“İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans | |
Dekabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.
YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir.
Milli Məclisin deputatı Nigar Arpadari vurğulayıb ki, işğaldan azad edilmiş rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan xalqı bu gün çoxəsirlik tarixinin şərəfli mərhələsini yaşayır.
Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun Vətən Müharibəsində tarixi qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında saxladığı əzəli torpaqlarımızın azad etməklə, milli çağdaş tarixinə şanlı səhifə yazdı. Bu misilsiz qələbə həm də məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına, dayanıqlı inkişaf məqsədlərinin ölkəmizin bütün ərazisində həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.
Nazir müavini bu qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirik ki, ilk növbədə bu istiqamətdə aşağıdakı tədbirlər həyata keçirilməlidir.
Ümumi məqsəd:
F.Qurbanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
O əlavə edib ki, BMT-nin 17 dayanıqlı inkişaf məqsədindən 4-cü “Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün bütün ömrü boyu oxumaq imkanlarının dəstəklənməsi”dir.
Nazir müavini bu məqsədlə bağlı müəyyənləşdirilmiş hədəflər üzrə əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Azərbaycanda təhsil sistemində aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma səviyyəsi, ibtidai təhsili başa vurma səviyyəsi, təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılmışdır.
Ölkəmizdə müsbət demoqrafik vəziyyət nəticəsində son illərdə I sinfə gələn şagirdlərin sayında əhəmiyyətli artım olmuşdur. Belə ki, 2013-cü ilə nisbətən 2020-ci ildə bu göstərici 16,6% artmışdır. Ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilmiş, 2013-cü ilə nisbətən bu göstərici 15.3% artmışdır.
Ölkəmiz TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak etmişdir. Bu tədqiqatda IV sinif şagirdləri təmsil olunmuşdur. Tədqiqatın 8 dekabr 2020-ci il tarixində rəsmi elan olunmuş nəticələrinə əsasən, Azərbaycanın riyaziyyat üzrə göstəricisi 515, təbiət elmləri üzrə isə 427 bal olmuşdur. Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə etmiş, şagirdlərimiz tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşmış, regionda ən yüksək nəticə göstərən ölkə olmuşdur.
Tədrisdə İKT-dən istifadə və distant təhsil imkanlarının genişləndirilməsi baxımından bu günədək ölkə üzrə ümumilikdə 4140 təhsil müəssisəsi (bütün təhsil müəssisələrinin 93 faizi) internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuşdur.
2018-2019-cu tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Hazırda layihə 222 məktəbdə tətbiq edilir və 118 mindən çox şagirdi əhatə edir. Bu imkanlar işğaldan azad olunmuş ərazilərdə yaradılan təhsil müəssisələrində də həyata keçiriləcək.
Təməl bacarıqların uşaqlıq dövründən əldə edildiyi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların ümumtəhsil məktəblərində məktəbəhazırlığı son 5 ildə 20 faizdən 80 faizə çatdırılmışdır. Məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində uşaqların məktəbəhazırlığı təmin edilmişdir.
UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi davam etdirilmişdir. Beynəlxalq təcrübəyə əsaslanan, 50 şəhər və rayonda 466 icma cəlb edilməklə həyata keçirilən bu layihənin əhatə etdiyi qrupların sayı artırılaraq 500-ə çatdırılmışdır. Bu layihənin tətbiqi Qarabağın rayonlarında da həyata keçirilməsi nəzərdə tutulur.
Ölkənin sosial-iqtisadi inkişaf perspektivləri nəzərə alınaraq, hazırda peşə təhsili xüsusi diqqət yetirilən prioritet sahələrdən biridir. Bütün peşə təhsili müəssisələrində monitorinq aparılmış, beynəlxalq təcrübə əsasında rasionallaşdırma tədbirlərinə başlanmışdır. Peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq bu istiqamətdə işlər növbəti illərdə də davam etdiriləcəkdir.
“Azərbaycanda peşə təhsilinin inkişafına Avropa İttifaqının dəstəyi” proqramı çərçivəsində 4 layihənin icrasına başlanmış, Koreya Hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində Bakı şəhərində müasir peşə təhsili mərkəzi yaradılmış və fəaliyyətə başlamışdır.
Nazir müavini qeyd edib ki, ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarətdir. Bu baxımdan, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət üzrə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması nəzərdə tutulmuşdu.
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsilə bağlı təsis edilməsi gözlənilən 5 beynəlxalq ikili diplom proqramlarından ilk 3 proqram artıq fəaliyyətə başlamış, 4-cü proqram üzrə danışıqlar davam edir.
İkinci istiqamət üzrə isə Dövlət Proqramı çərçivəsində 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə 34 nəfər Azərbaycan vətəndaşı müvafiq proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanmışdır.
Koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarı ilə ali, orta ixtisas və peşə təhsili müəssisələri üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan 30 mindən çox tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilmişdir.
