“Mənim aldığım elmi nəticə ən uğurlu hesab olunur” | |
Azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində elm və təhsil sahəsində əldə etdikləri uğurlar hər birimizin qürur mənbəyidir. Öz istedadları ilə işlədikləri nüfuzlu xarici universitetlərdə ad qazanan alimlərimiz şagirdlərimiz üçün örnək nümunəsidir. Onların sorağı dünyanın müxtəlif ölkələrindən, nüfuzlu universitetlərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Elmin çətin yollarında müxtəlif maneələr aşaraq yüksək zirvələrə çatan, öz həyat yolu ilə minlərlə şagird, tələbə, müəllim və gənc araşdırmaçı üçün nümunə olan alimlərimizdən biri də əməksevərliyi, istedadı ilə Amerika və Kanadanın ən gənc alimləri arasında yer alan, ABŞ-ın nüfuzlu “Nyu-York tayms” qəzetində barəsində məqalə dərc olunan Anar Əhmədovdur.
Tanıtım. Anar Əhmədov 1976-cı ildə hazırda erməni işğalı altında olan Cəbrayıl rayonunda anadan olub. 1993-cü ildə Bakı şəhərindəki 58 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1996-cı ildən Amerika Birləşmiş Ştatlarına köçən Anar ali təhsilini Kaliforniya Dövlət Universitetində fərqlənmə ilə bitirib. 2006-cı ildə Kaliforniya Universitetində riyaziyyat sahəsində doktorluq elmi dərəcəsi alıb. O, həm də 2001 və 2003-2004-cü illərdə ABŞ-ın nüfuzlu Berkli və Prinston universitetlərində doktorantura təhsili alıb. 2006-2009-cu illərdə ABŞ-ın Corciya Texnologiya İnstitutunda, Kolumbiya Universitetində, İsveçrənin Sürix, Avstriyanın Vyana universitetlərində köməkçi professor və alim kimi çalışıb. Hazırda ABŞ-ın Minnesota Universitetinin professorudur.
Elmdə ciddi uğurlar qazanan alim-tədqiqatçıların yolu orta məktəbdən keçir, fundamental elmlərin də bazası məhz orta məktəb illərində qoyulur. Bu baxımdan Anar Əhmədovun orta məktəb illərindəki uğurları da maraqlıdır. Buna görə də söhbətimizə hər birimizin formalaşmasında mühüm yeri olan orta məktəbdən başladıq.
- Orta məktəbdə oxuduğum illərdə keçmiş SSRİ Elmlər Akademiyasının keçirdiyi “Kvant” riyaziyyat müsabiqələrinin, ölkəmizdə təşkil olunan riyaziyyat olimpiadalarının qalibi olmuşam. 1993-cü ildə İstanbulda keçirilən 33-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi adına layiq görülmüşəm. Bu yarışmalardakı uğurlar məni riyaziyyat sahəsinə yönəldib, bu elmə güclü maraq yaradıb və daim öz üzərimdə çalışmağı öyrədib. Düşünürəm ki, olimpiadaların şagirdlərin inkişafında rolu çox böyükdür və onların gələcəkdə uğurlu bir mütəxəssis kimi yetişməsinə çox köməklik edə bilər.
- Siz dünyanın fərqli universitetlərində ali təhsil almısınız. Ali təhsilin həyatınızda rolunu necə qiymətləndirirsiniz?
- Ali təhsilin mənim həyatımda rolu çox mühüm olub. ABŞ-da Kaliforniya Universiteti, Berkli və Prinston universitetlərində bir sıra ən güclü riyaziyyatçılardan dərslər almışam və onlardan riyaziyyatın topologiya sahəsini öyrənmişəm. Böyük qardaşım Azər Əhmədovun (hazırda o da mənim kimi ABŞ-da riyaziyyat sahəsində professor kimi çalışır və ABŞ-ın Yale Universitetində doktorluq elmi dərəcəsi alıb) mənim ali təhsilimdə rolu böyükdür. Bu mentorlar və professorların mənim təhsilimdə rolu həlledici olub.
