Professor Fərrux Rüstəmova açıq məktub

Hörmətli professor Fərrux Abbas oğlu Rüstəmov!

 

Sizin - pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı və respublikamızın tanınmış ziyalısının 60 yaşı tamam olur. 60 illik ömrün işığında  biri-birinin ardınca ötüb keçərək tarixə qovuşan bu illərin hər biri nə qədər çətinliklər yaşatsa da, onlar ömrünüzün yaddaqalan anları kimi  sizə doğma və əzizdir. Həm müəllim, həm də alim kimi qazandıqlarınız bu gününüzə ən qiymətli bir töhfədir. Onları xatırlamaqla unutduqlarınızı tapacaqsınız və bundan məmnun qalacaqsınız. Bu məktubumda da həmin hadisələrin  bəziləri ilə sizi baş-başa qoymaq istədim.

 

Şövkət ananın arzuları

 

1961-ci ilin qışında (01 yanvarda) Qədim Göyçənin Cil kəndində dünyaya göz açmağınız Rüstəmovlar ailəsinə böyük sevinc bəxş etdi. Kənd həyatının özünəməxsus çətinlikləri, maddi sıxıntılar olmasına baxmayaraq valideyn sevgisi ilə böyüyürdünüz. Lakin atanızın vaxtsız vəfatı bu çətinlikləri bir az da artırdı. Əminizin yaxın köməyi ailənizdə vəziyyətin nisbətən yaxşılaşmasına səbəb olsa da,  bu kömək ata niskilinə üstün gələ bilmədi. Ailənin yükü Şövkət ananın,  bir də evin birinci övladı kimi sizin - balaca Fərruxun çiyinləri üzərinə düşdü.Sövkət ana  övladlarını hamıdan yaxşı, qayğısız böyütmək, atasızlığı onlara hiss etdirməmək üçün  var qüvvəsini sərf edirdi. Həyat yoldaşının əmanəti olan dörd oğul övladının sağlam böyüməsinə çalışır, onların təhsilli olmasını, inkişaf etməsini arzulayırdı. 

 

Ümid çıraqdır

 

Təhsil cəmiyyətin ən zəruri atributlarından biridir. Hər zaman insanın formalaşması, inkişaf etməsi üçün təhsil amilinə istinad olunub. İnsanlar özlərinin ümidlərini təhsilə bağlayıblar. Gələcəklərinə gedən yolu işıqlandırmaq, onu daha da aydınlaşdırmaq üçün təhsilin qüdsiyyəti olan ziyasından bir çıraq kimi istifadə ediblər. Ona ümid yeri kimi baxıblar. Siz də hələ  Cil kənd orta məktəbində oxuduğunuz müddətdə bu müqəddəs ümid çırağına yeganə imkan kimi baxmısınız. Məktəbə gedəndə də, məktəbdən qayıdıb ev təsərrüfatında ailəyə  kömək edəndə də kitab oxumaqdan, öyrənməkdən usanmamısınız. Ona yeganə ümid çırağı kimi baxmısınız. Hətta oxumaqda sinif yoldaşlarınıza, dostlarınıza dəstək də olmusunuz.

 

Tələbəlik illərinin sınaqları

 

...Müəllimlər müqəddəs bir işlə məşğul olurlar. Onlar düşündüklərini, bildiklərini öz şagirdlərinə öyrədirlər. Həm də səliqəli-sahmanlı geyimləri ilə fərqlənirlər. Maraqlı söhbətləri ilə diqqəti cəlb edirlər. Bəlkə, onlar bu bildiklərini sehirli bir aləmdən alıb gətirir, şagirdlərinə bəxş edirlər... Hələ lap aşağı siniflərdə sizi düşündürən bu qəribə ritorikalar yuxarı siniflərə qalxdıqca aydınlaşdı. Müəllim əməyinin mahiyyətində olan çətinliyi, lakin çətin olduğu qədər də xeyirxahlığı duymağa başladınız. Elə bu arzu, missiya da sizi 1978-ci ildə V.İ.Lenin  adına  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) İbtidai təhsilin  pedaqogikası və metodikası fakültəsinə gətirdi. Burada təhsil aldığınız illərdə (1978-1982) tələbəlik illərinin maddi çətinliklərini, ağırlığını yaşadınız. Lakin bütün bunlar sizi qorxutmadı, əksinə, daha da fəal olmağa sövq etdi.  İctimaiyyətçi, həm də yaradıcı, tədqiqatçı tələbə oldunuz. Fakültə Əlaçılar Şurasının, eləcə də Tələbə Elmi Cəmiyyətinin sədri kimi məsuliyyətli vəzifələr sizə həvalə olundu. Respublika miqyaslı müxtəlif tədbirlərdə iştirak edərək döş nişanları, diplomlar aldınız. O dövrün ən yüksək təqaüdünə - Lenin təqaüdünə  layiq  görüldünüz.

