Şagirdləri ilə çiyin-çiyinə döyüşən direktor | |
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən təhsil işçilərindən biri də Bərdə şəhər Ramiz Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Seymur İslamovdur. Ehtiyatda olan zabit kimi Vətən müharibəsində iştirak edən direktor 44 günlük döyüşlərdə bölük komandiri vəzifəsini icra edib.
Müəllim ailəsində anadan olan Seymur İslamov 1998-ci ildə Bakı Dövlət Universitetini bitirib. Universiteti bitirdikdən sonra Bərdə rayon Təhsil Şöbəsində metodist vəzifəsinə təyin olunur. On il müddətində metodist işləyən S.İslamov 2010-cu ildən İnteqrasiya təlimli internat tipli gimnaziyaya rəhbərlik edir.
“Məni 87 nəfər şəxsi heyətdən ibarət bölüyə komandir təyin etdilər”
Sentyabrın 29-da cəbhəyə yollanan Seymur müəllim döyüş yolundan belə danışıb: “Vətən müharibəsi başlayandan 1 gün sonra mənə çağırış vərəqəsi gəldi. Bir gün sonra cəbhəyə yollandım. Qısa müddət təlim keçəndən sonra Murovdağ istiqamətində gedən döyüşlərə qatıldıq. Məni 87 nəfər şəxsi heyətdən ibarət bölüyə komandir təyin etdilər. Beləliklə, döyüş tapşırıqlarını yerinə yetirməyə başladıq. Hər bir əsgər torpaqlarımızın işğaldan azad edilməsi üçün canından keçməyə hazır idi. Lakin buna baxmayaraq, bir komandir kimi üzərimdə böyük məsuliyyət var idi. Bunu mən çox yaxşı hiss edirdim. Ona görə də hər bir əsgərlə tək-tək maraqlanırdım. Çalışırdım ki, itki verməyək”.
“Əsgərlərimizdə döyüş ruhu çox yüksək səviyyədə idi”
Seymur İslamov əsgərlərimizdə müharibə zamanı döyüş ruhunun çox yüksək olduğunu deyir: “Müharibənin təxminən 12-ci günü idi. Yüksək rütbəli zabitlərdən bölüyümüzə tapşırıq gəldi. Tapşırığa əsasən bölükdən 17 nəfər əsgər seçilməli idi. Həmin əsgərlər çox vacib, eyni zamanda təhlükəli döyüş tapşırığını yerinə yetirməli idi. Bu, çox çətin tapşırıq idi. Mən əsgərləri sıraya düzdüm və vəziyyəti izah etdim. Bu tapşırığı icra etmək üçün 87 nəfər əsgərin hamısı sırada bir addım irəli atdı. Biz çox çətinliklə bu 17 nəfər əsgəri seçə bildik. Çünki bütün əsgərlər ən çətin tapşırıqları yerinə yetirmək üçün cənfəşanlıq edirdilər. Çətinliklə də olsa biz həmin əsgərləri seçdik. Digər əsgərlərə isə söz verdik ki, növbəti tapşırıqda onları göndərərik”.
Döyüşdə şagirdlərim məni görəndə çox sevindilər
Seymur İslamov: “Müharibədə tez-tez duyğusal anlar yaşayırdıq. Döyüş yoldaşlarımızı itirirdik. Yaralılarımız olurdu. Bu çox çətin anlar idi. Həmin anları sözlə ifadə etmək çox çətindir.
Biz orada bir ailə kimi idik. Vətən müharibəsi zamanı çoxlu dostlar da qazandıq. Bölüyə yeni gələndə bir də gördüm ki, iki əsgər mənə yaxınlaşdı. Həmin əsgərlərin bizim məktəbin şagirdləri olduqlarını bildim. Məktəbimizin məzunları ilə xeyli söhbətləşdik. Onlar məni görəndə çox sevindiklərini dedilər. Bölüyümüzdə olan digər əsgərlər həmin vaxt bildilər ki, mən məktəb direktoruyam. Pedaqoq olmağım müharibə zamanı bir çox məsələlərdə köməyimə çatdı. Əsgərlərlə tez-tez maarifləndirici söhbətlər edirdik. Bu söhbətlər onlarda döyüş ruhunu daha da artırırdı”.
“Müharibədən qalib ordunun qalib zabiti kimi qayıtmaq məni çox qürurlandırır”
Direktor Vətən müharibəsindən qalib bir zabit kimi qayıtdığına görə çox qürur hissi keçirdiyini deyir: “Şükürlər olsun ki, ordumuz haqlı olduğu müharibədə zəfər qazandı. Biz bu qələbəyə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi, yüksək idarəçilik qabiliyyəti və müzəffər Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində nail olduq. Allah Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin.
Müharibədən qalib ordunun, qalib bir zabiti kimi qayıtmaq məni çox qürurlandırır. Bu gün şagirdlərimizin qarşısına alnıaçıq çıxacağım üçün cox sevincliyəm.
Şagirdlərimizi milli ruhda tərbiyə etməyə davam etməliyik
Yetişməkdə olan gənc nəslə milli dəyərlərin dərindən öyrədilməsini deyən Seymur müəllim, məktəblərimizdə tərbiyə işinin bu istiqamətdə qurulmasının vacibliyini diqqətə çatdırır: “Bir təhsil işçisi kimi onu deyə bilərəm ki, məktəblərimizdə milli vətənpərlik ruhunda tərbiyəyə həmişə böyük önəm verilir. Vətən müharibəsi bir daha sübut etdi ki, təhsil müəssisələrimiz vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirib. Bu, Azərbaycan təhsilinin ən böyük uğurudur. Son illər təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır. Yetişməkdə olan gənc nəsilə tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında ətraflı məlumat verməli, mənfur düşmənin xislətini onlara çatdırmalıyıq”.
Niyazi RƏHİMOV |
|
22.01.2021 | 13:52 | |
|
|
|