, yanvar ayında orta hesabla 6 milyon onlayn dərs şagirdlərimizə təqdim olunub. Bu rəqəm ötən ilin eyni günü ilə müqayisədə, yəqin ki, min dəfələrlə çoxdur. Bütün bu bacarıqların, imkanların formalaşması birmənalı olaraq təhsil sistemi üçün əlavə dəyər yaradır. Çünki bu, hər hansı növbəti kiçik müddətli olsa da, krizis vəziyyətlərdə bizim artıq alət çeşidimiz çoxdur, müəllimlərimiz hazırlıqlıdır. Eyni zamanda, məncə, biz təhsil iştirakçılarına, şagirdlərə, müəllimlərimizə, valideynlərimizə o dövrün geniş anlamda emosional, psixoloji təsirləri ilə bağlı çox danışmalıyıq. Çünki bu, öz-özlüyündə asan bir dövr deyil. Bunu məncə, hamı öz ailəsində, fərqi yoxdur, hansı müxtəlif tipli problemlərlə, suallarla üzləşirlər. Məncə, biz bu dövrdən birlikdə çıxmağın, yəni birlikdə güclü olmağın dəyərinə söykənməliyik. Təbii ki, təhsilə dəyən ziyan, təhsilin keyfiyyəti baxımından biz nə qədər geriləmişik, harada geriləmişik, bu barədə danışmaq hələ tezdir. Çünki məktəblər geri qayıtmalıdırlar ki, biz bu ölçmələri aparaq.
Xüsusilə, ucqar kəndlərdə və nisbətən paytaxtdan daha uzaq olan rayon mərkəzlərindən aralı olan yerlərdə təhsilalanların üzləşdiyi situasiya, bizi daha çox narahat edir. Məhz bu səbəbdən biz ilk günlərdən teledərslər modelini seçdik ki, heç olmasa, həmin şagirdlərimizin internetə çıxışı olmasa da, teledərslərə çıxışı olsun. Bu gün həm də Azərbaycanda bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunur. Bu da minimal vəsait olaraq başa düşülür.
Bu baxımdan, mən deyərdim ki, ev mühitinin çəkisi məktəb mühitinin çəkisinə nisbətən daha çox artıb, çünki məktəb distantdır. Əvvəl, deyə bilmərəm, bu 50 -50 faiz nisbətində idi və ya hansısa digər çəki ilə ölçülürdüsə, amma bu gün həmin pay daha çox evin üzərinə düşür. Ola bilər, valideynin üzərinə düşür. Təbii ki, mən müəllimlərimizə bir daha, fürsətdən istifadə edib təşəkkürümü bildirmək istəyirəm. Çünki bu gün artıq 120 mindən artıq müəllimimiz vahid elektron platformada qeydiyyatdan keçib. Gün ərzində, həftə ərzində aktiv istifadəçilərin sayı - müəllimli-şagirdli bir milyondan çoxdur.
Bunların gələcəkdə istifadəsi, təbii ki, mümkündür. Çox sadə bir nümunə verim. Müəllimlərin işə qəbulu özü ayrılıqda bir proses idi. Bildiyiniz kimi, bu, 50 mindən artıq müəllimi, insanı özündə birləşdirən bir prosesdir. Əvvəllər bu, yalnız paytaxtda keçirilirdi. Bu il Təhsil Nazirliyi bu prosesi 32 bölgədə sıxlıq nəzərə alınmaqla keçirdi. Və yaxşı xəbərimiz ondan ibarətdir ki, yay aylarında bu prosesdə bir dənə də olsun yoluxma qeydə alınmadı. Biz bu təcrübədən gələcəkdə də istifadə edib insanların ən azı əziyyət baxımından rayonlardan, bölgələrdən Bakıya gəlməsinin qarşısını almaq üçün həmin prosesi - 50 mindən artıq insanı özündə əhatə edən bir prosesi bölgələrdə təşkil etməyi düşünürük. Eyni zamanda qeyd etdiyiniz kimi, bəzi hallarda son dövrlərdə havaların kəskin soyuqlaşması, güclü küləkli vaxtlarda bir günlük və ya qısamüddətli təhsil saxlanılır, bu dövrdə də distant təhsildən istifadə edilə bilər. İnanıram ki, distant təhsil baxımından, öyrənmək imkanları baxımından ali təhsil üçün biz böyük bir üfüqlər açmışıq. Yəni bu müsbət cəhətlər və mənfi cəhətlər, hər ikisi bizim üz-üzə qaldığımız situasiyadır. Və təbii ki, biz birlikdə bu proseslərin müəyyən həllinə və günbəgün daha yaxşı olmasına çalışırıq.
