"Sağlam Mühit – Sağlam Gələcək" layihəsi üzrə məktəblilər üçün növbəti cizgi filmi

“Sağlam Mühit – Sağlam Gələcək” layihəsi çərçivəsində məktəblilər üçün növbəti cizgi filmi “WASH” (su-sanitariya-gigiyena) mövzusunda hazırlanıb.

 

Animasiya filmi qlobal dayanıqlı inkişaf məqsədlərindən altıncısı olan “Təmiz su və sanitariya” mövzusu üzərində qurularaq, sanitariya və gigiyena barəsində məlumatların təhsilalanlara vizual şəkildə çatdırılması və təbliğindən bəhs edir. Mövzunun seçilməsində əsas məqsəd tükənən resursların məişətdə davamlı istifadəsinin düzgün istiqamətləndirilməsi ilə su qaynaqlarının dayanıqlı idarə olunduğu əlverişli mühitin yaradılmasına töhfə vermək, həmçinin əllərin yuyulması ilə patogenlərin, xüsusilə COVID-19 virusu daxil olmaqla infeksiyaların qarşısının alınması prosesində təhsilalanlar arasında davranış dəyişikliyinə nail olmaqdır.  

 

Qeyd edək ki, sözügedən layihə 2016-2020-ci illər üçün Azərbaycan Hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində 2018-2019-cu illər üçün Təhsil proqramı - Dövri Fəaliyyət Planının “Azərbaycanın seçilmiş məktəblərində məktəb əsaslı təlim proqramı vasitəsilə ekoloji maarifləndirmə üzrə bacarıqların gücləndirilməsi” bəndi üzrə artıq dörd ildir ki davam edən silsilə layihələrdən biri kimi icra edilir. Layihənin əsas məqsədi cəmiyyətdə dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığın artırılması, ekoloji mədəniyyətin, həmçinin məişətdə iqlim dəyişmələrinin qarşısının alınması üçün davranış tərzinin formalaşdırılmasıdır.

 

Layihə çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin təbliği mövzusunda daha bir öyrədici animasiya filminin, həmçinin kiçik yaşlı məktəblilər üçün maarifləndirici video oyun tətbiqinin hazırlanması planlaşdırılıb.

 

 



21.01.2021 | 12:49