BMU prorektorunun məqalələri nüfuzlu elmi jurnallarda

 

Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlarının xaricdə nüfuzlu elmi jurnallardakı məqalələrinin sırasına 2021-ci ilin ilk günlərində yeniləri əlavə edilib. Belə ki, universitetin elmi işlər üzrə prorektoru, Maliyyə kafedrasının dosenti Elçin Süleymanovun həmmüəllifi olduğu iki məqalə nüfuzlu elmmetrik bazalarda indekslənən elmi jurnallarda dərc edilib.

 

E.Süleymanovun Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fərhad Rəhmanov, Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, dosent Elmira Qocayeva ilə həmmüəllif olduqları “Pandemiyanın Azərbaycanın turizm sektoruna təsiri” məqaləsi Belarusun Poleski Dövlət Universitetinin “Tourism and Hospitality” elmi jurnalında işıq üzü görüb. Məqalədə COVID-19 pandemiyasının Azərbaycanın turizm sektoruna təsiri tədqiq edilib.

 

Məqalənin tam mətni ilə https://rep.polessu.by/handle/123456789/20702 linki vasitəsilə tanış olmaq mümkündür.

 

BMU dosentinin Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Fərhad Rəhmanov,  həmin universitetin dosenti Şəhla Hüseynova və Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, dosent Elmira Qocayeva ilə həmmüəllif olduqları ikinci məqalə isə “Pandemiyadan sonrakı dövrdə turizm sənayesinin inkişafının real imkanları və məhdudiyyətləri” mövzusuna həsr edilib. Məqalə Rumıniya Milli Statistika İnstitutunun nüfuzlu elmmetrik bazalarında indekslənən “Romanian Statistical Review” jurnalında dərc olunub. Məqaləni https://www.revistadestatistica.ro/supliment/wp-content/uploads/2020/12/A8_en_rrss_12_2020.pdf linkinə daxil olmaqla oxumaq olar.

 

Qeyd edək ki, son bir ildə E.Süleymanovun xaricdə nəşr olunan məqalə və konfrans nəşri 10-dan çox olub və o, tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir. Prorektorun 100-dən çox elmi nəşri dünyanın məşhur elmi-tədqiqat paylaşım portallarından olan Academia.edu, Researchgate.net, Mendeley, Web of Science Thomson Reuters, Growkudos, ORCID ve Scopus şəbəkəsində yer alıb. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey-in eksperti olan BMU dosentinin məqalələri  Azərbaycanda ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.

 

Hazırda alimin məqalələrinə Scopus və Web of Science bazasındakı jurnallardakı istinad sayı 115-dən, Google Scholar-a görə 400-dən çoxdur və Hırş indeksi isə 12-dir. Bu ictimai və humanitar elmlər üzrə Azərbaycanda ən yaxşı göstəricilərdən biri hesab olunur. Bu göstəricilər, eyni zamanda Azərbaycanla əlaqəli tədqiqatlara dünya elmi ictimaiyyətin diqqətini bir daha göstərir.  

 



08.01.2021 | 14:40