Ali məktəblərdə və elmi müəssisələrdə anım tədbirləri | |
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı bir sıra ali məktəblərdə və elmi müəssisələrdə anım tədbirləri təşkil olunub.
“Xalqın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi”
Bakı Dövlət Universitetində (BDU) “20 Yanvar - Xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Universitetin rektoru Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən rektor bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Qanlı hadisədən 31 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını hələ də unutmadığını deyib.
Elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsi olduğunu qeyd edib.
Daha sonra şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun Sosiologiya kafedrasının professoru İzzət Rüstəmov məruzə ilə çıxış edib. Məruzədə 31 il öncə baş verən hadisələr bir daha nəzərdən keçirilib, 20 Yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət təhlil olunub, xalqımızın azadlıq mübarizəsində faciənin oynadığı roldan, BDU tələbələrinin bu dövrdəki xidmətlərindən ətraflı bəhs edilib.
Dəyirmi masa Milli Məclisin üzvü, BDU-nun professoru Jalə Əliyeva, Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Anar İsgəndərov, BDU-nun elmi işçisi Almara Nəbiyeva, hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Əlövsət Allahverdiyev, tarix fakültəsinin magistrantı Nigar Abdullazadənin Ümumxalq Hüzn Gününə həsr olunmuş çıxışları ilə davam edib. ...
Bəşəriyyətə qarşı törədilmiş ən amansız və dəhşətli cinayət...
Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan seminar keçirilib.
Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova 20 Yanvar faciəsinin insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən amansız və dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Qanlı faciənin tarixi nəticələrindən bəhs edən E.Cəfərova 31 il bundan əvvəl Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal amalı uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Minilliklərlə ölçülən zəngin və şərəfli tariximizin 20 Yanvar səhifəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd edilib.
Kafedranın baş müəllimi İlham Məmmədov “20 Yanvar faciəsi Azərbaycanı müstəqilliyə aparan yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dövrün siyasi mənzərəsi, sovet rejiminin və mənfur ermənilərin məkirli planları, xalqımızın ədalətsizliyə qarşı və milli azadlıq uğrunda mübarizəsi, müstəqilliyə gedən yol, dinc əhaliyə qarşı vəhşicəsinə törədilmiş terror aktları və digər məsələlərə toxunulub. Qeyd edilib ki, yüzlərlə dinc əhalinin qətlə yetirilməsi, ağır yaralanması və ömürlük şikəst olması ilə qan yaddaşımıza çevrilən 20 Yanvar faciəsinə ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, faciənin tarixi dərslərindən, 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi və onların əziz xatirəsinin daim uca tutulması istiqamətində görülən işlərdən bəhs edilib. ...
XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti nəticəsi...
Azərbaycan Texniki Universitetində 20 Yanvar faciəsinə həsr olunan anım tədbirində universitetin prorektoru İsa Xəlilov o qanlı gecədə yaşananlar barədə məlumat verərək bildirib ki, yanvarın 20-də xalqımızın başına gətirilən faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Qeyd olunub ki, 1990-cı ildə Bakıda 20 Yanvar və ondan əvvəl baş vermiş faciələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti nəticəsi idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən soyqırımlar və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin davamı idi.
Anım tədbiri İctimai fənlər kafedrasıın müdiri Şikar Qasımov, professor Eyyub Kərimov və 4-cü kurs tələbəsi Zakir Quliyevin çıxışları ilə davam edib.
...
“Torpaqlarımıza zaman-zaman uzanan əllər xalqımızın mübarizə əzmini daha da artırdı”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) anım tədbiri Şəhidlər Xiyabanı və II Fəxri Xiyabandan başlayıb.
Rektor, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti 20 Yanvar şəhidlərinin, eləcə də II Fəxri Xiyabanda dəfn olunan ADNSU-nun Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarının məzarlarını ziyarət edib.
Daha sonra universitetdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan tədbir keçirilib. M.Babanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qələbə qazanması, əzəli torpaqlarına sahib çıxaraq ərazi bötüvlüyünü bərpa etməsi təsadüfü deyildir:”Xalqımızın tarixində baş verən bütün hadisələr, torpaqlarımıza zaman-zaman uzanan əllər xalqımızın mübarizə əzmini daha da artırdı. Vətən müharibəsində qazandığımız şanlı qələbə, xalq-ordu-Ali Baş Komandan birliyi bunu bir daha sübut etdi”.