 

Elə sizin tədqiqatçılığınız da bu illərdən başladı. “Gənc müəllim”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri” qəzetlərində çıxışlar etməyə başladınız.

 

1982-ci ildə institutu bitirən kimi təyinatınızı Quba rayonunun Rəngidar kənd səkkizillik məktəbinə verdilər. Siz orada müəllim, sonra məktəb direktoru işlədiniz. O dövrdə Quba rayon “Şəfəq” qəzetinin müxbiri kimi də fəaliyyət göstərdiniz. Məktəbdə işlədiyiniz illərdə həm müəllim, həm də təhsil idarəçisi kimi təcrübə topladınız.

 

Siz dərs deyəndə də, məktəb direktoru olanda da həmişə elmi yaradıcılığa həvəs göstərir, müşahidələr əsasında ümumiləşdirmələr apararaq mətbuatda çıxışlar edirdiniz. Elmi-pedaqoji tədqiqatlar aparmaq barədə düşünürdünüz.

 

Niyyətin hara, mənzilin ora

 

1985-ci idə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına qəbul  elanını  görəndə  sevindiniz və bu müsabiqədə iştirak etməyi qarşıya məqsəd qoydunuz. Necə deyərlər, “Niyyətin hara, mənzilin ora”. Qəbul imtahanlarını uğurla verib “Pedaqogika nəzəriyyəsi və  tarixi” ixtisası üzrə əyani aspiranturaya qəbul olundunuz. Akademik Hüseyn Əhmədovun rəhbərliyi altında “Azərbaycan Sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)” mövzusunda namizədlik dissertasiyası üzərində işlədiniz. Vaxtından əvvəl müdafiə edərək pedaqoji elmlər namizədi  alimlik dərəcəsi aldınız. 2003-cü ildə isə “Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etdiniz. Daha sonra doğma  institutun divarları arasında addımbaaddım böyüdünüz, aspirantlıqdan elmlər doktoru, professor, elmi işçilikdən fakültə dekanı vəzifəsinə qədər yüksəldiniz. Ən başlıcası siravi müəllimlikdən  “Əməkdar elm xadimi” kimi yüksək bir mərtəbəyə çatdınız. Elmin enişli-yoxuşlu yollarında Azərbaycan pedaqoji elminin klassiklərindən olan akad. Hüseyn Əhmədovun məsləhətlərinə tapındınız. Azərbaycan pedaqoji fikir tarixində təkrarolunmaz bir cığır açdınız. Əvvəla, onu deyim ki, pedaqoji fikir tarixinin yaradıcısı kimi müəlliminiz Hüseyn Əhmədovla elmi yaradıcılıq yolunu birgə addımlayan yolçular oldunuz. Burada dünya filosofu Konfutsinin  belə bir fikri yadıma düşür: “Müəllim və şagird birgə boy atır”. Siz, doğrudan da, bir-birinizi zənginləşdirdiniz. Hüseyn Əhmədov sizin şəxsinizdə müasir dövrün ciddi bir pedaqogika, təhsil tarixçisinin boy atması ilə fəxr eləməyə başladı. Siz isə pedaqoji fikir tarixini yaradanlardan öyrənə-öyrənə yeni ruhla pedaqoji fikir tarixçisinə çevrildiniz. Özünüz demişkən, Hüseyn Əhmədovdan, digər klassiklərdən yaza-yaza yazmaq öyrəndiniz. Bu günə qədər həm pedaqogikanın nəzəri və praktik sahələri, həm məktəb və pedaqoji fikir tarixi, həm də təhsilin müxtəlif sahələri ilə bağlı ardıcıl tədqiqatlar apardınız, müəllimlərə, məktəblərə lazım ola bilən əsərlər yazdınız. 40 monoqrafiya, kitab və kitabça, 31 tədris proqramı, 250-dən çox elmi məqalə, 40 tezis, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet yazısının müəllifi oldunuz.

