UNEC-də “Azərbaycanın Alban Xristian mirası - Xudavəng məbədi” mövzusunda beynəlxalq konfrans

UNEC Multikulturalizm Mərkəzi və UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın Alban Xristian mirası - Xudavəng məbədi”  mövzusunda  beynəlxalq konfrans keçirilib.

 

Adıçəkilən şöbənin müdiri Rəna Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov mövzunun aktuallığına diqqət çəkərək, Kəlbəcərdə olan Xudavəng Alban məbədinin Azərbaycanın ən böyük monastır kompleksi olduğunu bildirib.

 

A.Şirinov işğal altında olan torpaqlarımızın azad olunması nəticəsində Xudavəng monastrının da əsl sahiblərinə geri qayıtdığını vurğulayaraq, bu məbədin təkcə ölkəmizin deyil,  bütün dünyanın ən önəmli məbədlərindən biri kimi ziyarət ediləcəyini bildirib.

 

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva 30 ilə yaxın erməni işğalı altında qalmış 1000-dən artıq tarixi abidələrimizin, o cümlədən alban məbədlərimizin ermənilər tərəfindən vəhşicəsinə dağıdılaraq viran edildiyini, qalanlarının isə saxtalaşdırılaraq, erməni kilsəsi kimi təqdim olunduğunu deyib. O, Qarabagın qısa müddətdə Azərbaycanın digər bölgələri kimi, multikultural dəyərlər məkanına çevriləcəyindən əminliyini ifadə edib.

 

Türkiyə Mardin-Diyarbakır Metropoliti Saliba Özmen Alban kilsəsinin  Türkiyədəki qədim süryani kilsəsi ilə tarixi baglarından bəhs edib,  Azərbaycanın Xudavəng monastırı kimi bir çox Alban kilsələrinin inanc turizminin inkişafı üçün cox böyük bir zənginlik olduğunu vurgulayıb. Alban kilsəsinin yenidən bərpa edilməsi yolunda Udi- Alban kilsəsinə  yaxından kömək etməyə hazır olduqlarını bildirən Mitropolit  Azərbaycan dövlətinin  Udi alban xristianlarını qoruması, Xudavəng monastırı kimi bir çox kilsələrə və  məscidlərə  eyni dərəcədə qaygı və diqqət göstərməsinə görə  Prezident  İlham Əliyevə  təşəkkürünü bildirib.

 

Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Kəlbəcərin incisi olan, udilər üçün xüsusi yeri olan Xudavəng məbədinin Azərbaycan tarixindəki zəngin mədəni irsindən danışıb. Bu gün dövlətimizin himayəsində olan həmin məbədlərin yenidən bərpa olunacağını, qısa zamanda bu Alban məbədlərinin həm ziyarətgah, həm də turizm üçün bütün dünyaya açıq olacağını deyib.

 

Xudavəng monastırının vaizi Rafik Danakari monastrın öz sahiblərinə geri qayıtmasından böyük qürur hissi keçirdiyini bildirib. Uzun illərin həsrətindən sonra doğma monastırda dua etdiklərinin sevincini yaşadığını deyib.

 

Volqoqrad Dövlət Qulluğu Akademiyasının Tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Riçard Danakari, Kanada Toronto Universiteti, Emmanuel Kollecinin professoru Nazilə İsgəndərova, Niderland Azərbaycan Mədəniyyət evinin sədri Elxan Mirhəşimli, Niderland Azərbaycan Mədəniyyət evinin mətbuat katibi Lalə Aydəmirova Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də mədəni-tarixi irsinin dünyaya tanıdılması istiqamətində görülən tədbirlərdən söz açıb, maraqlı təkliflərlə çıxış ediblər.

 

Çıxışlarda Qafqaz Albaniyası irsinin Kanadada, Avropada tanıdılması, UNEC Multikulturalizm Mərkəzinin apardığı tədqiqatların xarici mediada işıqlandırılması məqsədilə əməkdaşlıq əlaqələrini genişləndirmək, Avropa  universitetləri ilə birgə konfranslar təşkil etmək təklif olunub. Eləcə də həm Avropa, həm də azərbaycanlı gənclərin Qafqaz Albaniyası irsi ilə baglı  maarifləndirilməsi  istiqamətində də əməkdaşlığın vacibliyi vurğulanıb.

 

Sonda professor M.Paşayeva konfrans iştirakçıları tərəfindən səsləndirilən təkliflərin  dəyərləndiriləcəyini bildirib.    



25.01.2021 | 14:17