AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq haqqında  müqavilə imzalanıb.

 

İmzalanma mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti  Müzəffər Şəkəri, Türkiyənin  Əməkdaşlıq və Koordinasiya  Agentliyinin (TİKA) sədri Serdar Çam, Türkiyə Maarif Fondunun sədri Birol Akgün, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova, Dövlət Dil Komissiyasnın yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər rəsmi şəxslər, həmçinin hər iki universitetin nümayəndələri iştirak ediblər.

 

Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və  OSTİM Texniki Universitetinin rektoru Murat Yülek imzalayıb.

 

Sənədə əsasən, AzTU-da tədris olunan ingilis dili fənni üzrə OSTİM Texniki Universitetinin standartları, müvafiq tədris proqramları tətbiq olunacaq. OSTİM Texniki  Universiteti tərəfindən təqdim olunan tədris proqramları tələbələrin dinləmə, yazma, oxuma bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin texniki terminologiyanın mənimsənilməsinə də imkan yaradacaq. Yeni standartların tətbiqi xarici dil fənninin tədrisinin 3 semestrə qədər artırılmasını təmin edəcək. Eyni zamanda bütün səviyyələr üzrə dərsliklərin alınması, aralıq və yekun qiymətləndirmə imtahanlarının keçirilməsi, kursun yekununda tələbələrə OSTİM Texniki Universitetinin sertifikatlarının verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, OSTİM Texniki Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan ingilis dili kitablarında QR. (Quick Response) kodu tətbiq olunub.

 

Çıxış edənlər AzTU-nun OSTİM Texniki Universiteti ilə bu əməkdaşlığının beynəlxalq təhsil sisteminə inteqrasiyası kimi dəyərləndirib. Bu əməkdaşlığın həm də eyni ortaq dəyərlərə malik qardaş ölkələrin tarixi birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.

 



31.12.2020 | 12:03