Vətən müharibəsində şücaət göstərən tarix müəllimi | |
Xızı rayon Türkoba kənd ümumi orta məktəbinin tarix müəllimi, həmçinin ədəbi cameənin tanınmış imzalarından biri, Vətən müharibəsinin iştirakçısı, İkinci Qarabağ savaşının qəhrəmanı Emin Piriyevin (Piri) döyüş yoluna nəzər salırıq. O, həm də “Ədalət” qəzetinin əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
Emin Piriyev 1986-cı ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. Sonralar ailəsi ilə birgə Sumqayıt şəhərinə köçüb. Burada “Şərq” liseyində təhsil alıb. 2004-cü ildə Bakı Dövlət Univeristetinin tarix fakültəsinə qəbul olunub.
Müəllimlik fəaliyyətinə 2016-cı ildə Siyəzən rayonunun Dağ Quşçu kənd məktəbində başlayıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək maksimal 60 baldan 56 toplayıb. Bir il burada çalışdıqdan sonra müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsi üzrə müraciətlə hazırkı təhsil müəssisəsində işini davam etdirib.
Hərb həyatında gələcəyini öncədən müəyyənləşdirib
Universitetdən məzun olduğu 2008-ci ildə Ağdama hərbi xidmətə yollanıb. 2010-cu ilə qədər leytenant rütbəsi ilə səngər həyatı yaşayıb. Taqım komandiri, zabit kimi qulluq edib. Həmin dövrdən qalan xatirələrini ifadə edən şeirindən: tağım komandirinin səngərdən qıvrıla-qıvrıla boğuq səsi gəlir: kimsə sağdı?!
Döyüşə leytenant kimi gedib, baş leytenant kimi qayıdan müəllim
2020-ci ilin iyulunda Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olması Emin müəllimin indiyə qədər ürəyində işğalçılara qarşı yığılıb qalan kin-küdurəti, qisas hissini daha da dərinləşdirir. Birbaşa hərbi komissarlığa gedib yüzlərlə vətənpərvər azərbaycanlı kimi orduya könüllü yazılanlar cərgəsinə qoşulur. Sentyabrın 28-də müraciətinin qəbul edilməsi ilə bağlı xəbər gəlir və beləcə, ertəsi gün Emin Pirinin döyüş yolu başlayır. Füzuli-Cəbrayıl-Xocavənd rayonlarının, Xocalı və Şuşanın kəndlərinin işğaldan azad olunması uğrunda döyüşlərdə vuruşur. Qalib döyüşçü kimi cəbhədən-cəbhəyə irəliləyir, zəfər yolunda addımlayır.
“Döyüşlərdən yarasız-xatasız sovuşsam da, gözümün qarşısında şəhid olan əsgərlərin itkisi müharibənin əsl ağrısını daddırıb mənə. Bir neçə yaralı əsgəri döyüş meydanından çıxara bildim, onların yaşamağına səbəb oldum. Bunlar məni az da olsa, təsəlli edə bilib. Biz anlayırdıq ki, ölüm hər an yanımızdadır, bizi izləyir. Ancaq qələbə, düşmənin məğlubiyyəti haqda düşünürdük, bu məqamda gözümüzü heç nə qorxuda bilməzdi”, - deyir Emin müəllim.
Müharibə bitəndən sonra Laçına yollanıb və bir neçə gün xidmətini burada davam etdirib. Bir neçə illər öncə orduda leytenant rütbəsi ilə qulluq edən qəhrəmanımız 44 günlük müharibədə Müdafiə nazirinin əmri ilə baş leytenant hərbi rütbəsini alıb.
Döyüşə yollananda kitablarını da aparıb
Savaş bölgəsinə yola düşəndə əşyaları arasına müəllifi olduğu kitablardan yerləşdirməyi unutmayıb. Hətta qızğın döyüşlər gedən vaxtlarda onun komandirliyi ilə döyüşən əsgərlərə şeirlərindən oxumağa da imkan tapıb. Mənəvi sakitliyi, ruhən güclü qalmağı şeirlərdə tapıblar. Emin müəllim deyir ki, əsgərləri arasında yazı-pozu mühitindən uzaq, amma ədəbiyyata, poeziyaya bağlı igidləri görmək onu da çox təəccübləndirib. “Dostoyevskidən, Hüqodan danışa bildiyim, ədəbi müzakirələr apardığım əsgərlərim vardı”.
Döyüş meydanında şeir gecələri təşkil edən komandir
Müharibə bitəndə, döyüş şəraiti başa çatanda silahdaşları ilə bir-birini daha yaxından tanımağa imkan yaranıb. Şair komandir döyüş yoldaşları, əsgərləri üçün imza günü, şeir gecələri də təşkil edib, öz şeirlərini onlar üçün söyləyib. Özü də tribunası tank olub. Şeirlərini çox vaxt tankın üzərinə çıxaraq deyib.
“Ağır, ağrılı döyüş anları ilə yanaşı, bu hadisələr də həyatıma yazılan xoş xatirələr kimi yadımda qalacaq”.
Günün yarısı məktəbdə, yarısı qəzet redaksiyasında keçir
Emin Piriyev 44 günlük Vətən müharibəsindən sonra “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. Yenidən gündəlik həyatına dönən müəllim şagirdləri ilə dərslərinə qaldığı yerdən davam edir. Təhsil sistemi onlayn platformaya daşınmazdan əvvəl Emin müəllim son illər həyatını hər gün səhər Bakıdan Xızıya dərs deməyə, günorta çalışdığı qəzet redaksiyasına qayıdaraq, işinə davam etməklə keçirir. İşdən sonra növbəti uzaq yola, Sumqayıta, evinə gedir. Məktəb yolu, qəzet yolu, döyüş yolu... Hər birində böyük zəhmət, dərin həyat təcrübəsi var.
Biz də Emin müəllimə həm müəllimlik fəaliyyətində, həm də ədəbi yaradıcılıq yolunda uğurlar arzulayırıq! Vətənin bütövlüyü, azadlığı uğrunda aparılan haqq savaşından gətirdiyi zəfər payına görə təşəkkürümüzü bildiririk!
|
|
22.01.2021 | 13:11 | |
|
|
|