BMU rəhbərliyi canlı yayımda tələbələrin suallarını cavablandırıb

Bakı Mühəndislik Universitetinin (BMU) Texnopark və İnnovasiya Mərkəzinin dəstəyi ilə “BMU - da distant təhsilin və onun qiymətləndirilməsinin təşkili” mövzusunda onlayn görüş keçirilib.

 

Mərkəzin müdiri Elçin Yusubovun moderatorluğu ilə baş tutan görüşdə öncə universitet rəhbərliyinin çıxışlarına yer ayrılıb.

 

BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov pandemiya vəziyyətinin çətinliklərinə baxmayaraq, semestrin uğurla başa çatdığını diqqətə çatdırıb. Professor Nazirlər Kabinetinin qərarı və Təhsil Nazirliyinin əmrinə əsasən, universitetin Elmi Şurasında qərara alınmış payız semestrinin imtahan sessiyasında tələbələrə tətbiq olunacaq güzəştlər barədə danışıb.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Bayram Hüseynzadə son 1 ildə pandemiya səbəbindən təhsildə müəyyən çətinliklərin yarandığını bildirib. Prorektor universitet rəhbərliyinin daima BMU tələbələrinin yanında olduğunu və onlardan heç zaman öz dəstəyini əsirgəmədiyini vurğulayıb.

 

Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov universitetin beynəlxalq əlaqələr istiqamətində görülən işlərindən söz açıb. O, BMU-nun Koreyanın İnha Universiteti ilə birgə ikili diplom proqramına əlavə sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsi haqqında məlumat verib.

 

Elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov universitetdə elmi tədqiqat işinin vəziyyəti barədə danışıb. O, Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə tələbələrin çox aktiv olduğunu dilə gətirib. Ənənəvi olaraq aprel ayında  keçirilən “Gənc tədqiqatçıların beynəlxalq elmi konfransı”ndan söz açan prorektor gənc tətqiqatçıları bu konfransda iştirak etməyə dəvət edib. E.Süleymanov, eyni zamanda, MBA tələbələrinin doktoranturada təhsili məsələsinə də toxunub. Çıxışının sonunda qarşıdakı imtahan sessiyasında bütün tələbələrə uğurlar arzulayıb.

 

Daha sonra canlı yayımda BMU-nun prorektorları tələbələrin suallarını cavablandırıb.



31.12.2020 | 14:04