“Prezident İlham Əliyevin qətiyyətindən yaranan davamlı və dayanıqlı inkişaf yolu”

Lənkəran Dövlət Universitetində (LDU) Ali Baş Komandan İlham Əliyevin  doğum günü münasibətilə  “Prezident İlham Əliyevin qətiyyətindən yaranan davamlı və dayanıqlı inkişaf yolu” mövzusunda  seminar keçirilib.

 

Onlayn keçirilən seminarda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bu əlamətdar günü xalqımız üçün bayram adlandırıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan  İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.

 

Vətən müharibəsinin Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədiyini deyən N.İbrahimov qeyd edib ki, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşib.

 

Ali Baş Komandanın ad gününü düşməndən azad edilmiş torpaqlarda   əsgərlərimizlə birgə keçirməsini böyük Qələbənin böyük Sərkərdəyə bəxş etdiyi ən böyük sevinc adlandıran universitet rəsmisi ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, ali təhsilə göstərilən qayğıdan da söz açıb və LDU-nun timsalında bu yüksəlişi faktlarla şərh edib.

 

Seminarda  LDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyevanın  “Prezident İlham Əliyevin qətiyyətindən yaranan davamlı və dayanıqlı inkişaf yolu” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzə ətrafında  keçirilən müzakirələrdə tədbir iştirakçıları ölkə başçısının çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirib, doğum günü münasibətilə xoş arzularını bildiriblər.

 

 



24.12.2020 | 12:24