BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib | |
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini ilə görüşüb. Ali Məktəbin kampusunda baş tutan görüşdə həmçinin Meksika Neft İnstitutunun Məhsulun texnologiyası şöbəsinin müdiri Marko Antonio Osorio Bonilla, Meksika səfirliyində ataşe Mario Fernandez və səfirin köməkçisi Elnur Bağırov da iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqlara BANM haqqında məlumat verib. Rektor bakalavr və magistratura səviyyələri üzrə mütəxəssis hazırlayan Ali Məktəbin yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.
Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron görüş üçün rektor Elmar Qasımova təşəkkür edib. O Meksikanın neft-qaz sektoru və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verib. Qeyd edib ki, institut texnoloji tədqiqat və inkişaf, mühəndislik üzrə tədris və təlimlərin keçirilməsi üzrə ixtisaslaşıb.
Tərəflər akademik əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlərin mübadiləsi, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Cənab Ernesto Rios BANM ilə müəllim və professorların təcrübələrinin mübadiləsi, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mükün olacağını qeyd edib. Görüşün sonunda tərəflər sadalanan işlərin birgə görülməsi haqqında razılığa gəliblər.
Daha sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış şərait, ən müasir laboratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.
|
|
07.06.2018 | 12:51 | |
|
|
|