 

Pedaqoji fikir tarixinin yeni səhifələri

 

Siz yaradıcılığa hələ tələbəlik illərindən başlamısınız. İlk məqalələriniz tərbiyə məsələlərinə həsr olunsa da, 80-ci illərin sonundan etibarən ardıcıl olaraq pedaqoji fikir tarixi ilə məşğul olmusunuz. Xüsusilə Azərbaycan pedaqoji elminin inkişaf tarixini tədqiqat obyektinə çevirmisiniz. Əslində siz bu problem üzrə “Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin tədqiqi” (1988), “Azərbaycanda təlim nəzəriyyəsinin inkişaf tarixindən (1961-1980-ci illər)” (1988), “1961-1980-ci illərdə Azərbaycan pedaqoji elmində estetik tərbiyə nəzəriyyəsinin inkişafına dair” (1989), “Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən” (1992), “Azərbaycanda məktəbşünaslıq məsələlərinin tədqiqinə dair (1961-1980-ci illər)” (1999), “Azərbaycanda pedaqoji elmlərin inkişaf tendensiyaları” (1994), “Azərbaycanda pedaqoji terminologiyanın inkişafı tarixindən”(1997), “Azərbaycanda pedaqoji elmin təşəkkülü, inkişafı və problemləri” (1998),  “Müasir dövrdə Azərbaycanda pedaqoji elm” (1998), “XX əsrdə Azərbaycanda pedaqoji elmin inkişafı” (1999), “Azərbaycanda pedaqoji elmin inkişaf yolları” (2003), “Azərbaycan pedaqogikaşünaslığı” (2016)  kimi əsərlərinizi yazmaqla Azərbaycan pedaqoji fikir tarixinə yeni ab-hava gətirmisiniz. Bu əsərlərinizlə  Azərbaycan pedaqoji fikir tarixinin yeni səhifələrini yazmısınız. Heç təsadüfi deyil ki, 1998-ci ildə “Azərbaycanda pedaqoji elm: təşəkkülü, inkişafı və problemləri” monoqrafiyası nəşr olunarkən prof. Nurəddin Kazımov bu əsəri  “pedaqogika elmində yeni hadisə” kimi dəyərləndirmişdi. Həqiqətən, bu fundamental tədqiqat əsərinizdə Azərbaycan pedaqoji elminin aktuallığını itirməyən, öz əhəmiyyətini saxlayan nəzəri-metodoloji  problemlər, şəxsiyyətin formalaşması, didaktikanın nəzəri və praktik məsələləri, tarixi-pedaqoji irsin tədqiqi, pedaqoji elmin inkişafını şərtləndirən başlıca amillər, pedaqoji elmlərin inkişafında beynəlxalq əlaqələrin rolu, eləcə də müasir dövrdə Azərbaycanda pedaqoji elm kimi konseptual xarakterli məsələlər əhatə olunur.

 

Bu əsər birmənalı şəkildə sizin pedaqogika tarixçisi kimi tarixi mövzuda olan yanaşma tərzinizi meydana qoyur. Bir müəllif olaraq tarixiliklə müasirlik arasında ədalətlə dayanırsınız. Onlara müasir müstəvidə yanaşa bilirsiniz. Həmçinin oxucunu bu tarixi mövzuların sehrində saxlamağı bacarırsınız.

 

Sizin yaradıcılığınızda Şərq, Qərbi Avropa və ABŞ-da təhsil-tərbiyə tarixinin araşdırılmasına həsr olunmuş tədqiqatlarınız xüsusi yer tutur və özünəməxsus cəhətləri ilə fərqlənir. Yeri gəlmişkən qeyd edək ki, 2000-ci illərdə elmi yaradıcılığınızda  dünya pedaqoji fikir tarixinə dair ciddi araşdırmaların nəticəsi kimi meydana çıxan irihəcmli əsərlərlə rastlaşırıq: “Şərqdə pedaqogika tarixi”(2002), “Qərbdə pedaqogika tarixi” (2003), “Yeni dövrün pedaqogika tarixi”(2004), “Ən yeni dövrün pedaqogika tarixi” (2005). Biri-birinin ardınca nəşr olunan bu əsərlərdə dünyanın pedaqoji fikir yükünü daşıyan insanların portretlərini, onların yaşadığı dövrün xüsusiyyətlərini, eyni zamanda pedaqoji düşüncələri əlaqələndirən təhsil nəzəriyyələri və cərəyanlarını səciyyələndirmisiniz. Həmçinin tarixi-pedaqoji ornamentlərin müasir zamanla bağlılığını açıqlamısınız. Onlar bu gün sadəcə öyrənilməklə qalmır, həm də müasir pedaqoji düşüncəyə təsir etməklə  onu qidalandırır.

