İstedadın, idrakın işığı

Hər insan ömrü bir kitaba bənzəyir. Bu kitab qalın, bər-bəzəkli kağızda, cilddə də ola bilər, adı kağızda da. Ancaq əsas məsələ, dəyər göstəricisi ömür kitabının məzmunu ilə bağlıdır. Necə yaşamışam? Ortada nələr var? Tarixə qovuşan illər hədər getməyib ki?!... Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Paşa oğlu Bəşirovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə təəssüratını qələmə alarkən qanuni iftixar hissi keçirdim. Ötən illərə, anlara nəzər salarkən bir daha əmin oldum ki, illər hədər getməyib. Zəhmətsevərliyi, arayıb-axtarmaq həvəsi, səyilə çalışıb. Çoxlarına nümunə olan bu həyat-ömür yolu haradan başlanıb?

 

İstedadlı, qədirbilən ziyalıları ilə tanınan Neftçala elindən, Xolqarabucaq kəndindən, elcanlı, Vətəncanlı Paşa kişinin ailəsindən... 14 yanvar 1951-ci ildə dünyaya göz açıb. Doğmalarının, yaxınlarının sevincinə, fərəhinə səbəb olub. İndi o illəri xatırlayarkən bir daha əmin olursan ki, el-oba, yurd sevgisinin də öz hüsnü, təravəti var. Bəs necə? Axı el sevgisi, el alxışı insanı daha da ruhlandırır, inama, hərəkətə, uğurlara istiqamətləndirir. Hələ uşaq yaşlarında bir-birindən maraqlı şeirlər, nağıllar söyləyirdi. Özü də bədii şəkildə. Doğmaları, yaxınları hələ o dövrdə onun uğurlu gələcəyinə inanırdılar.

 

Məktəbəqədər dövrdə, orta məktəb illərində də zehni və bir sıra bədii qabiliyyətləri ilə tanındı. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı oldu.

 

Vidadi Bəşirov 1966-cı ildə kənddəki orta məktəbi bitirdikdən sonra ixtisas təhsili almaq haqqında qəti qərara gəlməmişdi. O dövrdə zəruri tələbata çevrilən və iki-üç il istehsalatda çalışmaq məsələsi də gündəmdə idi. Elə bu tələbə də əməl etdi. 1970-ci ildə respublikamızda və onun hüdudlarından kənarda da tanınan, görkəmli ziyalıların yetişməsində çox böyük mövqeyi olan Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil oldu. Arzusunda olduğu coğrafiya fakültəsində təhsil almağa başladı. Sayılıb-sevilən tələbələrdən oldu. Şeirə-sənətə olan həvəsi, vurğunluğu öz yerində. Ancaq doğma yurdun, ətraf aləmin rəngarəng çalarlarını mahiyyət dolğunluğu ilə dərk etmək, daha yaxından tanış olmaq həvəsi də get-gedə artırdı. Bax beləcə, məhz bu həvəslə ali təhsil illəri arxada qaldı. Milli adət-ənənələri ilə öyündüyü Neftçalaya təyinat aldı. Qırmızıkənd orta məktəbində coğrafiya müəllimi kimi müstəqil pedaqoji fəaliyyətə başladı. Elə ilk aylardan şagirdlərinin, onların valideynlərinin, çalışdığı kollektivin rəğbətini qazandı. Bir-birindən maraqlı sinifdənxaric və məktəbdənkənar tədbirlərin, o cümlədən fənn gecələrinin müntəzəm, sistemlə keçirilməsinə nail oldu.

 

Səadət hər kəsin öz əlindədir, - deyənlər haqlıdırlar. Səadətə, uğurlara aparan yollar elə o vaxtlar başladı. Müstəqil pedaqoji fəaliyyətin 3-4 ili ərzində tanınmaq, rəğbət qazanmaq şəxsiyyətin heyrətamiz cəhətlərindən sayılırdı.

 

1978-ci ildə Xəzər kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar tədbirlər üzrə təşkilatçı vəzifəsinə, 1980-ci ildə isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilmək də elə belə adi təyinat deyildi. Zəhmətsevərliyin, təşəbbüskarlığın uğurlu cəhətləri, səmərəli fəaliyyətin başlıca amilləri kimi dəyərləndirilirdi.

 

İstedadlı, təşəbbüskar pedaqoq Vidadi Bəşirovun ildən-ilə artan uğurlarını görənlərin arzusu, istəyi bir oldu: elmi tətqiqat işlərinə qoşulmaq, yaradıcılıq axtarışlarında olmaq. Əslinə qalsa, Vidadi müəllim də bu qənaətə gəlmişdi. Ancaq həmkarlarının, dostlarının istək və xoş arzuları onu bir az da ürəkləndirirdi.

 

1982-ci ilin noyabr ayı. Elmi-pedaqoji fəaliyyətə başlamasının ilk ayı. Məhz həmin ayda görkəmli pedaqoq alimlərin yetişməsində, boy sırasının artmasında çox böyük  mövqeyi olan Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər  İnstitutunun aspiranturasına daxil oldu. Elm aləminə aparan yolun ilk cığırları buradan başlandı. “XIX əsrin ikinci yarısında Azərbaycanda pedaqoji fikrin inkişafına mütərəqqi rus pedaqoji ideyalarının təsiri” mövzusunda namizədlik dissertasiyası üzərində işlədi. Tələb olunan vaxtda tamamlayıb müvəffəqiyyətlə müdafiə etdi, alimlik dərəcəsi aldı.

