Ay Laçın, can Laçın ...

44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Təqvimdə 1 dekabr 28 il Vətən, yurd həsrəti çəkən laçınlılar üçün müqəddəs tarixi gün oldu. Bu tarixi gün Laçın rayon təhsil ictimaiyyəti tərəfindən də böyük  sevinc hissi ilə qarşılandı...  

 

Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov 1992-ci ildə məcburi köçkün düşəndə 11 yaşı olub. Amma kəndlərini, ordakı hər daşı, hər çığırı, hər bulağı xatırlaya bilir:

 

- Ali Baş Komandanın qətiyyəti nəticəsində Laçın həsrətimizə son qoyulub. Bizi qarşıda xoş günlər gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə o torpaqlarda çox işlər görəcəyik. Böyük qayıdışla bağlı planlarımız, layihələrimiz təbii ki, çoxdur. Bunları qürur hissi ilə həyata keçirəcəyik. Möhtəşəm tədbirlərin Laçında, Şuşada, eləcə də digər işğaldan azad edilmiş bölgələrimizdə olması xəyallarımız şükürlər ki, gerçəkləşib. Kollektivimizdəki 2360 pedaqoji işçinin, məktəblərimizdə təhsil alan 13615 şagirdin hər biri Ali Baş Komandanın əmri ilə torpaqlarına qayıdacaqları günü böyük sevinc hissi ilə gözləyir.

 

Uşaq olaraq çıxdığım Laçına müəllim kimi qayıdacağam

 

Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbin müəllimi Şəbnəm  Uğurlu da Laçınla bağlı xatirələrini paylaşıb:“Ali Baş Komandana, Müzəffər və Rəşadətli  Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm, sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Prezidentin qətiyyəti, ordunun şücaəti, oğulların qanı, canı hesabına bu gün yüz minlərlə insan öz doğma yurduna, elinə-obasına qayıtmaq sevincini yaşayır. Bu gün təkcə biz deyil, eyni zamanda vətən həsrəti ilə dünyadan köçən minlərlə insanın, illərdir yağı düşmənin tapdağı altında qəbirləri qalan əcdadlarımızın ruhları şaddır.

           

Sevinirəm ki, ağlayaraq çıxdığımız evimizin qapısını qələbə çalmış məğrur xalqın övladı kimi gülərək, qürur hiss ilə açacağıq. Övladlarımız doya-doya doğma yurdda, o dağlarda, dərələrdə, çaylarda böyüyəcək . Uşaq olaraq çıxdığım Laçına yüzlərlə uşaqların təhsil yoluna çıraq tutan atamın, nənəmin yolunu fəxarətlə davam etdirən bir Azərbaycan müəllimi olaraq qayıdacağam. Daha neçə-neçə vətənpərvər, cəsur ürəkli laçınlı yetişdirəcəyəm. Yaşa Ali Baş Komandan,Yaşa Azərbaycan ordusu! Yaşa ey məğrur xalq!”

 

Laçını görmək arzusu ilə böyüdü şagirdlərimiz

 

Taxtakörpü qəsəbə tam orta məktəbin sinif müəllimi Raziyyə Həşimova da sevinclidir, çünki  28 ildən sonra elinə - obasına  qayıdır, qalib kimi: “İllər öncə, doğulduğum, böyüdüyüm Vətənin qucağından zorla qoparıldım. İstəmədən! Göz yaşlarıyla uzaqlaşdım! Heç zaman üzüm gülmədi!  Qarabağın, doğma yurdum Laçının düşmən əsarətində olmasıyla  heç vaxt barışmadım. Qismət məni müəllimlik peşəsinə gətirdi.  Şagirdlərimə Vətəni tanıtmaq və əsl vətəndaş olmağı öyrətdim.  Hər zaman Vətəni görmək arzusu ilə böyüdü şagirdlərimiz…

 

Laçınla bağlı böyük arzularım var. Laçında yaşayıb-yaratmaq, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaqdan gözəl heç nə ola bilməz mənim üçün. Bu Qələbəni bizə yaşadan Azərbaycan ordusuna, Prezidentə böyük minnətdarlığımı bildirirəm”.

 

Laçında şagird ola bilməsəm də,  müəllim kimi qayıtmağa  hazıram

 

Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbin müəllimi  Zəhra Mirzəyeva deyir ki, həyatının ən xoş və həyacanlı günlərini Vətən müharibəsinin davam etdiyi 44 gündə yaşayıb: “28 il öncə Laçınımızdan ayrı düşdük . Laçından uzaq düşsəm də, bu gün fəaliyyət göstərdiyim Quşçu kənd tam orta məktəbində laçınlı şagirlərə doğma dilimizi tədris edə bildiyimə görə özümü xoşbəxt müəllim hesab edirəm. Şagirdlərimizin Laçın sevgisi məni daha çox qürurlandırır. Artıq əzablı-əziyyətli günlərimiz geridə qalıb. Qısa zamanda Ali Baş Komandanın rəhbərliyi altında sıx, bir yumruq kimi birləşən xalqımız Vətən üçün qəhrəmanlıq səhifələri yazdı. Dağlar qartalı Laçınımızın bizə təhvil verilməsi isə bu səhifənin şərəf nöqtəsi oldu. Bu gün mən xəritəsi tamamlanmış, ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın azad vətəndaşıyam. Sözsüz ki, bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsidir. Laçında şagird ola bilməsəm də,  müəllim kimi ora qayıtmağa  hazıram”.

 

Yurd həsrətimiz sona çatdı

 

Laçın rayon Habil Həsənov adına Mişni kənd tam orta məktəbin müəllimi Şəlalə Hüseynova bildirib  ki, Laçının işğaldan azad olunması həyatının ən xoş xəbəri oldu:  “Doğma diyarım, gözəl Mişni kəndi Laçın rayonunun ən səfalı kəndlərindən biridir. 18 may 1992-ci il bütün laçınlılar kimi mənim də həyatımın  qaranlıq günlərinə çevrildi. Gözəl təbiəti, təmiz havası, suyu ilə  21 il yaşadığım doğma kəndimdən məcburi köçkün düşdüm.  Ən gözəl illərimiz, günlərimiz o yerlərdə əsir qaldı. 28 il  həyatın ən ağır anlarını yaşadıq. Bu ağrılar içində yaşayaraq daima öz şagirdlərimə layiqincə təhsil verməyə çalışdım.

 

Nəhayət ki, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət nəticəsində  44 günlük Vətən  müharibəsi  xalqımıza yenidən həyat verdi, 30 ilə yaxın yurd həsrətimiz sona çatdı. 2020-ci il dekabrın 1-i doğma Laçınımız işğaldan azad olundu. Qaçqın, köçkün adı üstümüzdən götürüldü. Vətənimizin ərazi bütövlüyü bərpa edildi”.

 

Biz evimizə qayıdırıq

 

Laçın rayonu 7 nömrəli tam orta məktəbin direktoru Varaşil İbrahimov da  28 ilin hər gününü qələbə  ümidi ilə yaşayanlardandır:” Prezident  İlham Əliyevin apardığı daxili və xarıci siyasətin uğurları, Azərbaycanın iqtisadi qüdrətinin artması bizə ümid verirdi ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq. Artıq bu gün işğal altında olan bütün torpaqlarımız azaddır. 44 günlük Vətən müharibəsi  Ali Baş Komandan İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin zəfəridir! Biz evimizə qayıdırıq. Tezliklə öz doğma rayonumuza, kəndimizə dönəcək və müəllimlik fəaliyyətimi doğma kəndimdə davam etdirəcəyəm”.

     

Rəşad ZİYADOV



25.12.2020 | 15:00