Bilik Fondu Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Cocuq Mərcanlıda tədbir keçirib | |
Cəbrayılın Cocuq Mərcanlı kəndində yerləşən Mədəniyyət Evində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin birgə tədbiri keçirilib.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Fəridə İbayeva maarifləndirici layihələrin əhəmiyyətini bildirərək, Bilik Fondunun Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini vurğulayıb. Tədbirin mahiyyətindən bəhs edən F.İbayeva XX əsrin ədəbi - elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas - nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib.
“Mizan” Tələbə Dram Dərnəyinin işini yüksək dəyərləndirən kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifləndirici layihələrindən söz açıb, tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.
Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq artisti Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub. Yerli sakinlərin böyük maraqla qarşıladıqları tamaşada kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb.
Sonra nümayəndə heyəti şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub. Direktor Zamin Həziyev Bilik Fondu tərəfindən məktəbin kitabxanasına bədii kitabların hədiyyə olunduğunu minnətdarlıqla xatırladaraq belə tədbirləri dövlətin Cocuq mərcanlılara qayğısı kimi dəyərləndirib.
Dərnək üzvləri məktəbdəki Heydər Əliyev guşəsi, Aprel şəhidlərinə həsr olunmuş stendlərlə tanış olublar.
Təhsil ocağının kitabxanasına Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair nəşrlər və Mir Cəlal Paşayevin müəllifi olduğu kitablar hədiyyə edilib.
Şakir CƏFƏROV
|
|
09.06.2018 | 13:27 | |
|
|
|