BDU ilə Küveyt universitetləri arasında əlaqələr genişlənir

Azərbaycanın çoxşaxəli xarici əlaqələrində, o cümlədən mədəniyyət, elm və təhsil sahəsindəki əməkdaşlığında ərəb ölkələri ilə münasibətlər mühüm yer tutur. Bu xüsusda ölkəmizlə Küveyt dövləti arasında əlaqələr son dövrlər inkişaf etməkdədir. Bakı Dövlət Universiteti (BDU) və Küveytin Azərbaycandakı səfirliyi elm və təhsil sahəsində birgə layihələr həyata keçirir.

 

Universitetdən bildirilib ki, BDU ilə Azərbaycanın Küveytdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində şərqşünaslıq fakültəsinin Tərcümə (ərəb dili) ixtisasının IV kurs tələbəsi Neymət Məmmədov Küveyt Universitetinin Dillər Mərkəzinin ərəb dili təlimlərini müvəffəqiyyətlə başa vurub.

 

Küveyt Universitetinin Dillər Mərkəzində təhsil alan N.Məmmədov ölkəmizi və BDU-nu xarici ölkə tələbələri arasında təmsil edib.

 

O, Küveytdə ölkəmiz haqqında dolğun məlumatın yerli ictimaiyyətə çatdırılması işində fəallıq göstərib, Azərbaycanın Küveytdəki səfirliyinin tədbirlərində, ölkəmizin əlamətdar günlərində aktiv iştirak edib, ictimai təşəbbüskarlığı ilə seçilib.

 

Qeyd edək ki, N.Məmmədovun şərqşünaslıq fakültəsində təhsil aldığı müddətdə də ümumi orta müvəffəqqiyyət göstəricisi yüksək olub və o,  sosial fəallığı ilə hər zaman seçilib.

 

 



28.12.2020 | 10:19