İhsan Doğramacının xatirəsi kollecdə anılıb

Fevralın 23-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində dünyaşöhrətli alim, məşhur pediatr, Azərbaycan xalqının böyük dostu, professor İhsan Doğramacının vəfatının 8-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Kollecdən verilən məlumata görə, öncə  tədris  ocağının foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub.  Azərbaycan və Türkiyənin  dövlət himnlərinin ifası ilə başlayan tədbiri  kollecin tədris işləri üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Məhbubə Məmmədova açaraq qonaqları  təqdim edib və  tədbirin mahiyyəti haqqında qısa məlumat verib. Kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov görkəmli alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Tədbirdə qonaq qismində iştirak edən Türkiyə Böyükelçiliyinin təhsil üzrə müşaviri Abdulğafur Böyükfırat, Bilkent Üniversitetinin bölgə ölkələri kurs proqramları direktoru, professor Rasim Özyürek, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, BDU-nun kafedra müdiri, professor Ramiz Əskər, ADPU-nun dekanı, dosent Şahin Pənahov çıxış edərək İ. Doğramacının Türkiyəyə, qardaş türk xalqına, dünya tibb elminə xidmətlərindən,  tükdilli ölkələr arasında əlaqələrin inkişafına verdiyi töhfədən danışıblar.  Çıxışlarda qeyd olunub ki,Türkiyənin tanınmış  elm nümayəndələrindən biri, ictimai-siyasi xadim İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni, 2005-ci ildə isə ən ali mükafat olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. Həmçinin o, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarına da layiq görülüb.

Tədbirdə İ.Doğramacının həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Tələbələrin ifasında səslənən musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

 

Yusif ƏLİYEV

 



26.02.2018 | 14:54