ICESCO-nun nümayəndəsi Bakı Dövlət Universitetində olub | |
Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Elm və Texnologiya sektorunun müdiri, professor Rahil Qamar Bakı Dövlət Universitetində (BDU) olub.
Universitetdən bildirilib ki, rektor Elçin Babayevlə keçirilən görüşdə Azərbaycan-ICESCO əlaqələri, əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycanla ICESCO arasında uzunmüddətli və sıx əməkdaşlıq əlaqələrinin inkişafında Prezident İlham Əliyev və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolunu vurğulayan rektor bu münasibətlərin dostluq üzərində təşəkkül tapdığını qeyd edib. O, ICESCO ilə Azərbaycan arasında xüsusilə elm və təhsil sahələrindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib.
Rektor BDU-nun fəaliyyəti, buradakı mövcud təhsil və tədris prosesi, elmi fəaliyyət haqqında qonağa ətraflı məlumat verib, ICESCO-nun Baş direktorunun və nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək təşəbbüsünü, işğal zamanı Azərbaycanın tarixi-mədəni, dini irsinin məhv edilməsinin nəticələrini bilavasitə görmək istəyini yüksək qiymətləndirib.
ICESCO-nun Elm və Texnologiya sektorunun müdiri Rahil Qamar qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq bu səfərin gələcəkdə həm tələbə, professor-müəllim heyəti, həm də hər iki qurum arasında elm və təhsil sahəsində əməkdaşlığa təkan verəcəyini bildirib. O, həmçinin təcrübə mübadiləsi, müxtəlif layihə və proqramlarda iştirakın vacibliyini vurğulayıb.
|
|
15.01.2021 | 11:45 | |
|
|
|