“Hələ deməyə çox sözüm var”

2020-ci il ölkə Prezidenti  İlham Əliyevin müvafiq sərəncamı ilə “Könüllülər ili” idi. Könüllülük hərəkatına təhsil işçiləri də böyük töhfə verdi. Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə şagirdlərinə könüllü dərs deyən pedaqoqlar da oldu.  Təqaüddə olmalarına baxmayaraq, “Dərs vaxtı” layihəsində könüllü iştirak edən iki müəllim - Nüşabə Məmmədova və Qita Veyseyskaya  Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub.

 

Qərbi Azərbaycandan başlayan yol

 

Həmin müəllimlərdən biri  - Nüşabə Məmmədova “Azərbaycan müəllimi” qəzetinə özünün uğur hekayəsini danışıb. Sözlərindən belə məlum olur ki, Nüşabə  xanım həyatı boyu birincilərdən olmağı artıq vərdişə çevirib.  Qərbi Azərbaycandandır. Orta məktəbi qızıl medalla bitirib. Ali təhsil almaq üçün  Azərbaycana gəlib. Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki GDU) kimya-biologiya ixtisası üzrə ali təhsil alıb. Təhsilini bitirib yenidən Qərbi Azərbaycana qayıdaraq müəllimlik fəaliyyətinə başlayıb: “Əvvəllər həkim olmaq istəyirdim. Ancaq qız olduğum üçün, sadəcə müəllimlik barədə düşünə bilərdim. Ermənistanda yalnız ibtidai sinif müəllimliyi üzrə kadr hazırlanırdı. Ona görə fərqli ixtisas üzrə təhsil almaq üçün Azərbaycana gəlməliydim. Burada isə yalnız Gəncə şəhərində qohumlarım yaşayırdı. Ona görə də Gəncədəki ali məktəbi - Gəncə Dövlət Pedaqoji İnstitutunu seçdim. Bir imtahan verib “5” aldım və o vaxtkı qaydalara görə ali məktəbə daxil oldum. Yaxşı oxuduğum üçün institut rəhbərliyi mənə təhsil müəssisəsində qalıb işləməyi təklif etdi. Ancaq razılaşmayıb elimə-obama qayıtdım”.

 

1973-cü ildən başlayan karyerasına 1988-ci ildə o da daxil olmaqla, azərbaycanlıların öz yurd-yuvalarından qovulmasıyla ara verib. Araya dözülməz qaçqın həyatı sığışdıran Nüşabə müəllim həmin vaxta qədər Ermənistan təhsil sistemində  fərqlənməyi bacarmışdı. 15 illik fəaliyyətində  pillə-pillə  yüksəlməyə başlamış, direktor müavini olmuş, hətta “baş müəllim” adı qazanmışdı. Ancaq olacağa çarə yoxdur. Qaçqın müəllim olmaq da varmış qismətində.

 

Qaçqınlığın ağrı-acısından başı ayılan kimi isə hər şeyə yenidən, sıfırdan başlayıb: “Qaçqınları məktəblərdə yerləşdirirdilər. Məni də indiki Binəqədi rayon 99 nömrəli tam orta məktəbə göndərdilər”.

 

Çox keçmədən 15 illik təcrübə öz sözünü deyib. Azərbaycan məktəbində Qərbi Azərbaycandan gələn biologiya müəlliminin sorağı sürətlə yayılmağa başlayıb. Hazırlıqlı şagirdləri olimpiadalarda göstərdikləri nəticələrlə müəllimindən bəhs etdirməyi bacarıblar. 

 

2006-cı ildə “Tərəqqi” medalına, 2008-ci ildə “İlin müəllimi” adına layiq görülən Nüşabə Məmmədova 2015-ci ildən Əməkdar müəllimdir. “Həyat bilgisi” fənnindən 8 dərsliyin həmmüəllifidir.

 

“Qazandığım hər uğurun arxasında məhz fəaliyyətim durur”

 

Ömür boyu sevilən, ehtiyac duyulan müəllimlərdən olub.  Təqaüd yaşı tamam olsa da, 5 il müddətli müqavilə ilə məktəbdəki fəaliyyətinə davam edib: “1997-ci ildə yaşayış yerimə yaxın olduğu üçün iş yerimi 83 nömrəli məktəb-liseyə dəyişdim. İndiyədək bir neçə məktəb direktoru “Elçi daşının üstündəyəm” deyib  məni öz məktəbinə dəvət edib. Hər zaman işimlə seçilib, fəaliyyətimlə fərqlənmişəm. Dəfələrlə seçilənlərdən olmuşam və bunun səbəbi ilə maraqlananda eşitdiyim cavab məni qürurlandırıb. Fəxr edirəm ki, 70 yaşım olmağına baxmayaraq, hələ uşaqlara lazımam. 8 dərslikdə adım var və hər ailədə, hər evdə adım səslənir, məni tanıyırlar. Bu yaşımda da təhsildə hələ deməyə çox sözüm var. Özümü hələ təhsilə lazımlı kadr hesab edirəm. Ona görə də istənilən layihədə sevə-sevə, ürəkdən iştirak edir, təmənnasız olaraq şagirdlərə müəllim, müəllimlərə təlimçi olaraq əlimdən gələn köməyi əsirgəmirəm. Xüsusən, rayonlarda yaşayanlara nə kömək lazım olsa, etməyə hazır olduğumu, demək olar ki, hər təlimdə demişəm. Müraciət edən hər kəsə əlimdən gələn köməyi əsirgəməmişəm. Dövlət İmtahan Mərkəzi ilə də sıx əməkdaşlıq edirəm, bunker müəllimlərindənəm. Təhsildə qiymətləndirmə ilə bağlı İngiltərədə olmuşam. Nailiyyətlərimdən danışarkən fəxrlə deyə bilərəm ki, bu illər ərzində qazandığım hər uğurun arxasında məhz fəaliyyətim durub”.

 

Ailədə də uğur

 

Nüşabə müəlllim, sadəcə məktəbdə yox, elə ailədə də uğur dalınca uğur qazanıb. 4 övlad anası yaxşı idarəçi olduğunu ailədə də təsdiqlədiyini deyir: “İki övladım özüm kimi məktəbi medalla bitirdi. Əgər medal ləğv edilməsəydi, digər 2 övladım da medalçı olacaqdı.  Hər biri ali təhsilini də uğurla başa vurub müxtəlif sahələrdə nailiyyətlərini davam etdirdilər. Artıq estafeti nəvələrim alıb. İndi onların qazandığı nailiyyətlərlə sevinirəm”. 

 

Ruhiyyə DAŞSALAHLI

 



08.01.2021 | 12:27