Azərbaycan sevdalısı Nuri Saryal | |
Bir əsr bundan əvvəl, 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş 102 tələbədən biri də Mirismayıl Seyidzadə idi. Cümhuriyyət tələbəsi olan Mirismayıl Seyidzadənin özündən sonra Türk dünyasına qoyduğu layiqli varisi, Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən olan Orta Doğu Texnik Universitetinin sabiq rektoru, professor Nuri Saryal isə dekabrın 22-də 91 yaşında vəfat edib.
Bu haqda xəbəri N.Saryalın qızı Zümrüt Begüm Ögel özünün Facebook səhifəsində yayıb. "Bu sabah ODTÜ-nun sabiq rektorlarından professor, doktor Nuri Saryalı ani bir ürək çatışmazlığı üzündən itirdik. Çox yaxşı bir ata, sevgi dolu bir insan, dəyərli elm adamı və örnək vətənsevər idi". Uzun illərdir ki, Türkiyənin elm, təhsil ictimaiyyətində adı yaxşı tanınan, Azərbaycan sevdalısı Nuri Saryal kimdir?
Nuri Saryal 1929-cu il sentyabrın 22-də Bakıda anadan olub. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul edib. N. Saryal 1941-ci ildə Türk Maarif Cəmiyyətinin ibtidai məktəbini, 1947-ci ildə isə Atatürk Liseyini bitirib. 1947-1948-ci illərdə İstanbulda Robert Kollecində ingilis dili təhsili alıb. 1948-1952-ci illərdə Robert Kollecinin Mühəndislik Məktəbini əla qiymətlərlə bitirib və maşınqayırma mühəndisi diplomu, 1952-1953-cü illərdə Purdye Universitetində (ABŞ, İndiana) magistr, 1953-cı ildən etibarən Berlin Texniki Universitetində doktorantura pilləsi üzrə təhsil alıb və 1956-cı ildə elmi işini müdafiə edib.
N. Saryal 1952-ci ildən etibarən Maşınqayırma mühəndisləri Otağının, 1965-ci ildə qurduğu Türk İstilik Elmi və Texniki Dərnəyinin, 1962-ci ildən 2004-cü ilə qədər Türk-Alman Mədəni Müzakirə Qurumunun idarə heyətinin üzvü, 1998-ci ildən 2003-cü ilə qədər bu qurumun rəhbəri olub. 1981-ci ildən 1993-cü ilə qədər Türk İstilik Elmi və Texniki Dərnəyinin rəhbəri, 1982-ci ildən etibarən Ankara Humboldt Təqaüdçüləri Dərnəyinin qurucu üzvü, 1982-ci ildən etibarən Dünya Enerji Şurasının Türk Milli Komitəsinin, 1992-ci ildən Almaniyada Magistr təhsilli məzunlar dərnəyinin, eləcə də DAAD-ın (Alman Elm Adamları Mübadilə Dərnəyinin) fəxri üzvü olub. 2001-ci ildən 2009-cu ilə qədər Ankara Humboldt Təqaüdçüləri Dərnəyinin idarə heyətinə rəhbərlik edib. 1992-ci ildə Almaniya Federativ Respublikasının prezidenti tərəfindən birinci dərəcəli Yüksək Ləyaqət Nişanı ilə təltif edilib. Nuri bəy Türkiyənin elektron sənayesinin öndəri "Aselsan" kimi təsislərin qurucularından biri idi.
Görkəmli alim uzun müddət Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin fəallarından olub. Dəfələrlə Azərbaycana səfər edib və bir sıra elmi mərkəzlərlə yaxından tanış olub. Qeyd edək ki, Nuri Saryalın atası Mir İsmayıl Seyidzadə 1917-ci ildə Lənkəran kişi gimnaziyasını bitirib, daha sonra Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxuyub, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməyib. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilib. Mir İsmayıl Seyidzadə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Türkiyəyə mühacirət etməyə məcbur qalıb. Türkiyədə yaşayarkən türkcə “Bakı rüzgarı” adlı kitab da yazıb.
Oruc MUSTAFAYEV
|
|
22.12.2020 | 18:19 | |
|
|
|