SDU-da “Açıq qapı” günü

İyunun 7-də Sumqayıt Dövlət Universitetində İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.  

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 14 may 2018-ci il tarixli 354 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalandı. Əmrə əsasən sessiya başlamazdan öncə imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb.

 

SDU-da yaz semestrinin imtahan sessiyası iyunun 4-də başlayıb, iyulun 5-dək davam edəcək. İmtahanlar 7 fakültə üzrə yazılı şəkildə aparılacaq.

 

Sonra ictimai nəzarət şurasının üzvləri və digər müşahidəçilər imtahan keçirilən auditoriyalarda olublar. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim-koordinatorların nəzarət etməsini, imtahanların obyektiv keçirilməsini yüksək qiymətləndirdilər.

 

Sonra SDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov müşahidəçilərlə görüşərək, imtahan prosesinin təşkilindən və keçirilməsindən, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən və universitetdə təhsilin, tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışıb.

 

 



07.06.2018 | 18:46