Yaxşı hekayəmizə baxıb qürur duyub sevinməliyik
- Ümumiyyətlə, böyük bir təbəqə və ya müəyyən bir yaş qrupu üçün bu vərdişlərə yiyələnmək, yenilikləri əxz eləmək çox çətindir. Dünya artıq rəqəmsallaşmağa doğru gedir, bir çox beynəlxalq səviyyəli tədbirlər məhz rəqəmsal platformaya keçir. Bunun üstün cəhətləri, təbii ki, çoxdur. Həm vaxt, həm enerji itkisi baş vermir, yəni məsafələri daha da qısaltmaq, zamanı daha da yaxınlaşdırmaq imkanımız olur. Əslində distant təhsilin də yaratdığı imkanlar sırasında məhz bunun altından iki xətt çəkərək qeyd eləmək lazımdır ki, çətinliklərlə yanaşı, üstünlükləri də var - zaman itirmirik, müəyyən mənada maddi vəsaitimizə qənaət eləmiş oluruq. Sadəcə rahat oturduğumuz yerdən dünyanın istənilən nöqtəsində ikinci təhsil, qiyabi təhsil ala bilirik. Yəni, bunun üstün cəhətləri çoxdur. Xüsusilə ona görə ki, böyütdüyümüz nəsil artıq XXI əsrə hazır olmalıdır. XXI innovasiya əsrindən baş çıxara bilməlidir..
- Birmənalı olaraq. Mən istərdim ki, bir məqamı vurğulayım ki, bəzən cəmiyyətdə yanlış bir mövqe yaranır və yaradılır. Bu gün distant təhsil verilmiş şəraitdə yeganə çıxış yoludur, bunu xüsusi vurğulamaq istəyirəm, başqa həll yolumuz teledərslərdir, bu da distant təhsilin bir formasıdır. Yəni, başqa yolumuz varsa və biz ondan istifadə etmiriksə, bu, ayrı bir mövzudur. Amma mənə elə gəlir ki, onu bu gün daha yaxşı etməyi öyrənməliyik.Yaranmış zərurətə görə mənə elə gəlir ki, 11 ay ərzində müəllimlərimiz də, valideynlərimiz də, ailələrimiz də, uşaqlarımız da bunu daha yaxşı etməyi öyrəniblər. Yəni, biz 2020-ci ilin yanvar ayında distant təhsillə bağlı sıfra yaxın və ya sıfırdan bir az irəlidə olan bir vəziyyətdə idiksə, təbii səbəblərə görə, 2021-ci ilin yanvarında bir həftə ərzində 6 milyondan artıq distant təhsil verə bilən bir sistemik. Təbii ki, orada keyfiyyət problemləri var, orada narazı insanlar var, burada giley-güzar var. Amma yenə də deyirəm, burada yaxşı xəbərlər də var. Bu hər iki hekayə bizim hekayəmizdir. Həm yaxşı hekayə, həm də yaxşı olmayan hekayə, nə qədər ki yaxşı olmayan hekayədən giley-güzar ediriksə, bir o qədər də yaxşı hekayəmizə baxıb qürur duyub sevinməliyik. Yavaş- yavaş bu hekayəni yaxşı hekayəyə çevirməyi bacarmalıyıq. Mənə elə gəlir ki, bütün dəyişikliklərin mahiyyəti elə bundan ibarətdir.