- Siz ABŞ-dan əvvəl Avropa universitetlərində çalışmısınız. Necə oldu ki, Amerikada işləməyə qərar verdiniz? Amerikada hansı çətinliklərlə üzləşdiniz?
- Mən təhsilimin böyük bir hissəsini Amerikada bitirmişəm və bura mənə Azərbaycandan sonra ikinci vətən sayılır. Bu səbəbdən məhz Amerikada çalışmağa və daimi elmi karyeramı burada qurmağa qərar verdim. Tez-tez Avropa universitetlərinə çalışmaq üçün dəvət olunuram. Şübhəsiz ki, Amerikaya ilk gəldiyim illərdə müəyyən maliyyə çətinlikləri ilə üzləşdim və bir müddət sonra hər sey yoluna düşdü.
- İndiki iş yeriniz barədə məlumat verərdiniz. Hazırda hansı elmi mövzu üzərində çalışırsınız? İndeksli jurnallarda məqalələriniz çap olunubmu?
- 2009-cu ildən Minnesota Universitetində (University of Minnesota) professor kimi çalışıram. Üzərində işlədiyim məsələ dörd ölçülü topologiya sahəsində məşhur olan “Hamar Puankare Hipotezi” (“Smooth Poincare Conjecture”) ilə bağlı və ona yaxın olan bir sıra məsələlərdir. Mənim aldığım elmi nəticə bu istiqamətdə hal-hazırda mütəxəssislər tərəfindən ən uğurlu nəticə hesab olunur. Mənim isbatladığım teoremlərdə ən kiçik həcmli və sonsuz sayda ekzotik hamar strukturlar qurulub. Bu işimlə əlaqəli məqalələrim riyaziyyat sahəsində məşhur olan “Inventiones Mathematicae”, “Advances in Mathematics”, “Journal of Europian Math Society”, “Journal of Topology” və bir sıra başqa aparıcı jurnallarda dərc olunub.
- “Simons” Fondunun təqaüdünü qazandınız. Bildiyimizə görə universitet bu il yalnız sizin namizədliyinizi dəstəkləyib. Bu təqaüd sizin üçün hansı imkanlar açır. Təəssüratlarınız necədir?
- Amerikanın “Simons” Fondu 2018-ci il üzrə ABŞ və Kanadanın nüfuzlu universitetlərində tədqiqatlar aparan 52 alimə təqaüd ayırıb. Başqa ali məktəblər kimi, bizim universitetdən də hər il bir neçə daimi professorun namizədliyi irəli sürülür, ancaq son qərar “Simons” Fondu Seçim Komitəsi tərəfindən qəbul edilir. “Simons” Fondunun mükafatı öz sahəsində seçilmiş alimlərə verilir. Qeyd edim ki, mən 2012-ci ildə çox prestijli sayılan “Sloan” Fondunun mükafatına da layiq görülmüşdüm və “New York Times” qəzeti də bu barədə yazmışdı (topologiya sahəsində Amerika və Kanada üzrə iki gənc professordan biri olaraq: www.users.math.umn.edu/~akhmedov/2012_srf_nytimes_ad.pdf). Bu mükafatları almaq mənim üçün çox qürurvericidir. “Simons” mükafatı mənə 2018-2019-cu illərdə Harvard Universitetində tədqiqat aparmaq və oradakı alimlərlə birgə çalışmaq imkanı verir.
- Minnesota Universitetinin azərbaycanlı müəllimi əcnəbi auditoriya qarşısında özünü necə hiss edir? Digər professorlarla münasibətiniz necədir?
- Mən uzun illərdir Amerikada yaşadığımdan, təhsil aldığımdan və işlədiyimdən, eləcə də Amerika vətəndaşı olduğumdan özümü əcnəbi hiss etmirəm. Digər professorların mənə münasibəti də çox yaxşıdır və hazırkı universitetimdən və həmkarlarımdan çox razıyam.