 

Siz dünya pedaqoji incilərini əhatə edən əsərlərinizin əsasında fundamental xarakterli “Pedaqogika tarixi”(2006, 2011) dərsliyinizi yazmısınız. Bu kitab nəşr olunarkən mütəxəssislər zəngin tematikasına və əhatəli məzmununa görə onu sizin yaradıcılığınızın şah əsəri kimi qiymətləndirmişlər. Akad. Hüseyn Əhmədov belə bir əsərin yazılmasını igidlik hesab etmişdir. Prof. Əjdər Ağayev isə bu əsərə görə sizi mükəmməl pedaqogika tarixçisi adlandıraraq klassik pedaqoqlara sadiq qaldığınızı, müasirlik düşüncəsi ilə onları inkişaf etdirdiyinizi və sanballı bir elmi mövqe sərgilədiyinizi xüsusi olaraq dəyərləndirmişdir.

 

Azərbaycanın zəngin milli məktəb və pedaqoji fikir tarixi vardır. Orada insanlıq, onun inkişafı üçün nəyi desən, tapmaq mümkündür. Dediyiniz kimi, tarix özünün müasirliyi ilə canlıdır. Doğrudan da, pedaqoji fikir tariximizdə müasirliyi ilə diqqəti cəlb edən faktlara hər an rast gəlmək mümkündür. Siz bir tədqiqatçı kimi bu həqiqəti daha aydın görə bilmisiniz. Ona görə də N.Gəncəvi, M.V.Vidadi, M.P.Vaqif, Q.B.Zakir, M.Ə.Rəsulzadə, Ə.Y.Seyidov, M.M.Mehdizadə, M.Ə.Muradxanov, B.B.Komarovski, Xəlil Fikrət, A.Q.Rzayev, Ə.Ş.Həşimov, H.M.Əhmədov, Ə.A.Ağayev, Y.R.Talıbov, Ə.S.Tağıyev kimi şəxsiyyətlərin pedaqoji fikir və düşüncələrini tədqiqat obyektinə çevirmisiniz, onlara kitablar, məqalələr həsr etmisiniz. Bütün bu tədqiqatların nəticəsi olaraq pedaqoji fikir tarixinə dair biblioqrafiyalar hazırlayıb çap etdirmisiniz.

 

Müasir ruhlu pedaqogikanın müəllifi

 

Hörmətli Fərrux müəllim, siz tarixə, tarixi hadisələrə yalnız  bir tarixçi kimi deyil, həm də müasir dünyanın gözü ilə baxırsınız. Yeniliklərə, pedaqoji innovasiyalara fəal və yaradıcı münasibət bəsləyirsiniz. Təhsil islahatının ilk illərindəki müzakirələri və orada etdiyiniz konseptual çıxışları yaxşı xatırlayıram. O vaxt yeni kurikulumların hazırlanmasına başlayarkən ümumi pedaqoji prinsiplər məhz sizin təklifləriniz əsasında müəyyənləşdirildi. Sonralar ali təhsil sistemində ilk kurikulum nümunəsi - “Pedaqogika fənn kurikulumu” sizin elmi rəhbərliyiniz və təşkilatçılığınızla yazıldı.

 

Siz pedaqoji elmə tərbiyə nəzəriyyəsinə dair yazılarınızla gəlmisiniz. Və  bütöv elmi yaradıcılığınızda pedaqogika nəzəriyyəsi ilə məşğulluğunuzu ardıcıl olaraq bu gün də davam etdirirsiniz. 40 ilə yaxın yaradıcılıq dövründə bir müəllim kimi ali məktəb auditoruyalarında pedaqoji fikir tarixi ilə yanaşı, həm də pedaqogika fənnindən mühazirələr oxumusunuz. Eyni zamanda təlim və tərbiyənin nəzəriyyəsi ilə bağlı araşdırmalar aparmısınız. Kitablar, məqalələr yazmısınız. Bu gün “Təlimdə geridə qalan şagirdlərlə müəllimin işinin məzmunu”(1993), “Bəzi pedaqoji anlayışların şərhinə dair” (1997), “Təhsilin humanistləşdirilməsi və yeni pedaqoji təfəkkür” (2000), “Pedaqoji texnologiyalar” (2001), “Yeni təlim texnologiyaları” (2003), “Təhsildə beynəlxalq əlaqələr” (2005), “Azərbaycanda ümumi təhsilin məqsəd və vəzifələri” (2005), “Distant təlim texnologiyaları” (2012), “Təlim prosesinin  amilləri” (2013)  və s. bu kimi müasirlik ruhu ilə zəngin olan əsərləriniz sizi cəmiyyətə, xüsusilə pedaqoji ictimaiyyətə pedaqogika nəzəriyyəçisi kimi tanıtdırmışdır.