Bununla yanaşı, hər il ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 mindən çox məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, əlil olan tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
İnsan hüquqları və azadlıqları, o cümlədən gender bərabərliyi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi müəyyənləşdirilmişdir. “Təhsil haqqında” Qanunda “bərabərlik” təhsilin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilmiş, təsbit edilmişdir ki, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
F.Qurbanov diqqətə çatdırıb ki, bu gün ölkəmizdə ümumi təhsildə müəllimlərin 79%-ni, təhsil alanların isə 46%-ni qadınlar (qızlar) təşkil edir. Peşə təhsilində bu göstəricilər müvafiq olaraq 69 və 25%, orta ixtisas təhsilində 78 və 64%, ali təhsildə 54 və 50% təşkil edir.
Azərbaycanda qadınların elm sahəsində təmsilçiliyi də yüksək səviyyədədir. Belə ki, magistratura səviyyəsində təhsil alanların 54%-i, ali təhsil müəssisələrində çalışan fəlsəfə doktorlarının 51%-i, elmlər doktorlarının 46%-i qadınlardır. Hazırda doktorantların 56%-i qadınlardır.
Son illərdə təhsil müəssisələri rəhbərləri arasında qadınların çəkisi artmaqdadır. Belə ki, hazırda 6 rektor (13%), 37 prorektor (21%), 15 kollec direktoru (28%), 36 direktor müavini (31%), 11 peşə təhsili müəssisəsinin direktoru (13%), 40 direktor müavini (45%), 1244 ümumtəhsil məktəbinin direktoru (33%), 3965 direktor müavini (54%) qadınlardır.
Ölkə Prezidenti tərəfindən Azərbaycanda inklüziv təhsilin inkişafı üzrə 2018-2024-cü illəri əhatə edən Dövlət Proqramı təsdiq edilmiş və həyata keçirilməkdədir. Proqramın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Təhsil Nazirliyinin UNICEF-lə birgə həyata keçirdiyi layihə çərçivəsində 4 pilot məktəbdə 66 sağlamlıq imkanları məhdud şagird inklüziv təhsilə cəlb olunmuşdur. İnklüziv təhsil fiziki, psixi, intellektual və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq, şagirdlərə öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilmək, eyni mühitdə böyümək, həyata və cəmiyyətə fəal inteqrasiya olunmaq imkanı yaradır.
Ümumi təhsil müəssisələrində tədris edilən ayrı-ayrı fənlər üzrə təhsilin məzmununda əksər dayanıqlı inkişaf məqsədləri və hədəfləri ilə bağlı standartlar müəyyənləşdirilmişdir. Belə ki, 17 məqsəd üzrə müəyyən edilmiş 169 hədəfdən 106-sı hazırda ümumi təhsil sistemində tətbiq edilən 176 standartda nəzərə alınmışdır. Həmin standartlar III-XI sinifləri və 10 fənni əhatə etmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi, məzmun islahatları çərçivəsində Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədi hazırlanmışdır. Sənəd hazırlanarkən Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin nəzərə alınması barədə İşçi qruplarına müvafiq tövsiyələr verilmiş və bu sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmişdir.
Təhsil Nazirliyi Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi və maarifləndirmə işlərinin aparılması istiqamətində YUNESKO-nun Assosiativ məktəblər layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsini davam etdirmiş, məktəblərimiz “Dünyanın ən böyük dərsi” aksiyasına qoşulmuşdur. “Dünyanın ən böyük dərsi” üzrə artıq dərs nümunələri Azərbaycan dilinə tərcümə olunmuş və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) internet səhifəsində yerləşdirilmişdir. Nazir müavini əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura səviyyəsində “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə kadr hazırlanır.
F.Qurbanov diqqətə çatdırıb ki, “COVID-19” pandemiyası ilə əlaqədar ümumi təhsil müəssisələrinin şagirdləri üçün 11 mart 2020-ci il tarixindən etibarən hər gün 5-6 saat “Mədəniyyət” və “ARB Günəş” telekanalları üzərindən “Dərs vaxtı” verilişi yayımlanıb, ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. “Dərs vaxtı” verilişinin yeni tədris ilində 2000-ci buraxılışı efirə gedib. Tədris ilinin sonuna kimi bu rəqəmin 6 minədək çatması gözlənilir. Cari ilin aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verilib. 2020-ci təqvim ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1380657, müəllimlərin sayı 127104, aktiv istifadəçi sayı 1039694, platformada keçilmiş dərslərin sayı 6 mln. 150 min təşkil edib.
Növbəti illərdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq işlər davam etdiriləcək. Strategiyanın məqsədi ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.
Çıxışının sonunda F.Qurbanov əmin olduğunu bildirib ki, olduqca əhəmiyyətli mövzuya həsr olunan tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən dəyərli fikirlər və irəli sürüləcək təkliflər tədbirin işinə öz töhfəsini verəcəkdir.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu söyləyib.
Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.
|
|
08.01.2021 | 10:47 | |
|
|
|