- Amerika universitetində çalışan professorun sərt iş rejimi varmı? Professorun iş günü necə təşkil edilir və onun ştat cədvəlinə hansı vəzifələr daxildir?
- Bəli, sərt iş rejimi var. Məsələn, mən həftənin dörd günü (saat 9.00 - 16.00 arası) mühazirələr oxuyur, seminarlar aparır, çıxışlara qoşulur, tələbələrimlə görüşür və müəyyən komitə iclaslarında iştirak edirəm. İş saatım adətən evdə elmi layihələrim üzərində düşünməklə davam edir. Qeyd edim ki, mühazirə və seminar saatlarını professorlar özləri müəyyən edirlər.
- İmpakt-faktorlu jurnallarda çap olunmaq alimlərin vəziyyətinə, durumuna necə təsir edir?
- Bəli, impakt-faktorlu jurnallarda çap olunmaq alimlərin vəziyyətinə yaxından təsir edir. Müəyyən daimi professor titullarının (assistent-professor, associate-professor və ya full-professor) verilməsində yüksək impakt-faktorlu jurnallarda çap olunmaq çox mühüm rol oynayır.
- Bu gün ABŞ-da elmə yanaşma necədir? Birləşmiş Ştatlarda elm hansı mənbələrdən maliyyələşdirilir?
- Birləşmiş Ştatlarda elmə və təhsilə yanaşma çox yüksək səviyyədədir. Tələbələrin, aspirantların və alimlərin uğur qazanması üçün hər cür şərait yaradılıb. Elmə və təhsilə böyük qrantlar ayrılır (National Science Foundation, National Institute of Health və başqa qurumlar tərəfindən). Qeyd etmək istəyirəm ki, indiki vəziyyət əvvəlki illərlə müqayisədə o qədər də yaxşı deyil. Ancaq bunun müvəqqəti olduğunu düşünürəm.
- Tələbələr üçün Amerika universitetlərində təhsil nə qədər əlçatandır?
- Amerikanın aparıcı universitetlərində bakalavr və magistratura təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur (məsələn, SAT, GRE, GMAT, TOEFL və sair). Düzdür, təhsil haqları ABŞ-da Azərbaycanla müqayisədə çox yüksəkdir, ancaq yaxşı oxuyan tələbələr dövlət, təhsil aldıqları universitetlər və müəyyən fondlar tərəfindən maliyyələşdirilir. Doktoronturaya qəbul şərtləri daha çoxdur və belə tələbələr oxuduqları universitetlər tərəfindən tam maliyyə dəstəyi alırlar. Bizim fakültə hər il doktoranturada oxuyacaq 20-25 tələbə qəbul edir və onlar Minnesota Universiteti tərəfindən tam maliyyə yardımı alırlar.
- Yerli tələbələrin hansı zehni (mental) xüsusiyyətlərini vurğulaya bilərdiniz? Tələbələr elmi tədqiqatlara cəlb olunurmu, hansı kursdan?
- Bizim fakültədə doktorantura tələbələri adətən III kursdan elmi tədqiqatlara cəlb olunurlar. Bundan əvvəl, onlar riyaziyyatın cəbr, analiz və topologiya sahələrindən sınaq imtahanlarını keçməli, özlərinə elmi rəhbər seçməli və daha sonra namizədlik imtahanı verməlidirlər. Adətən bu 3 ilə yaxın çəkir və tələbələr əlavə 2-3 il doktorluq dissertasiyası üzərində işləyirlər.
- Amerika universitetlərində müasir tendensiyalar hansılardır? Ölkəmizin ali məktəblərində nələri görmək istərdiniz?