Öyrənmə məqsədli olmalıdır
- Amma siz deyirsiniz ki, həm yaxşı, həm pis hekayə tərəfləri. Təbii ki, bu, belədir. Xüsusilə ibtidai siniflərdə təhsil alan uşaqlar, birinci sinfə gedən və sinif həyatına yenicə öyrəşməyə başlayan, parta arxasında əyləşərək fikrini müəllimə cəmləməyi yenicə öyrənən uşağı kompüter qarşısında əyləşdiririk. Onların kamera vasitəsilə, bir-biri ilə danışmadan, kompüterdən diqqətini ayırmadan yalnız dərsə fokuslanması və vədişlərə yiyələndirilməsi çox çətin olur. Bunu bizi izləyən və övladları təhsil alan hər kəs təsdiqləyə bilər. Bəzən texniki nasazlıq, internetin sürətinin azalması, uşağın kompüteri idarə edə bilməməsi və s. bir çox səbəblərdən müəyyən geriləmə hiss olunacaq və yaxud olunur. Həmin o geriləməni aradan qaldırmaq, onun diaqnostikasını aparmaq üçün, belə demək mümkünsə, hansısa bir layihələr, çıxış yolları, tədbirlər planı düşünülübmü?
- Birinci onu qeyd edim ki, mənim də birinci sinfə gedən övladım var. Və həmişə bunu qeyd etmişəm. Digər övladım isə məktəbəqədər yaşındadır. Bu, öz-özlüyündə izləmə baxımından kifayət qədər maraqlı bir prosesdir. Çünki həqiqətən çox çağırışlı bir məsələdir. O mənada ki, problemlidir. Yəni, siz qeyd etdiyiniz kimi, həmin o avadanlıqdan istifadədə və yaxud, işıqlar sönə bilər, bəzən hava soyuq olanda müxtəlif problemlər ola bilər. Bunun geriləmə və yaxud irəliləmə olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır. Yəni emosiyalarımıza, hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı, milli qiymətləndirmənin aparılması ilə bağlı planlar var. Amma uşaqlar məktəbə qayıtsın ki, biz bunları edə bilək. Başqa formatlar da düşünə bilərik. Amma, mənim inandığım budur ki, bizim daha çox fokuslanmalı olduğumuz məsələmiz, xüsusilə ibtidai təhsildə, uşaqların sosial-psixoloji, social-emosional inkişafıdır. Yəqin ki, ümumiyyətlə, mənim düşüncəmə görə, məktəb insanın sosial-emosional inkişafını irəli aparan bir yer olmalıdır. Yəni, normal, emosiyaları yerində olan, emosional intellekti inkişaf etmiş, öz emosiyalarını idarə edə bilən bir vətəndaş yetişdirmək də məktəbin qarşısında duran vəzifələrdən biridir. Çünki biz bəzi hallarda, bunu sosial mediada da görürük, insanların emosional gərginliyi bu və ya digər formada, təəssüf ki, ümumiyyətlə, kənarda olan neqativ yükü artırmağa xidmət edir. Yəni bu emosional intellektin, emosiyaların idarə olunması, motivasiya, başqa, belə deyək, psixoloji faktordur.
Yəni, tədris prosesinin məqsədi öyrənən adama məlum deyilsə, həmin adamın motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir. Mən bunu hansı formatda demişdim? Yəni, bir çox valideynlər öz övladlarını səhər bir məşğələyə, günorta o biri məşğələyə və yaxud, daha sonra başqa bir repetitorun yanına göndərirlər. Amma məqsədlə bağlı onunla çox az söhbət edirlər. Yəni, uşaq şahmat dərnəyinə niyə getdiyini, niyə riyaziyyat dərsində oturduğunu, niyə məktəbə getdiyini başa düşmürsə, böyük ehtimalla öyrənmənin keyfiyyəti aşağı düşür. Yəni, mən bunu demək istəyirdim. Təəssüf ki, bu, belə təqdim edilmişdi ki, “Təhsil naziri deyir ki, öyrənmək olmaz”. Amma mən sadəcə onu demək istəyirəm ki, məqsədli öyrənmə çox vacib məsələdir. Başqa bir misal verim. Məsələn, təhsil və internetdən istifadə.