 

Hazırda ali məktəblərimizdə  sizin “Pedaqogika. Yeni kurs” (2002, 2007, 2010), “Ali məktəb pedaqogikası” (2007) dərsliklərinizdən istifadə olunmaqdadır. Onlara müasir pedaqogikanın nümunələri kimi istinad edilir. Çünki bu kitabların hər birində  müasir məktəbdə gedən dəyişikliklərin xüsusiyyətləri, şagird, tələbə və müəllimlərin fəaliyyətləri, təhsilin məzmun və texnologiyalarında, qiymətləndirmə  sistemində olan yeniliklər öz əksini tapmışdır. Onlar sizi müasir ruhlu pedaqogikanın müəllifi kimi tanıtmaqdadır.

 

Xarici ölkələrdə nəşr olunan əsərlərin müəllifi

 

Sizin milli zəmində yazılan və azərbaycançılıq məfkurəsini zənginləşdirən bütün əsərləriniz Azərbaycan pedaqoji elminə böyük töhfədir. Onlar təkcə Bakıda deyil, Moskva, Səmərqənd, Çeboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tiflis şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilmişdir. Rusiya Təhsil Akademiyası 2000-ci ildə sizin akad. Hüseyn Əhmədovla birgə yazdığınız “Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri” əsərinizi nəşr etmişdir. İlk pedaqoq alimsiniz ki, “Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə” (Tehran, “Xorşidafərin” nəşriyyatı, 2010, 377 s.) adlı kitabınız İran İslam Respublikasında çap olunmuşdur.

 

Biblioqrafiyalar, salnamələr müəllifi

 

Hörmətli Fərrux müəllim, sizin yaradıcılığınızda pedaqoji elmin cəfakeş hesab etdiyiniz nümayəndələrinə böyük bir ehtiramın olduğu aydın görünür. Siz bu münasibəti tərtib etdiyiniz biblioqrafiyalarda, yazmış olduğunuz bioqrafik xarakterli salnamələrdə aydın ifadə etmisiniz. Bu gün akad. Hüseyn Əhmədovun, prof. Yəhya Kərimovun, Yan Amos Komenskinin əsərlərini tərtib etdiyiniz kitablardan, həmçinin akad. Hüseyn Əhmədov, prof. Əmrulla Paşayev, dos. Əyyub Tağıyev, dos. Tapdıq Məmmədov və başqaları haqqında məlumatları onlar haqqında yazdığınız monoqrafik araşdırmalardan oxumaq mümkündür.

 

Elmi-pedaqoji kadr hazırlığı sahəsində xidmətlər

 

Sizin elmi fəaliyyətinizin bir istiqamətini də elmi kadr hazırlığı təşkil edir. Bu vaxta qədər 3 elmlər, 21 pedaqogika üzrə fəlsəfə doktoruna elmi dərəcə almaq üçün opponentlik etmisiniz. Müdafiə edərək alimlik dərəcəsi alan 20 doktorantın elmi rəhbəri olmusunuz. Müxtəlif dövrlərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Dissertasiya Şuralarında sədr müavini, üzv fəaliyyət göstərmisiniz. Sədrlik etdiyiniz Dissertasiya Şuralarının iclaslarında 18 elmlər doktoru, 146 fəlsəfə doktoru dissertasiya müdafiə etmişdir.

 

Mükafatlar, təltiflər

 

Sizin böyük yaradıcılıq fəaliyyətiniz həmişə təltiflərlə qarşılanıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, “Gənc alimlər” və “Qızıl qələm” mükafatları laureatları olmusunuz. “Avropa Nəşr Mətbu evi” komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı (2009), “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” (2010) döş nişanı ilə təltif edilmisiniz. “Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsr Azərbaycan ziyalıları”, ADPU-da “İlin müəllimi” (2007), “İlin alimi” (2011, 2013, 2015) müsabiqələrinin qalibi olmusuz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildə “Tərəqqi medalı”na, 2012-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüsünüz. 

 

Hörmətli Fərrux Abbas oğlu Rüstəmov!

 

Bu gün bir pedaqoq, müəllim, təhsil təşkilatçısı  olaraq sizin ən böyük  mükafatınız  həm də tələbələrinizin, həmkarlarınızın, təhsildə tərəfdaş olan valideynlərin, vətəndaşlıq missiyasını həyata keçirən pedaqoji ictimaiyyətin hər bir üzvünün hörmət və məhəbbətidir. Qoy bu hörmət və məhəbbət dolu mükafat və təltiflər həmişə sizinlə olsun! 60 illik bir alim ömrünün uğurları kimi  sizə sevinc bəxş etsin!

 

60 illik yubileyiniz mübarək!

 

Hörmətlə,

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 

 



08.01.2021 | 13:35