Qalib Komandan

Çoxdandır, Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan və dünya siyasətində yeri və  çürük mifləri dağıtmaq bacarığı barədə yazmaq istəyirdim.

 

2003-cü ildə Azərbaycan Respublikasının Prezidentliyinə İlham Əliyevin namizədliyini hər bir vətənpərvər azərbaycanlı kimi mən də dəstəklədim. Həyat yolu barədə məlumatlı olan  hər kəsə aydın idi ki, Azərbaycan üçün ən layiqli prezident  məhz  İlham Əliyev ola bilər.  Ölkə rəhbərinə xas olan siyasi təcrübə, yüksək səviyyəli bilik, qərar qəbuletmə bacarığı, beynəlxalq təcrübə, vətənpərvərlik kimi keyfiyyətlər bu insanda cəmlənib. Zamanında dünyanın ən aparıcı diplomatik institutlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, oranın müəllimi olmuş və bu sahədə alimlik dərəcəsi almış çox az sayda azərbaycanlılardan biridir. Bir neçə dildə sərbəst, intellektual məharətlə danışa bilir.  Azərbaycan Milli Olimpiya Komitəsinin (1997-ci ildən) sədri kimi  beynəlxalq sahədə təcrübə qazanmış, beynəlxalq tədbirlərin təşkilatçısı olmuş, SOCAR-ın birinci vitse - prezidenti olaraq  Azərbaycanın neft siyasətinin qurulmasına ciddi töhfələr vermiş, bu siyasətin müəlliflərindən biri olmuşdur. Həm oxuduğu dövrlərdə, həm də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən siyasətin dərinliklərini mənimsəmişdir.

 

Təkcə Azərbaycanda deyil, keçmiş sovet məkanında bu cür  geniş və hərtərəfli bioqrafiyası olan çox az sayda siyasətçi tapmaq olar. İlham Əliyevin titanik fəaliyyəti Azərbaycan xalqının 2003-cü ildə verdiyi qərarın nə qədər doğru olduğunu bir daha sübut etdi. Cənab Prezidentin həyatı barədə 100-lə məqalələr yazılıb, kitablar çap olunub. Onun haqqında hələ uzun illər də yazılacaq.  

 

Bu yazıda cənab Prezidentin Azərbaycana düşmən olanların  təsir dairəsinin genişliyindən, həmin ölkələrin nüfuzunun böyüklüyündən  zərrə qədər çəkinməyərək, öz xalqına, onun birliyinə arxalanaraq, səbir və təmkin, ağıl və cəsarət nümayiş etdirərək, xüsusi bir bacarıqla heç kimin edə bilmədiyini etdiyi və 100 illərdir ki, formalaşmış mifləri necə dağıtdığı barədə öz düşüncələrimi bölüşürəm…

 

Səbir insana məqamı düzgün seçmək üçün lazımdır

 

Bəli, səbir, təmkin siyasətçi və ölkə rəhbəri üçün çox vacib xüsusiyyətdir. 17 illik prezidentliyi dövründə, 44 günlük Vətən savaşında Azərbaycanın Ali Baş Komandanının nə qədər səbirli və təmkinli olduğunu gördük. 30 illik işğal dövründə həm Ulu Öndər Heydər Əliyev, həm də böyük siyasi xadim, böyük şəxsiyyət  İlham Əliyev Ermənistan və onun havadarlarının boş-boşuna verdiyi bəyanatları, Qarabağ probleminin həlli istiqamətində özlərinə məxsus “ədalətli” həll axtarışını, guya Azərbaycanın dostu olmaları barədə sözləri, hətta “xoşməramlı” əməkdaşlıqlar kimi vədləri səbirlə dinlədi, bu yalan vədlərə reaksiyalarda qətiyyən emosional olmadı və düzgün zamanı seçib, düzgün qərar vermək kimi bir bacarıq nümayiş etdirdilər.

 

Belə bir deyim var: “Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz”. Möhtərəm Prezidentin nümayiş etdirdiyi davranış  bu deyimin həqiqət olduğunu bir daha sübut etdi. Azərbaycanın öz torpaqlarını danışıqlar yolu ilə olmasa, müharibə yolu ilə alacağı mesajının mahiyyəti, mənası  sonralar hər kəs üçün aydınlaşdı.    “Müharibə başlasa tanklarımız Bakıya kimi gələcək” - deyən düşmənə layiqli cavab olaraq onların növbəti təxribatından sonra, sentyabrın 27-də  əks-hücum  əməliyyatları ilə düşməni doğma torpaqlarımızdan “iti qovan kimi” qovdu.  

 

Budur, Ali Baş Komandanın məqamı düzgün seçmək, vaxtında düzgün qərar vermək bacarığı, istedadı!

