“Microsoft” “Virtual məktəb” platformasının fəaliyyətini yüksək qiymətləndirib

“Microsoft” şirkəti Azərbaycanın “Virtual məktəb” platformasının fəaliyyətinin təhlilinə dair məqalə dərc edib. Məqalədə 1.3 milyon nəfərdən çox istifadəçisi olan “Virtual Məktəb” platformasının məktəbəqədər və ümumi təhsil pillələri üzrə təhsil alan şagirdlərin öyrənmə prosesini təmin etdiyi xüsusi vurğulanıb. Şirkət Azərbaycan təcrübəsini yüksək dəyərləndirərək təhsildə innovativ texnologiyaların tətbiqini və data əsaslı təhsilin gələcək perspektivlərini uğurlu qiymətləndirib.

 

“Virtual məktəb” kimi rəqəmsal resurslar tədrisin yerinə yetirilməsində vacib alətlər olaraq qalacaq”

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov “Microsoft” şirkətinin Azərbaycanın “Virtual məktəb” platformasının fəaliyyətinin təhlilinə dair həmin məqaləsini ölkə təhsil sistemində aparılan uğurlu rəqəmsallaşmanın məntiqi sonluğu sayır: “Xatırlayırsınızsa, “Microsoft” şirkətinin pandemiyanın ilk günlərində Azərbaycanda səfərdə  olan vitse-prezidenti ilə görüşündə Prezident İlham Əliyev ölkəmizdə rəqəmsallaşmaya keçid, təhsilin rəqəmsallaşdırılması istiqamətində perspektivlərlə bağlı çıxış etdi. Hələ o zaman bu istiqamətdə görülən işlərlə bağlı dövlət başçısı qəti mövqe ortaya qoyaraq pandemiyadan ölkə təhsilinin mümkün olan ən az zərərlə çıxması üçün bütün vasitələrdən istifadə ediləcəyini vurğuladı. Məhz bu mövqeyin nəticəsidir ki, təhsil və elm tutumlu ölkələr belə virtual məktəbə Azərbaycandan sonra keçid etdi”.

 

Ölkəmiz bu prosesdə sadəcə çevikliyi ilə yox, həm də tətbiq etdiyi metodlarla fərqləndi. Nəticədə bir çox ölkələrdə araşdırılan və tətbiq edilən Azərbaycan təcrübəsi ortaya çıxdı: “Hazırda ölkəmizdə 1.3 milyon nəfərdən çox istifadəçisi olan platformanın subyektləri də fərqlidir. Burada orta məktəb şagirdləri, orta-ixtisas və ali təhsil müəssisələrinin tələbələri, eyni zamanda təhsilverənlər üçün şərait yaradılıb. Bu gün xüsusilə tez-tez vurğulanır ki, XXI əsr təhsili rəqəmsallaşacaq. Pandemiya bu prosesi xüsusilə sürətləndirdi. Sevindiricidir ki, rəqəmsal texnologiyalar sahəsində ən qabaqcıl şirkət olan “Microsoft” təhsil sahəsində ölkəmizdə görülən işləri yüksək qiymətləndirib. Ümid edirik ki, növbəti mərhələdə  təhsilin forması dəyişəcək və yeni çağırışlara uyğun olaraq əvvəlcə hibrid, daha sonra isə distant təhsilə keçə biləcəyik. Baxmayaraq ki, “Microsoft”la əməkdaşlıq çərçivəsində reallaşdırılan “Virtual məktəb” layihəsində ilk mərhələdə müəyyən problemlər oldu, ancaq sonradan bu istiqamətdə uğurlu irəliləyişlər başladı. Azərbaycan pandemiya və bu kimi fövqəladə vəziyyətlərdə təhsilin məsafədən idarə olunması təcrübəsini ortaya qoydu. Bu layihə üzrə Azərbaycan təcrübəsi bir nümunə kimi bir çox ölkələr tərəfindən öyrənilir. “Virtual məktəb” kimi rəqəmsal resurslar tədrisin yerinə yetirilməsində vacib alətlər olaraq qalacaq”.

 

Pandemiyanın yaratdığı problemiVirtual məktəblayihəsi tamamilə aradan qaldırdı”

 

Təhsil eksperti Kamran Əsədov “Microsoft” şirkətinin sözügedən məqaləsini Azərbaycan təhsilinin elektronlaşmasına verilən müsbət qiymət kimi dəyərləndirir:  “Təhsil sisteminin elektronlaşması yalnız sənədlər üzərində həyata keçirilirdi. Tədrisdə elektronlaşma yox idi və bunun üçün zərurət də yaranmamışdı. Ötən ilin aprel ayından ölkə təhsilalanları üçün tamamilə yeni platforma yaradıldı. Bu platforma sayəsində məktəblilər yenidən sinif yaratdılar. Bu elektron sinifdə onlar dərs keçə, fikir mübadiləsi apara bildilər. Beləliklə, pandemiyanın yaratdığı problemi “Virtual məktəb” layihəsi tamamilə aradan qaldırdı”.

 

K.Əsədovun fikrincə, layihə təhsilin əlçatanlığını tamamilə təmin edib: “Nəzərə alsaq ki, 4447 ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagirddən 1.3 milyonu, 150 min müəllimdən 140 minə yaxını  bu platformada qeydiyyatdan keçərək iştirak edir, bu, alətlərin nə qədər əlçatan olduğunu göstərir. Halbuki bu baxımdan dünyada daha ağır vəziyyət müşahidə olunmaqdadır. BMT, YUNİSEF kimi beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunub ki, pandemiya dünyada 2 milyard insanın təhsilinə mənfi təsir edib. 600 milyon insan təhsil prosesindən tamamilə kənarda qalıb. Ancaq “Virtual məktəb” platformasından 1 milyon şəxs davamlı istifadə edir, məktəblilərin  100 faizi teledərslər vasitəsilə tədrisə cəlb olunub. Bütün alət və proqramlar vasitəsi ilə təhsilverənlər verməli olduqları biliyi çatdıra bilirlər”.

 

“Virtual məktəb” platformasının daha bir üstünlüyünə diqqət çəkən K.Əsədovun fikrincə, şagirdlər burada,  sadəcə bilik almır, elektron qiymətləndirmə alətləri vasitəsilə onlara verilən biliklərin mənimsənilməsi də yoxlanılır: “Məhz bu platforma vasitəsilə Təhsil Nazirliyi milli qiymətləndirməni həyata keçirdi. Bu da göstərir ki, Azərbaycan təhsilinin elektronlaşması baş verib. 11 ildə getmədiyimiz yolu qısa müddətdə qət etdik. Olduqca yaxşı nəticə əldə etdik. Şagirdlər də müəllimlər də elektron resurslardan rahatlıqla istifadə edir. Elektron inteqrasiya - ənənəvi dərs zamanı mümkün olmayan elektron dərslər, məqalələr, əlavə materiallar çoxalıb. Müəllim öz sinfini yaradır, bu platforma vasitəsi ilə dizayn verir, şagirdləri sinfində müvafiq olaraq yerləşdirir. Bütün bunlar pandemiya kimi çətin bir dövrdə təhsilin əlçatanlığına və keyfiyyətinin artmasına gətirib çıxarır”.  

 

Ruhiyyə DAŞSALAHLI

 

 



22.01.2021 | 10:41