488 tələbə sevindi | |
Dünyanı bürüyən pandemiya və onun törətdiyi ağır fəsadlara baxmayaraq, vətəndaşların, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələləri daim dövlətin diqqət mərkəzindədir. Ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Gənclər Fondunun xüsusi sosial ehtiyacı olan istedadlı tələbələrin təhsil haqlarının maliyyələşdirilməsi üzrə səyləri, bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezidentin müvafiq göstərişinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri artıq məlum olub.
2020-ci ilin 5 noyabr – 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən, ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239-u bakalavr, 89-u isə orta-ixtisas təhsili alan tələbələrdir.
Tərəfdaş qurumlarla birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluq meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilib.
Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 tələbənin təhsil haqqı borcları dövlət hesabına ödənilib.
Bu günədək Prezidentin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən qarşılanıb. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Oruc MUSTAFAYEV
|
|
23.12.2020 | 12:25 | |
|
|
|