DİM-də 4 fənn üzrə hazırlıq kursları keçirilib | |
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili, riyaziyyat və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları keçirilib.
DİM-dən bildirilib ki, hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.
DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun planı haqqında məlumat verərək qeyd edib ki, iki aylıq kurs materialının nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsi ilə onlara təqdim edilən elektron ünvana göndərəcəklərini bildirib. Kalibrləmə prosesindən keçmək üçün isə Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasına, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrinə yaxınlaşaraq yoxlama prosesi ilə tanış olacaqlarını qeyd edib.
Hazırlıq kurslarında Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov, ingilis dili fənni üzrə moderator Nərminə Əliyeva, riyaziyyat fənni üzrə moderator Aqşin Abdullayev, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması, qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat edib.
Kursun sonunda müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcək.
|
|
25.01.2021 | 15:00 | |
|
|
|