“20 Yanvar – xalqımızın istiqlal yolu, qəhrəmanlıq səhifəsidir”

Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “20 Yanvar – xalqımızın istiqlal yolu, qəhrəmanlıq səhifəsidir” mövzusunda Microsoft Teams platforması üzərindən tədbir keçirilib.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına yaşatdığı dəhşətli faciə haqqında məlumat verib.

 

Prorektor 2020-ci ildə yaşadığımız 44 günlük Vətən müharibəsindəki Zəfərdən də bəhs edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun gələcək nəsillərə örnək olacaq bir tarix yazdığını bildirib.

 

Tarix-coğrafiya fakültəsinin dosentləri Emma Aslanova və Cavid Bağırzadə, baş müəllimləri Bəxtiyar Məhərrəmov və İlham Məmmədov  20 Yanvar hadisəsinin Azərbaycan tarixinin qanlı, eyni zamanda, şanlı səhifələrindən biri olduğunu deyib:” Həmin faciə zamanı qətlə yetirilənlərin arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub və bu, bir daha sübut edir ki, Vətənin suverenliyi, bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib”.

 

Çıxış edənlər vurğulayıblar ki, həmin hadisələr Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı əzmək, ona mənəvi zərbə vurmaq məqsədilə gerçəkləşdirilmişdi. Lakin bütün bu dəhşətlərə baxmayaraq,  düşmən xalqın azadlıq istəyini əlindən almağa nail ola bilmədi.

 

Sonda qeyd olunub ki, şəhidlərin fədakarlığı, vətən uğrunda həlak olmaları gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsidir və  Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu vandalizm, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

 

 



18.01.2021 | 18:00