Vətənə sipər oğullar... | |
Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin ŞƏRƏF, ŞÖHRƏT, ZƏFƏR salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin məzunları, tələbələri, işçiləri ilk günlərdən könüllü olaraq qatıldılar; hünər və cəsurluq nümunələri göstərərək Qələbə salnaməsinə imzalarını qoydular.
Erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik: “Qarabağ Azərbaycandır!”.
Müharibə bitdikdən sonra tərxis olunan işçilərimiz bir-bir sıralarımıza qayıdır. Tərxis olunmuş döyüşçü tələbələrimiz də tədris prosesinə qatılmaqdadır. Döyüşdən qazi kimi qayıdanlarımız da var. Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını qurban verən oğullarımıza qayğı daim diqqət mərkəzindədir və Yeni İl ərəfəsində onların ailələrini ziyarət edib, lazımi diqqət göstərməyi özümüzə mənəvi borc bilmişik.
Amma çox təəssüf ki, heç bir müharibə itkisiz, qansız, qurbansız ötüşmür. İkinci Qarabağ savaşında canından keçib şəhidlik zirvəsinə ucalanlar arasında universitetin tələbə və məzunları da oldu. Onların müqəddəs xatirəsi kollektivin hər bir üzvünə əzizdir və bütün tədbirlərdə daima minnətdarlıqla yad edilir.
Bu gün tələbə-məzunumuz, baş leytenant Vüsal Kazımovun şəhid kimi torpağa tapşırılmasından 40 gün keçir. Vüsal fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi İqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Ötən ilin əvvəlindən Lənkəran şəhər Uşaq Gənclər və İdman Məktəbinin direktoru təyin edilmişdi. Rayonda, universitetdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin təşkilatçısı və iştirakçısı kimi tanıyırdıq onu. Həm də dəyərli həmkarımız, universitetin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun yeganə oğul övladı idi.
Kamran müəllim müharibənin ilk günlərindən Vüsalın döyüş yolu ilə bağlı xəbərləri bizimlə həvəslə paylaşar, açıq-aydın döyüşçü oğlu ilə qürur duyardı. Bu sevincdən hamımıza pay düşərdi. Çünki Vüsal təkcə yetirməmiz, ictimai fəal kimi yox, həm də vətənimizin cəsur övladı, hərbçisi kimi bizə əziz, doğma idi!
Cəsur ürəkli məzunumuz Füzuli, Cəbrayıl şəhərləri və kəndlərinin azad olunmasında əzmkarlıq, qəhrəmanlıq göstərib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 15 noyabr 2020-ci il tarixində şəhidimizin nəşi neytral zonadan götürülüb və 29 noyabr tarixində ailəsinə təhvil verilib.
Yaşadığı Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbristanlığında torpağa tapşırılan Vüsal Kazımovun dəfnində minlərlə insan, bütün universitet kollektivi iştirak edirdi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vüsal Kazımovun ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi onun döyüş şücaətlərindən xəbər verir.
Vətənin çətin günündə özünü sipər edən bütün şəhidlərin- həmçinin Vüsal Kazımovun xatirəsi bizə əzizdir. Torpağı Vətən edənlər, qürur və şərəfimizi bizə qaytaranlar, erməni qəsbkarlarının cavabını layiqincə verənlər, qisasımızı düşməndə qoymayanlar-hamınıza minnətdarıq! Vətən var olduqca, siz də varsınız! Bu gün Vüsalın timsalında bütün şəhid tələbə və məzunlarımızın xatirəsini bir daha ehtiramla yad edir, ruhunuz şad olsun deyirik. Siz qalibiyyət, əbədiyyət yolunun şərəfli yolçularısınız. Siz şəhadətə könüllü getdiniz ki,
Vətən sağ olsun!!!
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor
|
|
07.01.2021 | 13:31 | |
|
|
|