Bakı Mühəndislik Universitetində anım tədbiri | |
Bakı Mühəndislik Universitetində Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib. Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 200 ildən bəri davam edən Ermənistanın Azərbaycana olan ərazi iddiaları və təcavüzləri Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli həddə çatmış və tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermişdir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali yollar nəzarətə götürüldüyündən dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşlar. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olmuş, əsir düşmüş, girov götürülmüşdür. Rektor qeyd edib ki, Xocalı hadisələri əsl soyqırımıdır. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Ermənilər hətta meyitlərə də işgəncə vermişdir ki, bu da insanlıqla bir araya sığmayan hərəkətdir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti olan ulu öndər Heydər Əliyev tərəfindən fərman imzalanmışdşr. Xocalı faciəsi ulu öndərin ikinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan hüquqi–siyasi qiymətini almış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Bu gün də ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad olunması və xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınması üçün uğurlu işlər aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının təfərrüatlarını, baş verdiyi şəraiti və fəsadlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mühüm işlər görür. Rektorun çıxışından sonra tədbir iştirakçıları “Xocalı soyqırımı şahidlərin dili ilə” adlı sənədli filmi izləyiblər. |
|
26.02.2018 | 16:00 | |
|
|
|