Məqsədyönlü öyrənmənin, çalışqanlığın faydası böyükdür
Tədqiqatlar onu göstərir ki, buna məqsədyönlü brauzinq deyirlər, yalnız məqsədyönlü şəkildə internetdən istifadə təhsilin, şagirdin nailiyyətlərinə müsbət təsir göstərir. Yəni, biz hər hansı bir məqsədsiz şagirdə internet və avadanlıq verəndə onun riyaziyyat, tarix, kimya bilikləri artmır. Mən ümid edirəm ki, mənim bu fikirlərim yenə də bu şəkildə bildirilməyəcək ki, məktəbdə internet lazım deyil. Təbii ki, məktəbdə internet lazımdır. Uşaq internetdən istifadə etməlidir. Amma bu zəruri şərtdir, kafi şərt deyil. O mənada ki, bu halda şagirdlərimizin, insanın öyrənməsinə müsbət təsir edir, şagird internetdən hansı məqsədlə istifadə etdiyini aydın şəkildə başa düşür. Məsələn, orada hansısa araşdırma aparır, hansısa məlumatı araşdırır. Yəni, ona görə də, yenə də altından xətt çəkib demək istəyirəm ki, məqsədyönlü öyrənmənin, çalışqanlığın faydası böyükdür. Mən arzu edirəm ki, şagirdlərimiz bacardıqca daha çox məqsədyönlü fəaliyyətlə məşğul olsun. Daha çox oxusunlar, ancaq məqsədli oxusunlar. Yəni məqsəd sözü burada önəmli sözdür. Məqsədsiz çox çalışmağın başqa bir tipi ola bilər, hesab edin ki, siz idmanla məşğulsunuz. Amma idmanla niyə məşğul olduğunuzu bilmirsiniz, bunu sağlamlıq üçün edirsinuz, yarışa hazırlaşmaq üçün edirsiniz, yoxsa artıq çəkidən xilas olmaq istəyirsiniz. Yəni, hər bir məqsəd müəyyən olunanda ona uyğun idman hərəkətləri də fərqlidir. Oxuyan şagirdin çalışmağa ayırdığı saatlar məqsədlə əlaqəli olanda bu daha uğurlu olur, nəinki məqsədsiz fəaliyyət. Şagird sadəcə məcbur edilir ki, o kitabı açıb hardasa oturub oxusun. Oxumağa imitasiyası yaransın. Ona görə, mən zaman-zaman, təəssüf ki, müşahidə edirəm ki, fikirlər nəyə görəsə bir az məcrasından çıxarılıb başqa formada təqdim edilir. Amma nəzəriyyə dəyişmir. Nəzəriyyə bunu deyir ki, məqsədyönlü internetdən istifadə, məqsədyönlü tədris, məqsədyönlü çalışqanlıq daha faydalıdır, nəinki məqsədsiz, yaxud məqsədləri aydın olmayan və məqsədləri dumanlı olan fəaliyyət və ya çalışmaq, oxumaq, yaxud başqa bir iş. Yəni, sözümün canı ondan ibarətdir ki, İKT-dən istifadə, innovasiyalar bunlar hamsı alətlərdir. Yəni, biz alətlərlə məqsədləri qarışdırmamalıyıq. Şagirdlərimizə çox açıq şəkildə izah etməliyik ki, onlar məktəbə niyə gəlir? Məqsəd nədən ibarətdir? Həm ictimaiyyət, həm də Təhsil Nazirliyi olaraq bu istiqamətdə görüləcək külli miqdarda işimiz var deyə düşünürəm.
(Ardı var)
|
|
29.01.2021 | 09:26 | |
|
|
|