Yarış vasitəsilə dil biliklərini sınadılar

İngilis dili resurs mərkəzləri fəaliyyət göstərən paytaxt məktəbləri arasında estafet yarışı  keçirilib.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan yarışda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190, 245 nömrəli tam orta məktəblər və  62 nömrəli məktəb-liseyin komandaları iştirak edib.

 

189-190 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda məktəblilər komanda şəklində yarışıblar. Üç mərhələdən ibarət yarışda komandalar ingilis dili üzrə bilik və bacarıqlarını idman oyunları vasitəsilə  nümayiş etdiriblər.

 

Yarışın nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin komandası I, 189-190 nömrəli tam orta məktəbin komandası II, 62 nömrəli məktəb-liseyin komandası isə III yerə layiq görülüb.

 

Sonda komandalar kubok və medallarla təltif olunub.

 

Qeyd edək ki, BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzləri şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir.

 



08.06.2018 | 18:47