 

İlk uğurların fərəhi daha yaxşı, inamlı olur, - deyənlər də haqlıdırlar. Elm aləmində inamlı addımlar atdığı institutda səmimi kollektivə sadiqlik nümunəsi göstərdi.

 

V.Bəşirov 1985-ci ildən 1999-cu ilədək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, böyük elmi işçi vəzifələrində çalışdığı illərdə ona göstərilən inamı doğrultdu. 1997-1999-cu illərdə “Tədqiqatçı” Azad Həmkarlar Birliyinin sədri, 1998-1999-cu illərdə isə institutda fəaliyyət göstərən pedaqoji elmlər üzrə ixtisaslaşdırılmış müdafiə şurasının elmi katibi kimi səmərəli fəaliyyət göstərdi.

 

Müxtəlif profilli elmi-tədqiqat institutlarında əməyin elmi təşkili üzrə çalışmaq, təşəbbüskarlıq nümunəsi göstərmək, əlbəttə, diqqətəlayiq cəhətlərdən sayılır. Bununla belə, aparılan tədqiqat işlərinin əsas mahiyyətini elmi-pedaqoji ictimaiyyətə çatdırmaq da əsas fəaliyyət, keyfiyyət göstəriciləri kimi dəyərləndirilir. Bu baxımdan “Nəriman Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəslə aşılanması yolları”, “Məktəbin ailə ilə əlbir işinin demokratik əsaslar üzrə təşkili”, “Azərbaycan maarifpərvərlərinin yaradıcılığında vətənpərvərlik tərbiyəsi məsələləri” və s. adda çap olunan əsərləri məhz bu cür ideya inamının həyata uyarlılığını göstərir.

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vidadi Bəşirovun elmi-pedaqoji fəaliyyətinin son 20 ili respublikamızda və onun hüdudlarından kənarda  da yaxşı tanınan Azərbaycan Dillər Universiteti ilə bağlıdır. Pedaqogika kafedrasının fəal əməkdaşıdır. Səriştəliliyi, əzmkarlığı ilə dərs dediyi tələbələrin, habelə doktorant və dissertantların rəğbətini qazanıb. Dövrün, zamanın tələbilə həmahəng səsləşən mövzularda qələmə aldığı əsərlərlə, respublika və beynəlxalq statuslu elmi-praktik konfranslardakı məruzələrilə, gənc tədqiqatçılara verdiyi faydalı məsləhətlərlə tanınır. Təkcə onu göstərmək kifayətdir ki, son illərdə keçirilən 18 adda elmi-praktik konfransda ən aktual mövzularda məruzə ilə çıxış etmiş, faydalı fikir-rəy mübadilələrinə zəmin yaratmış faydalı tövsiyələrilə diqqəti cəlb etmişdir.

 

Zəhmətsevər alimin yaradıcılıq tərcümeyi-halına diqqət etdikdə bir daha əmin oluruq ki, Vidadi Bəşirov bu möhtəşəm elm-təhsil ocağının sayılıb-seçilən tədqiqatçı müəllimlərindəndir.

 

“Azərbaycan Milli-izahlı Ensiklopedik Pedaqoji Lüğəti”nin, Pedaqogika kafedrası üzrə təhsil proqramının (kurikulumunun), habelə təhsilin magistr pilləsində “İbtidai siniflərdə tədrisin metodologiyası” ixtisası üzrə pedaqoji təcrübənin təşkili və keçirilməsinə dair proqramın və digər əsərlərin həmmüəlliflərindən biri kimi tanınan alimin elmi fəaliyyətinin faydalılıq əmsalı daha parlaq şəkildə nəzərə çarpır.

 

Dosent Vidadi Bəşirov daima axtarışda olan, elmi biliyini artıran, aktual mövzular üzrə məqalələrlə mətbuat səhifələrində müntəzəm çıxış edən həmkarlarımızdandır. Onun son vaxtlar “Azərbaycan müəllimi” qəzetinin səhifələrində dərc olunan məqalələri maraqla qarşılanıb. “Gənc nəsil və milli mənəviyyat”, “Pedaqoji prosesdə əxlaqi münasibətlərin qoyuluşu”, “Pedaqogikanın müasir hədəfləri” və s. məqalələri nəzəri-praktik əhəmiyyətinə görə diqqəti cəlb edir. Müvafiq mütəxəssisləri səriştəli, səmərəli fəaliyyətə ruhlandırır. Özü də ruhlanır. İnanırıq ki, illərdən bəri üzərində işlədiyi və pedaqogika üzrə elmlər doktoru dərəcəsi almaq üçün “Azərbaycan maarifpərvərlərinin mütərəqqi ideyalarının ictimai pedaqoji fikrin inkişafına təsiri” (XIX əsrin sonu, XX əsrin əvvəlləri) mövzusunda tamamladığı dissertasiyanı da uğurla müdafiə edəcək. Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi ilə əlamətdar olan bu günlərdə  hörmətli, ləyaqətli həmkarımızı təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, bundan sonra da xoş, səadətli günlər, illər arzulayırıq. Yaşa-yarat! Hələ yaşamağa dəyər...

 

Vidadi XƏLİLOV,

Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, akademik Mehdi Mehdizadə mükafatı laureatı

 



15.01.2021 | 14:23