“Rus dili xarici dil kimi” beynəlxalq olimpiadalarında azərbaycanlı qaliblərin sayı artıb | |
Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci ildən başlayaraq beynəlxalq tərəfdaşı olan Sankt-Peterburq Dövlət Universitetinin təşkil etdiyi “Rus dili xarici dil kimi” beynəlxalq olimpiadasının ölkədə təbliğ olunması və qalib olan azərbaycanlı iştirakçıların mükafatlandırılmasına dəstək verir.
DİM ilə Sankt-Peterburq Dövlət Universiteti (SPDU) arasında 2020-ci ilin əvvəlindən başlayan əməkdaşlıq davam edir və artıq öz müsbət nəticələrini verir.
DİM-dən bildirilib ki, 5 noyabr - 13 dekabr 2020-ci il tarixlərində Rusiyanın ən qədim universiteti olan SPDU ilə Rusiya Federasiyasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı əsasında “Rus dili xarici dil kimi” adlı beynəlxalq olimpiada keçirilib. Rus dili üzrə bilik yarışlarına və tədbirlərə marağın artırılması istiqamətində təşkil edilən bu olimpiadaya 12-30 yaş arası, Rusiya vətəndaşı olmayan və rus dili üzrə öz biliklərini yoxlamaq istəyən şəxslər qatılıb.
Olimpiadada dünyanın 147 ölkəsindən 9549 nəfər (o cümlədən, Azərbaycandan 293 nəfər) iştirak edib. İştirakçılardan 945 nəfər (o cümlədən, Azərbaycandan 38 nəfər) uğur qazanaraq müxtəlif diplom, xatirə mükafatları, rus dili dərslikləri və “Rus dili xarici dil kimi” dövlət imtahanına (ТРКИ) ödənişsiz vauçer əldə ediblər.
Qeyd edək ki, olimpiadada uğur qazanmış namizədlərə təqdim edilmiş vauçerləri DİM-də təşkil edilən TPKИ imtahanı zamanı istifadə etmək mümkündür.
|
|
27.01.2021 | 10:05 | |
|
|
|