GDU-da tələbələrə 100 bal qazanmaq imkanı

Gəncə Dövlət Universitetində (GDU) 2020/2021-ci tədris ilinin  payız semestrinin imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, imtahanlar tələbələrin imtahana qədərki balları nəzərə alınmadan aparılır.

 

Belə ki, tələbələrə əvvəlcədən 300 sualdan ibarət test verilib. Verilmiş 200 sualın cavabı “A” variantında, 50 sualın cavabı qarışıq variantda,  50 sual isə cavabsız şəkildə paylanılıb. Verilmiş cavablı “A” variantında olan 200 sualdan 17-si,  cavabı qarışıq olan 50 sualdan 6-sı, cavabsız 50 sualdan isə yalnız 1-i seçilərək tələbələrə təqdim ediləcək.

 

İmtahan cavablarının hesablanması qaydası da açıqlanıb. 

 

Cavabı A variantında olan 200 sualdan seçilmiş 17 sualın hər birinə 3 bal olmaqla 51 bal,  cavabı qarışdırılmış 50 sualdan seçilmiş 7 sualın hər birinə 6 bal olmaqla 42 bal, cavabsız 50 sualdan seçilmiş 1 sual isə 7 balla  hesablanmaqla tələbəyə 100 bal qazandıracaq.

 

İmtahanda səhv cavablar isə düz cavabları silməyəcək. İmtahanların gedişi zamanı tələbələr nəticələri ilə razılaşmadıqları halda universitet üzrə yaradılmış Apelyasiya Komissiyasına müraciət edə biləcəklər.

 

Microsoft Teams platforması üzərindən keçirilən imtahanlar fevralın 7-də yekunlaşacaq.



14.01.2021 | 14:23