- ABŞ-da tələbələr kurs seçimlərində xeyli sərbəstdirlər. Tələbələr əksər kursları və dərs saatlarını özləri seçirlər. Burada universitetlərin və orta məktəblərin kitabxanaları həddən artıq zəngindir. Məsələn, istənilən kitab və məqaləni qısa müddətdə əldə etmək olur. ABŞ-da elmə və təhsilə böyük qrantlar ayrılır, yaxşı oxuyan tələbələr qiymətləndirilir və sonradan asanlıqla iş tapa bilirlər. Bütün bunları Azərbaycan ali məktəblərində görmək istərdim.
- Amerikada milli bayramlarımızı necə keçirirsiniz?
- Milli bayramlarımızı ailəmlə və yaşadığım Twin City-dəki (Minneapolis - Saint Paul) dostlarımla birlikdə qeyd edirəm. Bu bayramlardan Novruzu, 28 May Respublika Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü və Ramazan Bayramı evdə, bir qayda olaraq, xüsusi qeyd olunur. Övladlarımız Lalə və Emili milli və vətənpərvərlik ruhunda böyütməyə çalışırıq. Onlar yaxın keçmişimizdə baş vermiş 20 Yanvar, Qarabağın işğalı və Xocalı soyqırımı barədə də geniş məlumatlıdırlar və bu kədərli günlər evimizdə daima anılır.
Amerikalı tələbələr azərbaycanlı professor barədə
Anar Əhmədov Minnesota Universitetinin seçilən gənc alimlərindəndir. Bəs tələbələri onu necə qiymətləndirir? Məlumdur ki, ABŞ-ın bir sıra universitetlərində təhsil alan tələbələr ali məktəbin saytında xüsusi səhifədə anonim qaydada öz müəllimlərini qiymətləndirirlər. Anar Əhmədovla bağlı müsahibəni hazırlayarkən tələbələrinin həmyerlimiz barədə şərhləri ilə maraqlandım. Həmin şərhlərin bəzilərini də məqaləyə əlavə etməyi düşündüm.
“Düşünürəm ki, Anar riyaziyyat müəllimi kimi ideal professordur. O, çox gözəl alimdir və hər zaman tələbələrlə daha çox ünsiyyətdə olmaq üçün vaxt qazanmağa çalışır. O, dərsdənkənar vaxtlarda da tələbələrinə zaman ayırır”.
“Anar mənim sevimli professorum olub. O, materialı çox yaxşı anlayırdı və izah edirdi. Professor çox nümunəvi dərs keçir, heç vaxt dərsin necə keçdiyini hiss etmirdim. Onun verdiyi qiymətlər çox ədalətli idi, hərçənd ki, ondan qiymət almaq asan başa gəlmirdi. Şəxs olaraq o, çox yaxşı insandır, hər zaman öz tələbələrinə kömək etməyə, səmimiyyətlə onların qayğısına qalmağa hazırdır”.
“Əhmədov Minnesota Universitetinin ən yaxşı professorlarından biri idi. Sinifdə mövzuları diqqətlə izah edir və bir çox nümunələr verir. O, həmçinin mühazirələr və iş saatlarında əvəzsizdir. Onun testləri imtahan nümunələrinə oxşardır, amma bir az daha mürəkkəbdir. Mən onu riyaziyyatı, hesablamanı həqiqətən öyrənmək istəyən tələbələrə çox məsləhət görürəm”.
“Professor Əhmədovun mühazirələri çox faydalı və aydın başa düşüləndir. Onun ev tapşırıqlarından bəziləri çətin idi, amma mən dərs vaxtı ondan çox kömək aldım. Onun testləri (seçilən imtahanlar üzrə) bütövlükdə ədalətli və qiymətləndirmə siyasəti çox ağıllı idi”.
“Əla professordur. Kursun materialını ətraflı başa salır”.
“Yaxşı müəllimdir. O, dərsi çox məharətlə keçir”.
Oruc MUSTAFAYEV
|
|
08.06.2018 | 12:49 | |
|
|
|