Naxçıvan Dövlət Universitetinin tələbələrinə "Təhsil kartı" təqdim edilib | |
Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra ali təhsil müəssisəsində tətbiq olunan “Təhsil kart”ları Naxçıvan Dövlət Universitetinin tələbələrinə də təqdim edilib. Layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və “Naxçıvanbank” ASC dəstəyi, Naxçıvan Dövlət Univesitetinin təşəbbüsü ilə həyata keçirilib.
Sözügedən kartlar vasitəsilə tələbələr təqaüdlərini ala, ölkə daxilində və xaricdə bu kartlarla ödənişlər həyata keçirə bilərlər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə rahat şəkildə əldə edəcəklər. Təhsil kartını təhsil müəssisəsi, kitabxana və oxu zallarına giriş üçün də istifadə etmək mümkündür. Gələcəkdə təhsil kartının imkanları daha da genişləndiriləcək, tələbələr bu kartlardan ictimai nəqliyyatda, xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində də istifadə edə biləcəklər.
Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən layihə artıq 8 ali təhsil müəssisəsində tətbiq edilir və davamlı olaraq yeni təhsil müəssisələrinin qoşulması nəzərdə tutulur.
|
|
27.01.2021 | 11:11 | |
|
|
|