BMU aliminin elmi əsəri beynəlxalq e-kitabda

Bakı Mühəndislik Universitetinin (BMU) mühəndislik fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Mirzəyevin “Dişli çarxlar və tətbiqi” adlı elmi əsəri “Mühəndislikdə texnoloji inkişaflar” (Mühendislik alanında teknolojik gelişmeler) beynəlxalq e-kitabında nəşr edilib.

 

Universitetdən bildirilib ki, 2020-ci ilin dekabr ayında İstanbulda türk dilində dərc olunan, 26 fəsildən ibarət kitabın hər fəsli 20-30 səhifədən ibarətdir və hər fəsil bir elmi əsərə həsr edilib.

 

BMU alimi H.Mirzəyevin müəllifi olduğu elmi əsər 16-cı fəsildə (səh. 408-434) yer alıb. Burada dişli çarx reduktorlarının struktur sxemləri araşdırılıb və müqayisəli analiz edilib. Elmi əsərdə, həmçinin ötürmə nisbətinin optimal paylanma üsulları, dişin əyilməyə hesablanma üsullarının müqayisəli analizi, lift qapılarının hərəkət mexanizmi üçün layihələndirilmiş çoxpilləli reduktorun yeni konstruksiyası verilib.

 

Kitab Türkiyənin milli kitabxanası vasitəsilə 18 dövlətin kitabxana bazalarına yerləşdiriləcək. Kitabı nəşriyyatın aşağıda qeyd olunan internet ünvanından ödənişsiz yükləmək olar:

 

http://www.guvenplus.com.tr/guven.../116/bilimsel-kitaplar

 



14.01.2021 | 16:02