Naxçıvanda məktəblilər arasında robotexnika üzrə ilk müsabiqə keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müsabiqədə Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ötən tədris ilindən şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə tətbiq edilən “İnnovativ dərnəklər” layihəsi çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə 45-dən çox yeni dərnəklər yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində yaradılan “Robotexnika” dərnəyi üzrə müəllimlər üçün təlimlər təşkil edilib, dərnəklər lazımi avadanlıqlarla təchiz olunub. Hazırda isə Ordubad rayonunda yerləşən məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər təşkil edilir.

 

2020-2021-ci tədris ilindən etibarən isə şagirdlərə beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan STEAM təlim metodunun tətbiqinə başlanılıb. Şərur rayon Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində STEAM kabinələri yaradılaraq istifadəyə verilib və zəruri avadanlıqlarla təmin edilib.

        

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə marağını, bu sahədəki məlumatlılığını artırmaq, əldə etdiyi bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.

 

Müsabiqədə şəhər  və  rayon  məktəblərinin VI-IX sinifləri üzrə 7 komanda olmaqla, ümumilikdə 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışıb. Müsabiqənin şərtinə görə, xətt izləyən robotlar yarışın başa çatmasına və vaxta görə sıralanmış, ümumi zaman bərabərliyində daha az cərimə xalı olan, bərabərliyi pozulmayan, maneəsiz yolu sonadək gedən robot üstünlük təşkil edib.

 

Beləliklə, yarışmada təyin olunan vaxtı ən qısa müddətdə və ən az cərimə xalı ilə başa vuran robot münsiflər heyəti tərəfindən qalib elan olub. Müsabiqə 4 mərhələdə təşkil olunduğuna görə hər mərhələdə I, II, III yerə layiq görülən şagirdlər diplom və hədiyyələrlə, fəal iştirakına görə seçilən şagirdlər isə diplomla mükafatlandırılıb.

 



27.01.2021 | 13:26