 

Bu 30 ildə qarşı tərəf özünü qalib hiss edərək havadarlarının dəstəyi ilə bədnam, qondarma qurumun müstəqilliyinin tanınmasının məkirli xəyalları içində sərsəm addımlar atdı. BMT-nin 1993-cü ildə verdiyi qərarların mahiyyətini dəyişməyə və insanlığa yaraşmayan uydurma təbliğat aparmağa üstünlük verdi. Bunlardan fərqli olaraq Azərbaycan rəhbərliyi ölkənin haqq işini qorumaq, ordunu gücləndirmək, yeni texnologiyalarla müharibə taktikasına yiyələnmək, özünün siyasi nüfuzundan istifadə edərək müxtəlif platformalarda Azərbaycanın ədalətli mövqeyinə dəstək qazanmaq,  xalq-hakimiyyət birliyini gücləndirmək kimi bir yolu seçdi.  

 

Afrika atalar sözündə deyildiyi kimi: “Bir yalan nə qədər sürətli olursa- olsun, həqiqət ona çatıb keçər”. Bəli, bizim həqiqətimiz düşmənin və onun havadarlarının uzun müddət davam edən yalanını dağıtdı, məhv etdi. Ermənistan biabırçı məğlubiyyətə uğradı.

 

Miflərin dağıdılması, yox edilməsi

 

200 ildən çoxdur Azərbaycan qələbə üzünə həsrət idi. Bu dövr ərzində əvvəl rus imperiyası, sonra bolşeviklər başımıza oyunlar açdılar. Öz doğma yurdumuzun ərazilərini parça-parça əlimizdən çıxardılar. Baxın, bolşeviklər Göyçə, Zəngəzur, İrəvan və azərbaycanlılar yaşayan digər ərazilər hesabına Ermənistan dövləti  yaradıb, Dağlıq Qarabağı isə çox çətinliklə (mübahisələrdən sonra) Azərbaycanın tərkibində Muxtar Vilayət statusunda saxlayıblar. Erməni lobbisi, Ermənistandan çıxan xeyli generallar, iş adamları, tanınmış şəxslər, diaspora nümayəndələri Rusiya, Fransa və digər  güclər Ermənistanın arxasındadır kimi  mifləri dünyaya “sırımaqla” bir məğlubedilməz Ermənistan mifi yaratmışdılar. Bir tərəfdən də Rusiyanın media məkanını, dünyanın bəzi xəbər kanallarını həyazıscasına zəbt etmiş erməni mafiyası cəmiyyətdə elə təsəvvür yaratmışdı ki, bizə onlarla informasiya savaşında mübarizə aparmaq qeyri- mümkündür, guya. Ali Baş Komandan Azərbaycan ordusuna və  xalqının birliyinə arxalanaraq bu mifi dağıtdı. Gözümüzü açdı və 200 ildən bəri ən Müzəffər Qələbəmizi qazandıq.

 

Biz təkcə siyasi və hərbi sahədə deyil, həmçinin informasiya müharibəsində də qələbə qazandıq. İnformasiya savaşında həm dövlət, həm vətəndaş cəmiyyəti, həmçinin gənclər çox fəal, çevik və peşakar davrandılar. Budur, Ali Baş Komandanın bacarığı Azərbaycana inam, birlik, qalibiyyət gətirdi. Ali Baş Komandanın özü demiş: “bəs hanı güclü Ermənistan ordusu? Bəs hanı sənin dostların, sənin güclü lobbin?”.

 

Bizim qüdrətli Sərkərdəmiz  ancaq dostuna, illərin sınağından çıxmış qardaş Türkiyəyə və öz xalqına  arxalandı. Möhtərəm Prezidentimiz İlham Əliyev xalqına arxalandı və düşmənin arxasını yerə vurdu...

           

44 günlük müharibə Azərbaycan xalqının birliyinin daha da möhkəmlənməsi kimi də yadda qaldı. Milli mənafeyə xidmət edən bütün siyasi partiyalar, Vətəndaş Cəmiyyəti Təşkilatları, mətbuat, cəmiyyətin müxtəlif qrupları Prezidentin yanında oldu.

 

44 günlük Vətən müharibəsinin sonunda  ZƏFƏR qazandıq.

 

Bəli, Azərbaycan xalqı 200 ildən sonra qələbənin dadını duydu.  30 ilin utancından qurtardıq. Bu sürətli, göz qırpımında baş verən qələbə  uzun müddətli hazırlığın, ağıllı və cəsarətli qərarın nəticəsində baş verdi və bütün dünyanın üzünü Azərbaycana  döndərdi.

 

Bütün dünya TÜRKÜN  böyüklüyünə, azərbaycanlıların mərdliyinə və rəşadətinə şahid oldu. Azərbaycan 21-ci əsrin Zəfər dastanını yazdı. Bu ZƏFƏR tarixinin müəllifi isə QALİB Komandan İlham Əliyevdir. Doğum gününüz mübarək,BÖYÜK İNSAN, CƏSARƏTLİ SƏRKƏRDƏ!

 

İsrayıl İsgəndərov,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru

 



24.12.2020 | 22:58