Naxçıvan Dövlət Universitetində imtahanlar elektron qaydada aparılır

2017-2018-ci tədris ilinin yay semestrində Naxçıvan Dövlət Universitetində  gün ərzində elektron qaydada   70-ə yaxın imtahan keçirilir. Tələbələr eyni zamanda yazılı qaydada da imtahan verirlər. Yazılı imtahanlar üçün  xüsusi nəzarət sistemi tətbiq olunan otaq ayrılıb.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  növbəti elektron imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

 

 2017-2018-ci tədris ili ərzində yay semestrində elektron üsulla təşkil edilən və 18976 tələbənin iştirakı ilə keçiriləcək imtahanlarda  artıq 6625 nəfər imtahan verib.   Elektron imtahanlar ümumilikdə 3 tədris korpusu və 8 auditoriyada aparılır.

 

İmtahanlar hər korpus üzrə 1 imtahan rəhbəri və auditoriya üzrə iki nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri tərəfindən həyata keçirilir.

 

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatə əldə edə bilir.

 

Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apelyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.

 

 



09.06.2018 | 11:44