Azərbaycan olimpiada hərəkatında mövqeyini möhkəmləndirir | |
Məlumdur ki, ölkəmizdə şagirdlərin fənlərə marağının artırılması, bilik və bacarığı ilə fərqlənən istedadlı uşaqlarıın aşkar olunması, onların rəğbətləndirilməsi öz müsbət nəticələrini verməkdədir. Xüsusi olaraq qeyd edilməlidir ki, Təhsil Nazirliyi tərəfindən yaradılan olimpiada mərkəzlərində xüsusi hazırlıq keçən yetirmələrimizin xoş sorağı artıq beynəlxalq bilik yarışlarından gəlir. May ayında Serbiya və Rusiyada keçirilən olimpiadalardan şagirdlərimizin vətənə medallarla qayıtması Azərbaycanın olimpiada hərəkatında mövqeyini xeyli möhkəmləndirib. Budəfəki yazımız isə mayın sonlarında, iyunun əvvəllərində Moskvada keçirilmış Avropa Fizika Olimpiadasının (EuPHO) qalibləri olan şagirdlərimizlə bağlıdır. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov olimpiadanın gümüş, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov isə bürünc medallarına layiq görülüb.
Dünyanın 23 ölkəsinin iştirak etdiyi bilik yarışmasında Azərbaycan 4 şagird və 2 komanda rəhbəri olmaqla 6 nəfərlik heyətlə təmsil olunub. Qalibləri daha yaxından tanıyaq.
“Əldə etdiyim nəticədə müəllimlərimin əməyi çox oldu”
Məhəmmədcan Məhəmmədcanov, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi: - 16 dekabr 2001-ci il tarixində Bakı şəhərində anadan olub. 2007-ci ildə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda Xalqlar dostluğu “İstək” liseyinin XI sinif şagirdidir. 2016-2017-ci illərdə Asiya Fizika, Beynəlxalq Fizika, Jautıkov, Beynəlxalq Meqapolis olimpiadalarında iştirak edib. 2016-cı ildə Rusiyada keçirilən Fizika Olimpiadasında qızıl, “İstedadların hazırlığı” laboratoriyası müsabiqəsində bürünc medal qazanıb. 2017-ci ildə isə qızıl medala layiq görülüb.
Əldə etdiyim nəticədə, nailiyyət qazanmağımda, təbii ki, müəllimlərimin əməyi çox oldu. Onların əziyyəti sayəsində fizikanı daha dərindən öyrəndim və bunun olimpiadadakı nəticəmə çox böyük təsiri oldu. Gələcəkdə arzum aerokosmik mühəndisliyi üzrə xaricdə təhsil almaq, ölkəmin adını daim uca tutmaqdır.
“Qazandığım uğurlara görə dövlətimizə minnətdaram”
Mehdi Ağacanov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi: - 17 iyun 2001-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2007-ci ildə Bakıdakı 165 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. VIII sinifdə oxuyarkən fizika fənn olimpiadalarında fərqlənib. Əldə etdiyi yüksək nəticələr nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən təşkil olunan xüsusi olimpiada hazırlıq kurslarına dəvət olunub. Bununla da beynəlxalq olimpiada hərəkatının fəal iştirakçılarından biri kimi 2016-cı ildə Qazaxıstanın Almatı şəhərində hər il keçirilən Jautıkov, 2017-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçirilən Ümumdünya İPHO fizika olimpiadalarında iştirak edib. 2017-ci ildə Moskvada keçirilən məktəblilərin fizika, riyaziyyat, informatika və kimya olimpiadasında paytaxt Bakını təmsil edərək bürünc, cari ilin mayında isə 2-ci EuPHO Avropa üzrə fizika fənn olimpiadasında gümüş medallara layiq görülüb.
- Moskva Olimpiadası bizim üçün uğurlu keçdi. Medallar uğrunda güclü rəqabət var idi. 2 mərhələdə keçən Avropa olimpiadasında təqdim olunan tapşırıqlar xeyli çətin idi. Lakin ciddi hazırlıq keçdiyimizdən uğur qazana bildik. Qazandığım uğurlara görə valideynlərimə, müəllimlərimə, Təhsil Nazirliyinə və dövlətimizə minnətdaram. Hazırda Portuqaliyanın paytaxtı Lissabon şəhərində məktəblilər arasında keçiriləcək Ümumdünya İPHO olimpiadasında yüksək nəticə göstərmək üçün hazırlaşıram.
“Şagirdlərimizin hazırlığını çox yüksək qiymətləndirirəm”
Komandamızın rəhbəri Naqif Nəbiyev: - Moskvada keçirilən Avropa Fizika Olimpiadasının nəticələrini yüksək qiymətləndirmək olar. Olimpiada 2 mərhələdə - 5 saat davam edən eksperimental və nəzəri mərhələdə keçdi. Eksperimental mərhələdən sonra şagirdlər bir gün dincəldilər. Nəzəri məsələlər olduqca maraqlı idi. Şagirdlərimiz 2 medal qazandılar. Ümid edirəm ki, növbəti olimpiadalarda uğurlarımız daha yüksək olacaq. Deməliyəm ki, olimpiada sualları orta məktəbin tədris proqramlarından kənara çıxır, onları cavablandırmaq üçün dərin hazırlıq mərhələsi çox vacibdir. Uşaqlarımız lazımi hazırlıq mərhələsi keçdiyindən olimpiadanın sual və tapşırıqlarına cavab verə bildilər. Məlumdur ki, bu cür olimpiadalara gələn şagirdlər öz ölkələrində xüsusi hazırlıq keçirlər. Yəni, kompleks hazırlıq tələb olunur. Adətən beynəlxalq olimpiadaların bağlanış mərasimi, qaliblərin mükafatlandırılması çox yüksək səviyyədə təşkil olunur. Qalib komandanın şərəfinə dövlət bayrağının qaldırılması mərasiminə bu ölkənin diplomatik nümayəndəliyinin əməkdaşları da qatılır, bu isə şagirdləri və komandanı daha da ruhlandırır. Bu çox arzuolunan haldır.
Qeyd edək ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlər sayəsində şagirdlərimiz bir sıra mötəbər bilik yarışlarında uğur qazanıblar. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri istedadlı şagirdlərin olimpiadalarda yüksək səviyyədə iştirakını təmin edib.
Oruc MUSTAFAYEV
|
|
08.06.2018 | 10:07 | |
|
|
|