Qeyd edək ki, bu il ənənəyə uyğun olaraq Azİİ e-Kitab Evində 20 Yanvar hadisələrinə həsr olunan sərgi də təşkil edilib.
...
“20 Yanvar-–tarixin qan yaddaşı”
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “20 Yanvar -tarixin qan yaddaşı” adlı konfransın iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçən I , II Qarabağ müharibəsi iştirakçılarının xatirəsini ehtiramla yad ediblər.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 31 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi barədə danışıb. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış günüdür. Professor N. İbrahimov azadlıq uğrunda canından keçən şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında, xatirəsində daima yaşayacağını, həmişə ehtiramla anılacağını deyib.
Universitetin Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi, dosent Asif İmanlı “ 20 Yanvar əsrin ən böyük faciəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, hadisənin rus imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən, Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cəhdlərinə, törətdikləri qanlı qətliama baxmayaraq, Azərbaycan xalqı haqq mübarizəsindən geri çəkilmədi, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu.
Çıxışlardan sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videofilmə baxış olub.
...
Milli azadlıq hərəkatını dayandırmaq, xalqın müstəqillik əzmini sındırmaq cəhdi...
AMEA Yüksək Texnologiyalar Parkında keçirilən anım tədbirində elmi müəssisəsinin direktoru Vasif Abbasov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda getdikcə güclənən milli azadlıq hərəkatını dayandırmaq, xalqımızın müstəqillik əzmini sındırmaq üçün dinc əhaliyə qarşı həyata keçirdiyi dəhşətli qətliamdan bəhs edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləməsi və bəyanatla çıxış etməsi böyük cəsarət hissinin, eyni zamanda, öz xalqına sonsuz bağlılığın və dərin sədaqətin tarixi nümunəsidir.
Tədbirdə Texnoparkın direktor müavini Zaur Nəhmətov Qanlı Yanvar faciəsi qurbanlarına və şəhid ailələrinə Azərbaycan rəhbərliyi tərəfindən hər zaman qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib. O, ölkəmizdə aparılan uğurlu siyasət sayəsində bu gün Azərbaycanın dünyada stabil inkişaf edən, öz mövqeyini ortaya qoyan, nüfuz sahibi olan bir dövlət kimi tanındığını qeyd edib.
Daha sonra çıxış edən qurumun direktor müavini Zahir Nəsibov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində, milli təfəkkürün inkişafında oynadığı roldan danışıb. Bildirib ki, faciə Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
...
Azərbaycan xalqı iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.
Kitabxananın direktoru, professor Məmməd Əliyev Qanlı 20 Yanvar hadisəsinin müasir tariximizə həm faciə, həm də əzmkarlıq, vətənpərvərlik səhifəsi kimi həkk olunduğunu bildirib:”Həmin gün Azərbaycan xalqı iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi”.
20 Yanvar hadisələrinin canlı şahidi olan MEK-in kitabxana xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova XX əsrin tarixdə inqilablar, xalqların azadlıq mübarizəsi dövrü kimi yadda qaldığını, Azərbaycan xalqının bu əsrdə iki dəfə öz müstəqilliyi uğrunda mücadiləyə qalxdığını qeyd edib. X.İsmayılova 20 Yanvarın Azərbaycanın müstəqillik tarixindəki rolundan və bu yolda canından keçən, şərəf və layəqəti hər şeydən uca tutan şəhidlərin qəhrəmanlığından danışıb.
Sonra 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş 19 yaşlı Rahim Babayevin ailə üzvü, MEK-in əməkdaşı Asya Tofiqlinin çıxışı dinlənilib. O, bildirib ki, Rahim şəhidlik zirvəsinə ucaldığı zaman çox gənc olmasına baxmayaraq, Vətənə sadiq, torpağa bağlı idi: “Bu gün onu deyə bilərəm ki, artıq onun və bütün şəhidlərimizin ruhu şaddır. Üçrəngli bayrağımız indi Qarabağda dalğalanır”.
Tədbirdə MEK tərəfindən hazırlanan, 20 Yanvar hadisələrini əks etdirən video nümayiş etdirilib.
Sonda faciəyə həsr olunan kitablardan ibarət sərgiyə baxış da keçirilib.
|
|
20.01.2021 | 12:23 | |
|
|
|