Orta məktəblərdə elm fəlsəfəsinin tədrisi

Ölkəmizdə yeniyetmələr və gənclər arasında elmə olan marağın artırılmasının, gələcəyin alimlərinin yetişdirilməsinin qarşısında duran vacib problemlərdən biri də elm, elmi düşüncə və elmi tədqiqat prosesi barədə bilik və təsəvvürlərin məhdud olması, bu mövzulara orta məktəb tədris proqramlarımızda əsaslı yer ayrılmamasıdır.

 

Belə ki, istər orta məktəb şagirdləri, istərsə də yerli universitetlərdə bakalavr təhsili almaqda olan tələbələrlə söhbətlərimdə tez-tez etdiyim müşahidələrdən biri odur ki, gənclərimizin elmlə bağlı təsəvvürlərində ciddi boşluqlar var. Orta məktəb şagirdlərinin “elm nədir?” sualına cavabı daha çox “elm yeni şeylər kəşf etməkdir” qəbilindən olur (yaxşı olardı ki, məktəblilər arasında bu barədə geniş bir şifahi sorğu keçirilsin). Halbuki, elmin geniş yayılmış bütün tərifləri kəşf etmək ideyasından uzaqdır, daha çox müşahidə və təcrübə yolu ilə insanın material və sosial dünyanı anlamasına və hadisələrin səbəblərini izah etməsinə yönəlikdir.

 

Elmin “kəşf etmək” fokuslu interpretasiyası, təbii ki, müəyyən yaş səviyyəsində olduqca məqbul hesab edilə bilər. Lakin mənim arqumentim budur ki, elmin yeniyetmə və gənclər arasında bu cür interpretasiyanın möhkəmlənməsinin mənfi təsirlərindən biri elmin və elmi fəaliyyətin əlçatmazlığı düşüncəsi və ondan qaynaqlanan özünəinam əskikliyidir. Elmin əsas mahiyyətini kəşf etmək olaraq görən gənclər belə kəşflərin haradan qaynaqlandığı, necə əldə edildiyi (Mendeleyevin elementlərin dövri cədvəlinin strukturunu yuxuda görməsi, yaxud Nyutonun qravitasiya qanununu başına alma düşdükdən sonra kəşf etməsi barədə anekdotlar buna daxil deyil), necə yoxlanıldığı, habelə elmin davamlı bir sosial proses olması, dövrün siyasi, iqtisadi, mədəni konteksti çərçivəsində formalaşması barədə yetərincə bilgiyə sahib olmadıqda “mən özüm heç nə kəşf edə bilmərəm” kompleksinə qapıla bilərlər. Belə olan halda isə elmə marağın azalması qaçılmazdır. Haşiyə kimi qeyd etmək istərdim ki, buna bənzər bir özünə inamsızlıq bakalavrdan sonrakı təhsilə qədər mən özüm də yaşamışam.

 

Orta məktəb dərslikləri, xüsusilə təbiət elmləri dərslikləri şagirdlərə tanınmış elm fəlsəfəçisi Tomas Kunnun sözləri ilə desək, təkcə dominant elmi paradiqmləri öyrədir (Nyuton qanunları, elektromaqnetik nəzəriyyə, təkamül nəzəriyyəsi və s.). Elmi paradiqmlər elmi tərəqqinin zaman oxunda ən dramatik anları ehtiva edirlər, daha çox nöqtəvidirlər və elmin təkamülü barədə tam mənzərəni şagirdlərə yansıtmırlar. Paradiqmlər əsasında tədris şagirdlərə elmi düşüncə və metod, elmdə tənqidi və obyektiv yanaşmanın vacibliyi, empirik müşahidənin önəmi barədə, demək olar ki, heç nə öyrətmir.

 

Erkən yaşlardan elmə maraq oyadıb, gələcəyin alimlərinin gənc yaşlardan hazırlanmasına nail olmaq və ya ümumiyyətlə, cəmiyyətdə elmi savadlılıq yaratmaq və elm kültürünü formalaşdırmaq üçün hələ orta məktəb təhsili ərzində şagirdlərdə: 1)elmin mahiyyəti barədə daha müfəssəl, hərtərəfli təsəvvür formalaşdırmalı, 2)elmi düşüncənin və metodun əsasları, 3)elmi tərəqqinin tarixi, sosial dinamikası, 4)xüsusilə müasir dövr üçün çox vacib bir məsələ olan elmin etikası barədə tədrisə önəm verməliyik. Bunun üçün orta məktəblərdə “Elm Fəlsəfəsi” (“Philosophy of Science”) adlı yeni bir dərsin tədris edilməsini təklif edirəm. Bu dərsdə şagirdlər antik yunan dövründən başlayaraq müasir dövrə qədər elmin keçdiyi tarixi yol barədə, elmi bilik nədir, necə əldə edilməli və necə dəyərləndirilməlidir (epistemologiya), müşahidə nədir və necə aparılmalıdır (empirisizm), elmə və elmi düşüncəyə yön verən əsas fəlsəfi axımlar barədə öz yaş səviyyələrinə uyğun, digər dərslərdə öyrəndikləri biliklərə paralellik təşkil edəcək şəkildə tərtib edilmiş, elmi-kütləvi üslubda yazılmış dərslik (təbii ki, belə bir dərsliyin ərsəyə gətirilməşi olduqca ciddi bir çalışma tələb edəcək) əsasında öyrənməlidirlər.

 

İnanıram ki, “Elm Fəlsəfəsi”nin effektiv tədrisi elmə ümumi marağı artıracaq, digər dərslərdə qazanılan biliklərin möhkənlənməsini dəstəkləyəcək, habelə ali təhsilin ilk pilləsindən etibarən aktiv tədqiqata cəlb olunmanı da hədəfləyəcək.  

 

Hüseyn ABDULLA, 

ABŞ-ın Texas A&M Universitetinin doktorantı



22.01.2021 | 15:45